“Tutdum orucu irəməzanda...”
(I yazı)
Bəlkə elə “bu”, Mirzə Fətəlini dini ağır yük kimi el üstündən qaldırmağa sövq edirdi. Bəlkə elə “bu”, Mirzə Ələkbəri “Harda müsəlman görürəm, qorxuram!..” deyib dindarları qırmanclamağa zorlayırdı. Cəlil niyə “ölülərimizlə ərəbcə, dirilərimizlə rusca danışırıq” – deyirdi, hətta Sabiri dindar olduğuna görə qınayırdı. Təkcə “Bu”mu? Quba, Dəvəçi, Qobustan, Füzuli, Naxçıvan, ta Borçalıya kimi sufi türbələri böyük bir sıra boyunca düzülüb: Diri Baba (Şıx Baba) Qobustanda, Şıx Eyyub, Şax(h) Xəndan, Kələxana türbə kompleksi, Dədə Günəş Şamaxıda, Şıx Dursun, Şıx Məcid Ağsuda, Şıx Babu Füzulidə, Şıx Xorasan (Fəzl Nəimi) Naxçıvanda (bilərəkdən el deyimini - Şıx və Şax kəlmələrini saxlayırıq, qayıdacağıq), və eləcə də bu sıra boyu vaxt “küləyi ilə sovrulmayan” bir çox başqaları. Onlar Azərbaycanda sufi keçmişinin yer üstünə daşla yazılmış heroqlifləridir. Bəlkə Mirzə Fətəli, Mirzə Ələkbər, Mirzə Cəlil din içində (bildiyimiz) Sührəvərdi ilə başlanan, Nəimidən, Nəsimidən keçən, mövhumata, nadanlığa qarşı sufi üsyanın gen yaddaşında oyanışı idi? Bəs “Bu” nəmənə?
Başçılarını (yəqin ki, Sührəvərdi, Nəimi, Nəsimi və bəzi adı bəlli başqaları yalnız sorağı bu günə gəlib çatmışlardır) asıb, məktəblərini dağıtmasaydılar, sufilik yeni bir dini qol kimi, olsun ki, islamda oturuşacaqdı. Necə ki, xristianlıq (əsasən) katoliklərə, pravoslavlara, protestantlara bölünmüşdü, eləcə də islamda bir qol, ayaq üstə durmağı öyrədən, kimsəni qul, kölə görmək istəməyən, dünyanı qılıncla yox, ağlın gücü ilə almaq istəyən sufi qolu ayrılacaqdı. Fərqli yüzilliklərdə xristianlıqda gör neçə bilik ordeni yaranmışdı (Bilik adamlarını birləşdirən İeuzitlər ordeni onlardan yalnız biridir; Sufizmin fransız araşdırmaçısı Massinyon Səfəvi təriqətini “Sührəvərdi dərviş ordeninin Azərbaycan qolu” olduğunu yazır (Vikipediya)).
