Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın müdafiəsi üçün istifadə olunması çağırışını bir daha təkrarlayIb.
Sherg.az xəbər verir ki, Zelenski Niderland Parlamentindəki çıxışında tərəfdaşları ilə birlikdə təkcə qan tökülməsini dayandırmaq üçün deyil, həm də Rusiyanın sərhədləri yaxınlığındakı vəziyyəti daimi şəkildə dəyişmək üçün çalışdıqlarını vurğulayıb. Məqsədlərinin Rusiyanın bir daha müharibə başlatmaq imkanı əldə etməməsi olduğunu deyən Zelenskiy əlavə edib: “Bu, eyni zamanda Rusiyanın nəhayət hüququn aliliyi ilə yaşamağı öyrənməsi ilə də bağlıdır. Bu isə yalnız real məsuliyyət olduqda, təcavüzkarın cəzalandırılmasının qaçılmaz hala gəldiyi zaman mümkün ola bilər.”
Hazırda Avropa liderlərinin gündəmində Rusiyanın dondurulmuş aktivləri ilə bağlı kritik qərarın olduğunu xatırladan Zelenski, həmin aktivlərin böyük hissəsinin Avropada yerləşdiyini diqqətə çatdırıb. O, bu vəsaitlərin Rusiyanın təcavüzünə qarşı istifadə edilməli olduğunu bildirərək deyib: “Bu Rusiya aktivləri Rusiyanın öz təcavüzünə qarşı müdafiə məqsədilə tam şəkildə istifadə oluna və olunmalıdır. Təcavüzkar öz bədəlini ödəməlidir. Bu, həm də ədalətin Rusiyanın həqiqətən hiss edəcəyi formada bərqərar olunması deməkdir.”
Çıxışında Rusiya Prezidenti Vladimir Putinin düşüncə tərzi barədə də fikirlərini bölüşən Zelenski Rusiyada pula verilən önəmi vurğulayaraq bildirib: “Putin insanlara inanmır. O, yalnız gücə və pula inanır. Ruslar ölənlərini saymırlar, amma itirdikləri hər dolları və hər avronu sayırlar. Məhz buna görə Rusiya pulu ilə bağlı qəti qərara ehtiyac var. Bu vəsaitlər Rusiyaya qarşı müdafiə üçün işləməlidir. Sizi bunu dəstəkləməyə çağırıram.”