“Vətəndaşların deputatlara Yeni il bayramında 730 manat əlavə pul mükafatı verilməsinə qıcıq olmasını anlayışla qarşılamaq lazımdır”. Bunu Sherg.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
Ekspert vurğulayıb ki, əmək haqqlarının aşağı olduğu bir dövrdə millət vəkillərinin əmək haqqından əlavə tez-tez pul mükafatı alması xəbəri ictimaiyyətdə xoş qarşılana bilməz:
“Narazılıq həm də onunla əlaqədardır ki, deputatların fəaliyyəti ilə bağlı çox ciddi narazılıq mövcuddur. Əgər parlamentdə vətəndaşa xidmət edən, seçicilərin problemlərini gündəmə gətirən və həlli yolunda addımlar atan deputat korpusu olsaydı, insanlar millət vəkillərinə verilən mükfatı anlayışla qarşılayardı. Qıcıq yaradan əsas səbəb odur ki, buraxılan parlament üzvlərinə qarşı cəmiyyətdə haqlı aqressiya var. Aparılan sorğular da göstərir ki, nüfuz nöqteyi-nəzərindən ən aşağı qurumlardan biri, Milli Məclisdir. Vətəndaşlar öz problemlərinin həllini gözləyir, amma deputatlardan hərəkət görməyəndə istər-istəməz parlamentarilərə qarşı pis münasibət formalaşır. Bu da seçicilərin yox, birbaşa deputatların günahıdır”.
İqtisadçı vurğulayıb ki, bir çox ölkələrdə qəbul edilmiş qızıl qayda var:
“Deputatların maaşı ilə minimum, yaxud orta əmək haqqı arasında kəskin fərq olmamalıdır. Bizdə deputat maaşı minimum əmək haqqından 20 dəfə, orta aylıq əmək haqqından isə 8 dəfə çoxdur. Belə kəskin fərqlərin olması vətəndaş tərəfindən heç də birmənalı qarşılanmır. Əgər deputatlar normal fəaliyyət göstərsələr, insanların xeyrinə olan qanunların çıxmasına çalışsalar, cəmiyyət bu tipli xəbərlərə qıcıqla yanaşmaz”.
Qeyd edək ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Milli Məclisin deputatlarına əlavə pul mükafatı verilib. Bunu Vəhdət Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.