Hər birimiz üçün başucalığıdır ki, sufilik kimi bilik ordeni Azərbaycanda oturuşmuşdu. Axı intellektual və əqidəli sosial baza olmasaydı bu, baş verə bilməzdi. Təzyiqlərə uğramasaydılar, qaça-qovla yaşamasaydılar, olsun ki, kəsəni bilik olan bu öyrətmə yuvaları Şeyx Şirvani Babakuhi Bakuvini (həmçinin Birunini) araşdıraraq günəşmərkəzli dünya anlayışının Kopernikdən çox-çox öncə elə buralarda yarandığını, etdiklərini kimsənin dana bilmədiyi N. Tusinin hamıdan öncə həm də Evklid həndəsəsindən fərqli həndəsələrin varlığını gördüyünü bilik və bəşər keçmişində oturuşdura bilərdi (Babakuhi Bakuvi on birinci yüzillikdə dünyanın bir yumurta tək yaradıldığını, o yumurtanın sarısının(!) Günəş olduğunu deyirdi; heliocentrik sistem haqqında, bir çoxlarının dediyi kimi, bu fikir ilkindir). Sufi sağaltma təlimi – tibb (ola bilsin ki) Azərbaycanda çox geniş yayılmış sufi məktəbləri olub. Sufi qəbirlərinə, türbələrinə böyük insan axınının üz tutmasında, onların ziyarətgaha çevrilməsində sufi tibbinin böyük rolu olub. Gerçəkdən sağaltma sağaldana inam yaratmış, sonra isə bu inam inanca, sağaldanla ruhi bağlılığa çevrilmiş, dünyasını dəyişsə belə yardım edəcək kimi düşüncənin yaranmasına gətirmişdir. Sağkən sağalmaz xəstəlikləri sağaldanın ruhunun da sağaldacağına insanlar inanırdılar. Olsun ki, bu işdə sufi müridlərinin – öyrənənlərinin də rolu az olmamışdır: insanla kainat, tanə ilə tam arasında harmoniya olması, bir sufi dünyagörüşü kimi müridlər tərəfindən ziyarətçilərə aşılanmışdır.
Əlbəttə, bunlar hamısı deyil. Yaranışından dili üstündə dayanan Azərbaycan sufilərinin Xətai tək dəli şahına uyğun Nəsimi tək dəli də şairi vardı (“Dəlixana” yazısından; başladım, amma bitirməmişəm). İş ondadır ki, dil ədəbi yayılmaqla yanaşı həm də dövlətçilikdə özünə yer edirsə, onda o, el düşüncəsini oyatmaqla el birliyinə gətirir. Bəlkə elə orta çağ Azərbaycan dövlətçiliyinin uğurlu yüksəlişinin bir nədəni də elə budur?!
Təqiblərdən, izlənmələrdən qaçıb uca dağ başını seçmişlər haqqında əfsanələr yaranır, amma bütün bunları primitivləşdirib məişət səviyyəli rəvayətlərə çevirmək, sufilərin ömrü boyu qarşı çıxdıqları xurafata uymaqdan başqa bir nəsnə deyil. Bundan da ağırı odur ki, bilik ordeni daşıyıcıları olan sufilərin Azərbaycanda qoyub getdikləri kapitalın milliləşdirilməsi, el sərvətinə çevrilməsi yerinə, onu, birbaşa anlamda, özəlləşdirməyə çalışırlar. Mal-mülkdən çox, ad-sanla bağlı olan bu özəlləşdirmə sufi seyxlərinin əsl-nəcabətinə yiyə dyrmağa yönəlib. Özəlləşdirmə iki yöndə aparılır: Bir çox şıx nəslindən olanlar sufi keçmişini orta çağda Azəbaycanda oturuşmuş ərəblər və ərəb kəndləri ilə bağlamaqla özlərini də ərəb əsilli kimi qələmə verirlər (sufi kapitalının ərəbləşdirilməsi ilə aparılan özəlləşdirmə); Tərəkəmə əsillilər şıx türbələrini “tərəkəmə-şeyx”lərinin türbələri kimi özününküləşdirirlər (sufi keçmişini saxtalaşdırmaqla aparılan özəlləşdirmə). Azərbaycanın “Tibet tibb”i olan sufi sağaltma məktəblərinin tərəkəmələrlə ünsiyyəti böyük olub. Bunun çox aydın nədəni var. Tərəkəmə həyat tərzi geniş çeşidli dəri və başqa xəstəliklərin yayılmasına