“Prezident İlham Əliyevin fəaliyyəti dövründə məhz vətəndaş amili, vətəndaş maraqları həm xarici, həm də daxili siyasətimizin əsas prioritet istiqamətini təşkil edib”. Bunu Sherg.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
Analitik bildirib ki, Prezident İlham Əliyev vəzifəyə təyin etdiyi məmuru şəxsən qəbul edir, onunla apardığı müzakirələr, tutulan iradlar ictimaiyyətə təqdim olunur:
“Prezidentin bu qəbullarda ifadə etdiyi fikirlərdə məmurların vətəndaşların yanında olması məsələsi xüsusi vurğulanır. Bunlar onu deməyə əsas verir ki, müasir dövrdə Azərbaycan vətəndaşının marağı əslində dövlətimizin prioritet hesab etdiyi əsas vəzifədir. Şübhəsiz ki, cənab Prezidentin istər yerli, istərsə də mərkəzi icra orqanlarının rəhbərlərinə verdiyi tapşırıqlar, onların qarşısında qoyduğu vəzifələr uğurla icra olunmaqla dövlətimizin daha da möhkəmlənməsinə, xalqımızın sosial rifahı və təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verəcək. Sosial siyasət deyəndə təkcə pensiya və müavinətlərin, əməkhaqlarının artırılması nəzərdə tutulmur. Sosial siyasətin müxtəlif istiqamətləri mövcuddur. Bu istiqamətlər içərisində müxtəlif infrastruktur layihələrin icrası, məktəb və xəstəxanaların tikilməsi, o cümlədən əhalinin enerjiyə olan tələbatının ödənilməsi dayanır.
Bu gün Azərbaycan daxili tələbatını enerji sahəsində ödəyir, hətta regionun və bütövlükdə qlobal enerji təhlükəsizliyinin təmin olunmasına müəyyən töhfələr verir. Azərbaycan Avropanın enerjiyə olan tələbatının ödənilməsində üstün rol qazanmaqla həm də özünün beynəlxalq münasibətlər sistemindəki mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir”.
C.Əhmədlinin sözlərinə görə, müstəqil Azərbaycan Respublikasının istər xarici, istərsə də daxili siyasətdə əsas təməl prinsipi əhalinin sosial rifahının yüksəldilməsidir:
“Bütövlükdə baxsaq, görərik ki, Azərbaycan mahiyyət etibarilə sosial dövlətdir. Və ötən 15 illik tarixə qısa nəzər salsaq, görərik ki, istər əməkhaqqının artırılması, istər infrastrukturun genişlənməsi, istərsə də həssas təbəqəni əhatə edən vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində atılmış tədbirlər bütövlükdə Azərbaycan xalqının həyatına əhəmiyyətli dərəcədə təsir göstərdi”.