“Paşinyan Paris Sülh Forumundakı çıxışında qeyri-peşəkar və naşı siyasətçi olduğunu növbəti dəfə ortaya qoydu”. Bunu Sherg.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
Analitik bildirib ki, Azərbaycanın danışıqlar prosesində iştirakı beynəlxalq hüquqi sənədə əsaslanır:
“Belə ki, ATƏT-in 1992-ci ildə qəbul etdiyi Helsinki yekun sənədində münaqişə tərəfləri çox aydın şəkildə göstərilib. Həmin sənəddə Ermənistan və Azərbaycan münaqişənin bilavasitə tərəfi, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması isə maraqlı tərəflər kimi təsbit olunub. Bu baxımdan, bizim danışıqlar prosesində iştirakımız Paşinyanda təəccüb doğurmamalıdır. Azərbaycanın ona görə Minsk Qrupundan gözləntiləri var ki, biz problemin sülh yolu ilə ədalətli həllində maraqlıyıq. Prezident İlham Əliyev “Valday”dakı məlum çıxışında da, bu aspektə vurğu edir ki, istənilən həll variantı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər. Hələlik sülh yoluna sadiq olsaq da, tarixi torpaqlarımızda irimiqyaslı hərbi əməliyyatlara başlamaq hüququmuzu heç kəs bizdən ala bilməz. Paşinyan bu reallığı nə qədər tez dərk etsə, bir o qədər onun xeyrinədir”.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan iqtidarı bəyanatları təhrif etməyi xoşlayır:
“Prezident İlham Əliyev İrəvana, Zəngəzura qayıdış deyərkən həmin torpaqlardan didərgin düşmüş həmvətənlərimizin öz yurd-yuvalarına dönməsini nəzərdə tutub. Burada qətiyyən işğal niyyətindən söhbət gedə bilməz. Yeri gəlmişkən, Paşinyan özü də həmin çıxışı zamanı etiraf edib ki, azərbaycanlılar Ermənistandan zorla deportasiya olunublar”.