nədən olurdu ki, nəticədə tərəkəmələr dəmirov kimi ağır dəri xəstəliyini də sağaldan sufi təbiblərə üz tuturdular. İndi, sufilərə “sayğı” kimi, tamam fərqli həyat sürən tərəkəməyə Seyx rütbəsi verib sufi türbələrini özününküləşdirmək? Bu lap Kafkanın “Kralın çəkməçisi”ndəkiləri xatırladır. Özünü hər yolla krala bənzədən çəkməçi bir gün onu öldürüb yerində oturur ki, heç kim onu kraldan ayıra bilmir: kraldı ya çəkməçi. Tərəkəmələrdə sosial təbəqələşmə necə olubki? Qazan xanla çoban, bəyəm xanlıqda eyni sosial pillədə dayanmışdı? Sufi seyxi rütbəsinin verilməsi orta çağ Azərbaycanında necə baş verirdi? Şeyx rütbəsini kimlər – hansı sosial təbəqənin təmsilçiləri əldə edə bilərdi və bu rütbə, hansı yolla alınırdıki? İstəməzdim ki, kimsə pulla hər rütbənin alınıb satılmasına sufi bilik ordenində də, ola bilən bir iş kimi baxsın. Soruşursunuz ki, bu qədər acı və kəskinlik nədənir? V. V. Bartold “Dәdә Qorqud” kitabının dörd boyunu ruscaya çevirib 1894-1904-ci illәrdә çap etdirdi. O, 1922-ci ilә kimi kitabı bütövlüklә rus dilinә çevirmişdi, amma әlyazmasını vә topladığı materialları Hәmid Araslıya verdi. H. Araslı vә M. Tәhmasib 1938-ci ildә “Dәdә Qorqud”u latın qrafikasında, Bartoldun işlәdiyi “Dәdә Qorqud”u isə 1950-ci ildә rus dilində Bakıda çap etdirdilәr. Tezliklə, ermənilərin “verdiyi iş” əsasında “Dәdә Qorqud”un çapı və öyrənilməsi keçmiş sovetlər ittifaqında qadağan olundu. Nədəni? Ondan yana ki, uzaq keçmişdə, təmiz azərbaycan türkcəsində yazılmış “Dәdә Qorqud” kimi kitabın varlığı, kitabda Göycə, Gəncə kimi coğrafi oylaqların adının çəkilməsi, ermənilərin "bu bölgəyə sonralar gəlmiş tərəkəmə-malabaxan azərbaycanlı” siyasi-tarixi konsepsiyasının üstündən cız çəkirdi. Bilərəkdən ya bilməyərəkdən işə buraxılan “tərəkəmə seyx türbələri” konsepsiyası da eyni istəyə, erməni istəyinə qulluq edir. Bir baxın, peşəsi maldarlıq olan tərəkəmənin sufi seyxi olmamasını çox asanlıqla göstərmək olar (hətta tərəkəmə öz övladını sufilərə müridliyə vermiş olsa belə), o biri yandan, “ərəbçi”lərin yaratdığı sosial bazaya söykəkli, türbələrin köçlə gəlmiş ərəb şeyxlərinə aid olmasını vurğulamaqla, düşmən yenə də, bölgədə nəinki intellektual azərbaycanlı, ümumiyyətlə tarixən azərbaycanlı yaşamaması ideyasını car çəkəcək. Hə də, düşmən dəyirmanına su tökməklə, topluma yeni bir problem yaradılır. Buyurun, düşmən əlinə oynayan nadan akademizminin yaratdığı akademik nadanlıq yenə də, at oynadır. Aydın deyil ki, azərbaycan keçmişinə mal təzəyindən vurulan bu üzlük ya yandırılacaq, ya da vaxt yağışıyla yuyulub aparılacaq?! Düşünürük ki, hər iki cərəyan tərəfdarlarının Azərbaycanda sufi ordeninin gəlişməsini dərindən öyrənməsi, onları yanlış yoldan çəkindirər. Sufiliyin “Qadiriyyə, Sührəvərdilik, Hürufilik, Səfəvilik və Xəlvətilik” tama-tanrıya tapınma yollarının – təriqətlərin yaradıcıları və tanınmış şeyxləri etnik mənşəcə Azərbaycan türkləridir. Təriqətlərin yaranma və formalaşma yeri də Azərbaycandır. Ona görə də bir çox araşdırmaçılar haqqlı olaraq bu təriqətlərin vətəni kimi başdan – başa sufilər diyarı olan Azərbaycanı göstərirlər (Wikiwand).
