“İxracın artması, yerli istehsal və qeyri-neft sektorunun inkişaf etdirilməsi Naxçıvan Muxtar Respublikanın gəlirlərini artıracaq". Bu sözləri Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Analitik bildirib ki, Naxçıvanın gələcək dövrlərdə iqtisadiyyatda inkişaf tempi yüksələcək və büdcədən, mərkəzdən aldığı dotasiyanın həcmi kifayət qədər azalacaq:
“Naxçıvan Azərbaycanla quru sərhədi olmayan ərazidir və bu gün Naxçıvana dövlətin dəstəyi çox yüksək şəkildə təşkil olunub. Ölkə başçısının da qeyd etdiyi kimi, büdcədən 383 milyon manatdan 300 milyonu dotasiya şəklində verilir. 83 milyon manatı isə Naxçıvanın daxili gəlirləri hesabına formalaşır. Bu gün Naxçıvanda böyük layihələr icra olunur. Yəni qeyd olunduğu kimi, 2003-cü ildə Naxçıvanda enerji təminatında əsas məsələ idxal edilən enerji idisə, bu gün artıq tikilən elektrik stansiyaları sayəsində Naxçıvan elektriki ixrac edən Muxtar Respublikaya çevrilib. Qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində də işlər görülür. Naxçıvan demək olar ki, 100 faiz özünü ərzaq məhsulları ilə təmin edir, taxılla özünü təmin edir. Bu böyük göstəricidir. Təbii ki, burada dövlət başçısının dəstəyi ilə tikilən, həyata keçirilən kənd təsərrüfatı layihələri, suvarma sistemlərinin yenidən qurulması, artezian quyularının qazılması, gəlirlərin bərpa edilməsi və dövriyyəyə əlavə torpaqların daxil edilməsi kimi uğurlara nail olunub”.
Deputat: "Gələcək illərdə Naxçıvanın mərkəzdən aldığı dotasiyanın həcmi kifayət qədər azalacaq"
Parlament üzvü bəyan edib ki, Naxçıvanda sənaye müəssisələrinin tikilməsi istiqamətində işlər aparılır:
“Orada qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritetdir. Həm daxili potensialdan istifadə edərək sənayenin inkişaf etdirilməsi, həm də kənd təsərrüfatının inkişaf etdirilməsi əsas məsələlərdir. Bütün bunlar sayəsində düşünürəm ki, gələcək illərdə Naxçıvanın mərkəzdən aldığı dotasiyanın həcmi kifayət qədər azalacaq. Çünki Muxtar Respublikanın daxili gəlirləri artmaq üzrədir. Ölkə başçısının da qeyd etdiyi kimi Türkiyəyə Naxçıvanda istehsal olunmuş malların satışı ilə bağlı razılıq əldə olunub. Naxçıvan artıq bir çox məhsulları ixrac edəcək”.
Millət vəkili vurğulayıb ki, Naxçıvanda enerji problemi demək olar ki, yoxdur və özünü rahatlıqla təmin edir:
“Naxçıvanda 9 elektrik stansiyasının tikintisi o deməkdir ki, özünü 100 faiz enerji ilə təmin edir və artıq enerji ixrac edir. Yeni bir stansiyanın tikintisi də nəzərdə tutulur, bu, Ordubad çayı üzərində tikiləcək stansiyadır. Stansiyanın istifadəyə verilməsindən sonra Naxçıvanın ixrac potensialı daha da artacaq. Naxçıvanda iqtisadiyyatın inkişaf tempi gələcək dövrlərdə daha da şaxələnəcək. Düşünürəm ki, Naxçıvanın gələcək dövrlərdə iqtisadiyyatda inkişaf tempi yüksələcək. Bundan əlavə Naxçıvanın bu gün siyasi vəziyyəti sabitdir, onun qorunması çox yüksək səviyyədə təmin olunub. Naxçıvan üç tərəfdən düşmənlə əhatə olunmuş bir torpağımızdır və orada hərbi hissələr ən müasir silahlarla təmin olunub. Hərbi hissələrin maddi və texniki təminatı çox yüksək səviyyədədir”.