“Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi çox əlamətdar hadisədir”. Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından (BMT) sonra dünyanın ikinci ən böyük beynəlxalq siyasi təşkilatı sayılır:
“Bu qurum çoxtərəfli əməkdaşlığın və çoxqütblü dünyanın əsas hərəkətverici qüvvələrindən biridir. Belə bir mötəbər beynəlxalq təşkilata sədrlik etmək ölkəmizin nüfuzunu daha da artıracaq. Hərəkata sədrliyin dünyada mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi ən həssas bir dönəmdə Azərbaycana keçməsi həm böyük məsuliyyət, həm də Qarabağ məsələmizin həlli baxımından əlavə imkanlar deməkdir. Biz hazırki dünya gerçəkliklərində çoxtərəfliliyin, çoxqütblülüyün nə qədər vacib olduğunu bütün çılpaqlığı ilə dərk edirik. Qarşıdakı 3 il ərzində bu beynəlxalq platformanın dünya proseslərindəki önəmli rolunu, nüfuzunu qoruyub saxlamaq bizim üzərimizə düşəcək. Biz bu məsuliyyət yükünü böyük məmnuniyyətlə qəbul etdik. Qoşulmama Hərəkatına sədrlik etməkdən də qürur duyuruq. Ölkəmizin beynəlxalq siyasətin bu cür önəmli aktorlarından birinə çevrilməsi hər bir azərbaycanlının qürur duyacağı məsələdir. Biz ölkəmizi bu yeni beynəlxalq missiyası münasibətilə təbrik edirik”.