Azərbaycanın keçmişini kirləndirməkdən qaçılsa yaxşı olar. Bir qədər sonra görəcəyik ki, iş bununla bitmirmişki.
Dildən söz düşmüşkən, gəlin qayıdaq yuxarıda dediyimiz “Şıx Eyyub”, “Şax Xəndan” və “Şıx Dursun” kəlmələrinə. Hər bir kəs çəkinmədən deyəcək ki, “Şıx Eyyub” və “Şıx Dursun” kəlmələrində “Şıx”, “Şeyx” sözündən dönmədir. Bəs “Şax”? O, “Şıx”dan yox “Şah”dan dönüb? Son vaxtlar ədəbi dildə yalnız “Şah Xəndan” yazılır. Gəlmə sözlərlə öz sözlərimizin dildə yaşamaq, qalmaq uğrunda savaşı elə bugün də, sürür. Özgə yuvasına yad yumurta atan Bupbunun balası yumurtadan çıxar-çıxmaz yuva yiyəsinin balalarını çölə atdığı kimi, gəlmə sözlər də dilimizdən sözlərimizi sıxışdırıb çıxarmağa çalışıb. Amma bugünə kimi ... dayananlar da, var: “uzun” sözü eyni anlam verən “dıraz” sözünün “qarşısından qaçmayıb”, ondan yana elə indi də, çox vaxt “uzun-dıraz” deyirik. Bugünə kimi dilimizdə işlədilən belə qoşa sözlər çoxdur. Başqa bir halda, “allah” sözü dilimizdən “tanrı”nı sıxışdırdıqda, “ey gözəgörünməz allah” – deyirik. Ona görə ki, “tanrı” sözünün anlamı “gözə görünməyən əlçatmaz” deməkdir (bax, “Dilimizin “Tanrı”sı”), yəni “tanrı” ilə “allah”ı da qoşa işlədirik. Əksi də baş verib: gəlmə sözlərin özününkiləşdirilməsi. “Şıx” sözü də, belələrindən biridir, “Şeyx” sözünün özününkiləşdirilməsindən törəyib. Eləcə də “Şax” sözü “Şıx” sözünün dilimizdə çevrilməsidir, daha “Şah”dan törəməyib. Geriyə qayıdış yəqin ki, belədir: “Şax Xəndan”- “Şıx Xəndan”- “Şeyx Xəndan”. Axı “Şeyx Xəndan” orta çağda kimliyi bəlli olamayan hansısa Şah Xəndanın qəbri deyil, sufi türbəsidir. Nəsiminin də qardaşının sufi şeyxi olması ehtimalı daha böyükdür. Heç bir qaynağa söykənməyən “qardaşının adı Şah olub” deyimi çətin ki, elmi əsaslandırıla bilər. Analoji misal çəkmək olmur, sufi türbələrinin, az qala, hamısının adı “şıx”la başlayır. “Şax Xəndan”nın Azərbaycanı bürüyən şıx türbələri sırasında bir bənd olması bu fikri tamamlayır: “Şax Xəndan”= “Şıx Xəndan”. Olsun ki, Şamaxı sözü də, “samux-samax-şamax-şamaxı” gəlişməsini yaşayıb. Kim bilir, bəlkə də əksinə, “samux” özü “şamax”dan törəmədir. Araşdırma gərəkdir. Amma hər necə olursa olsun, bir nəsnə aydındır: bölgədə “şa” deyimi düşüncədə oturub və “şıx”ın “şax”a çevrilməsində etgisi az deyil. Bu söhbətin istəyi odur ki, heç nəyi dəyişməz Quran ayəsinə çevirmək gərək deyil. Dəyişmə, özü də yaxşıya və düzə doğru dəyişmə, yaşam tərzi olmalıdır. İşin yaman tərəfi odur ki, Nəsiminin Şah adlı qardaşının olmamasını göstərməklə, türbənin Nəsiminin qardaşına aid olmaması, Nəsiminin Şamaxıdan olmaması, Nəsimini ümumiyyətlə Azərbaycanla bağlayan heç nəyin olmaması göstərilmış olar. Yenə də xırda bölğə akademizmi, yoxsa ... ?
Çoxları düşmənlə heç vaxt intellektual döyüşdə olmayıb, bunun hərbi savaşdan qat-qat ağır bir iş olduğunu bilmir və kimlərlə hansı oyunda olduqlarını anlamırlar. Deyirlər, lap çoxdan, bir malağan Çuxuryurddan Ağsuya, Qalalı dəyirmanına, üyütmək üçün cır-cır araba ilə dən aparırmış. Aşağı düşdükcə istilənən malağan özünü kol dibinə verib dincəlmək istəyir. O, qaratikan kolu dibində qıvrılıb yatmış qara ilanı görüb, necə deyərlər can deyərək, onu sığallamaq üçün əlini onun başına çəkir. Qayıtmadığını görüb ardınca gələnlər onun şişmiş gövdəsini arabaya yükləyib geri qaytarırlar. Bu söhbətin canı odur ki, yüzillərlə tumarlamışıq, amma çalıblar. Tutuşduranda, gürzə, dəyməsən çalmayan bir canlı “xeylağ”ıdır. Deyim ki, intellektual döyüşdə təkcə nəzəri bilik bəs etmir, qarşı tərəflə üz-üzə gəlmək, elə qabaqcadan görünməyən nəsnələri ortalığa çıxarır ki ... . Çaykənd olayları dövrü idi. Gecəyarıya az qalırdı. Telefon səsləndi, götürdüm (Moskvada). Dedilər ki, sabah ermənilər Rusiya parlamentində, Çaykənddə insan haqlarının pozulmasına baxılmasını Parlamentin iclasına çıxarırlar. Cəmi bir neçə kəsə xəbər edə bildim. Ertəsi gün Moskvadakı Azərbaycan nümayəndəliyində (Stanislavskaya, 16-da) öncə hökumət nümayəndəsini xəbərdar etdik. Dedilər ki, bilirik, amma iştirak etməyəcəyik, bu Azərbaycanın iç işlərinə qarışmaqdır. Ermənilərin məsələni çox bic qoymasının (insan haqlarının pozulmasına baxılması sınır tanımır) deyilib-danışılması kömək etmədi. Beş nəfərlə Parlamentə yollandıq. Moskvadakı bütün erməni lobbisi, Stravoytovanı da, Ermənistandan gələnləri də içinə almaqla burada idi.
Çıxışlara yazılmaqdan yana “Rəyasət”ə yaxınlaşdıqda, dedilər ki, rəsmi təmsil olunmadığınız üçün sizlərə söz verilməyəcək (birinci gözlənilməzlik), baxmayaraq ki, biz “Moskvada Azərbaycan İctimaiyyəti” komitəsini təmsil edirdik. Özü də bunu, demokratiyadan dəm vuran, hələ bundan sonra adam olası Adamıç (O vaxt parlamentdə “insan haqları komitəsi”nin sədri olan Sergey Kovalyov) edirdi. Yanındakı müavini, Arjannikov da eyni fikirdə idi. Yalnız bir nəfər çıxış edə bilər, qalanlarsa ancaq yazılı fikir bildirə bilərdi, belə qərara gəldilər. Toplantının gedişini çox bic (onlarçun korrect) qurdular, birinci söz bizim bir nəfərə veriləcəkdi. O da, deyilməsinə baxmayaraq ki belə etmək olmaz, nümayəndəliyin dediklərini təkrar etdi (ikinci gözlənilməzlik). Buyurun, başqaları və özümüzünkilər tərəfindən uduzdurulmuş durumdan işə başla. Hamı pessimizm içində turş üzlə bir-birinə baxırdı. Bir nəsnə aydın idi, qaçmaq olmazdı. Stravoytova, şalvar qırmızısı işıq saçan generalitet, başqaları çıxış edib Azərbaycana döşəməyə başladılar. Sıra Ermənistanın baş prokurorunun birinci müavininə çatdı və o, Azərbaycanda insan haqlarının pozulmasından danışmağa başladı. Artıq vaxtdır deyib birincı yazını “Rəyasət”ə göndərdim: “Ermənistandan çox qısa vaxt kəsiyində iki yüz mindən çox insan qovulub, bu qədər insan öz xoşunamı ev-eşiyini tərk edib? Yüzlərlə insan qətlə yetirilib. Zorla ev-eşiyindən qovulma, qətllərlə bağlı hansı cinayət işləri qalqırılıb (çox qısa yazırdıq)?”. Kovalyovun bu yazımızı ucadan oxuyub ardınca, bax bu sualı mən də sizə verərdim, deməsi(!), Baş prokuror müavinində və erməni lobbisində şok effekti yaratdı. Bu sadə sualı cavablandırmaqmı olardı?! Bizimkilərin qırışığı açıldı. Suallar ard-arda erməni üstünə yağdı. Gah Kovalyovun, gah da Arjannikovun “bu sualı mən də verərdim” deməsi, erməni tərəfi çox güclü sarsıdırdı. Bir qapıya oynamağa öyrənmişlərin, dili, səsi kəsilmişlərin yalnız yazılı sözü qarşısında aciz qalması toplantıda “havanı” dəyişdirdi. Təzyiq altında qalan Kovalyovun - “Biz yalnız may olaylarına qiymət vermək istəyirik” deməsinə, biz gecikdirmədən – “Çox yaxşı, may olaylarımı deyirsiniz. Onda belə çıxır ki, 1945-ci il mayın birindən doqquzuna kimi, bütün dünya Berlində faşistlərə qarşı əməliyyat keçirməklə insan haqlarını pozurdu. Baş verənləri öz keçmişindən ayıraraq dəyərləndirmək olmaz.” – cavabını yazdıq. Bununla da, “hakimlər” fasiləyə getdi. “Hakimlər”in qərarı bizim üçün də, gözlənilməz idi: “Azərbaycan tərəfin (hansı ki, bizi tərəf saymamışdılar) gətirdiyi faktlar tutarlı olduğundan komitə Azərbaycanda insan haqlarının pozulması ilə bağlı heç bir qərar çıxarmır. Təklif edilir ki, Azərbayacan tərəfi faktları baxılmaq üçün komitəyə çatdırmaqla, həm də rəsmi iştirak etsin”. Siz bu uduzdurulmuş durumdan qalib çıxmışların üzündə “sevinci” görəydiniz. Hər bir kəs ayı öldürmüş ovçu kimi görünürdü, heç bir ... sevinc yox idi. O vaxt bu xəbər, çox yeyin şəkildə bütün parlament üzvləri və Moskvada hədsiz çox olan siyasi təşkilatlar arasında yayıldı. Erməni lobbisi revanş götürmək istəyi ilə 1991-ci il mayın 8-də Mossovetdə “Moskva intelgensiyası ilə görüş” adı altında toplantı təşkil etdi. Bu dəfə də, tam gizlinlik prinsipləri ilə hazırlanan toplantı haqqında son anda xəbər tutduq. Xəbər etdiyimiz kəslərin sayı onsuz da, çox deyildi. Gələnlər isə, cəmi üç nəfər oldu. Həmin vaxt Azərbaycandan Moskvaya gəlmiş bəzi kəslərə xəbər edilsə də, gəlmədilər. Hə, baxın, erməni “ordu”suna qarşı döyüşə cəmi üç nəfərlə, onlardan da biri rus. Heç birimiz nəinki dilinə, heç ağlına belə gətirmədi ki, qayıdağın. Mossovetdə “Qirmızı zal”da keçiriləsi toplantınının yerini dəyişib “Mərmər zal”a keçirdilər. Moskva intelgensiyası adı altında, gözlədiyimiz kimi, əsasən ermənilər toplaşmışdı. Yenə də, tanıdığımız üzlər. Türk ad-soyadına “yan” artırmışlar (məsələn, elə Əlixanyan), həmişəki kimi daha çox canfəşanlıq edirdilər. Toplantının aparıcısı, “DDR”-in (Dvijenie “Demokratiçeskaya Rossiya”) rəhbərlərindən biri olan Ponamaryov söz vermək üçün bizə sarı çox baxsa da, tərpənmirdik. Ona, yəqin ki, elə gəlirdi ki, biz bu “erməni ordusu” qarşısında, zalda görünməyəcək qədər kiçik olan üç nəfərlə qorxub çəkilmişik. Daha bilmirdi ki, yanımdakını yanlış addım atmaması üçün zorla tutub saxlayıram. Ermənilərin içərisində “əsas kötük” çıxış edib qurtardı, maksimumdan düşmə başladı. Bu vaxt “getdik” deyib Ponamaryova əl etdim. O, bizdən əlini üzmüşdü və bunu gözləmirdi. Çox sevincək, sözü bizim komandaya verdi. Döyüş düzgün quruldu, “Rusiya Parlamenti”ndə buraxılmış yanlışlıqlara yol verilmədi. Tezliklə, çıxışlara reaksiya kimi, ermənilərin təpik döyməsindən zal toz-dumana büründü. Məncə, on yeddinci ildən sonra burada belə toz qopmamışdı. Bizə qarşı artıq başlanmış söyüş, rus çıxış etdikdə qulaqbatırıcı oldu. O, ermənilərin üzünə, onların messianizmlə xəstələndiklərini söylədi (messianizm dedikdə, hər hansı bir xalqın bəşər taleyində müstəsna rol oynaması başa düşülür). Ponamaryov iclası dayandırdı. “Lobbi” yenə də, məğlub durumda qaldı. Aparıcılar, Ponamaryov da həmçinin, pərt görünsələr də, gözlərində gizlin bir sevinc işartısı vardı. Demokratiya adı altında, erməni mafiyasının istəyinə cavab verən belə oyunlara çəkilmələri, bilirdilər ki, onları gözdən salır. Şəxsi söhbətlərdə bütün bunları biz onların üzünə çırpırdıq. Sonluğun belə bitməsilə, sanki təsəlli tapırdılar. Ponamaryova söz atdım ki, Moskva intelgensiyası dedikdə “bunlar”mı başa düşülür? – Bəyəm onların içərisində intelligent vardımı, cavabını verdi. Məğlub durumda, tələm-tələsik zalı tərk edən ermənilərdən fərqli olaraq bir çox insan zalda qalıb bizə yaxınlaşdı. Televiziyalar göstərmir, qəzetlər yazmır, biz Qafqazda olayların belə olduğunu bilmirdik, dedilər. Bir başlıca nəsnə də odur ki, bütün bunlar vəzifə yox, vətəndaş borcu kimi yerinə yetirilirdi, kiməsə hesabat verilmirdi, tələm-tələsik Azərbaycana zəng vuraraq kimlərəsə çatdırılmırdı. Bu, vaxtı ötmüş söhbətləri danışmaqda istək odur ki, hansı yırtıcı bir düşmənlə üz-üzə dayandığımızı bir daha yada salaq, biz yatsaq da, onlar yatmır, daim işləyir, planlar qurur, yanılmağımızı gözləyirlər. Yanılmasaq, “ordu”larına qarşı bəzən bir nəfər də bəs edər. Ona görə, dışdan təpgi azmış kimi, içəridən də, düşmən əlinə oynayan “nadan akademizmi”, gəlin işə buraxmayaq. Yanılmaq haqqımız yoxdur.