“Düşünürəm ki, vəziyyətin ciddiyətini anlamayan və qaydalara əməl etməyən şəxslərə dövlət tərəfindən hətta bir qədər sərt addımlar atılmalıdır”
Koronavirus dünyada sürətlə yayılır. Dövlət qurumları insanları virusa yoluxmadan qorumaq və pandemiyanın qarşısını almaq üçün hər gün yeni qadağalar tətbiq edirlər. Bununla belə hələ də bəzi insanlar təhlükənin real olduğunu başa düşmür, hətta infeksiyanın olmadığı iddia edir və ya deyilənlərin obyektivliyini şübhə altına almağa çalışırlar. Başa düşmək lazımdır ki, dövlət nə qədər çox iş görsə də, öz vətəndaşını qorumağa çalışsa da, vətəndaş özü özünü qorumasa, məsuliyyətli olmasa, deyilənləri ciddi qəbul edib çağırışlara, qaydalara riayət etməsə, hər gün özünü, ailəsini, uşaqlarını, qonşularını və ümumiyyətlə cəmiyyəti ciddi təhlükə qarşısında qoymuş olacaq. Bu gün ən vacib, yoluxmamağa zəmanət vetən və xəstəliyin acı nəticələrindən müdafiə edən yeganə vasitə evdə oturmaq, infeksiyaya yoluxmamaq və digərlərini yoluxdurmanaqdır.
Millət vəkili Hikmət Babaoğlu isə “Sherg.az”a açıqlamasında deyib ki,Cənab prezidentin vətəndaşların milli həmrəyliyə çağırışı məhz bu cür anlaşılmazlıqların aradan qaldırılmasına yönəlik bir çıxış idi. Eyni zamanda da bu günə qədər koronavirusla bağlı görülən tədbirlərin hesabatı kimi insanlara vəziyyətin nə qədər ciddi olduğunun izahı:
“Bu hesabat zamanı bəlli oldu ki, Azərbaycan vaxtında və düzgün qərar verib. Adətən fövqəladə vəziyyətlərdə liderlərin davranışları mühüm əhəmiyyət kəsb edir. Ayrı-ayrı ölkələr fonunda görürük ki heç də bütün liderlər qətiyyətli addımlar ata bilmədilər”.
Millət vəkilinin sözlərinə görə, ölkə başçısının vətəndaş məsuliyyəti ilə bağlı çağırışına əhali reaksiya verməli və bir yumruq kimi birləşməlidir: “Biz milli birlik və həmrəylik adət-ənənələrimizə söykənərək bu virusa qalib gələ bilərik. Bir xalq kimi bizim formalaşmış adət-ənənələrimiz var. Bu ənənələrdən doğan rituallar zamanı xalq özünün kütləvi davranış modelini nümayiş etdirir. Bu pandemiyaya qarşı mübarizə istiqamətində verilən qərarlar və tövsiyyələr də eyni qaydada sinxron həyata keçirilməlidir. Hər bir vətəndaş Operativ Qərargahın, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə və qərarlarına əməl etməlidir. Pandemiyanın Azərbaycanda geniş vüsət almaması üçün cəmiyyətin üzvləri bir-birlərinə qarşı diqqətli olmalı və yardım göstərməlidirlər. Bu baxımdan maarifləndirmə işləri davam etdirilməlidir. Düşünürəm ki, vəziyyətin ciddiyətini anlamayan və qaydalara əməl etməyən şəxslərə dövlət tərəfindən hətta bir qədər sərt addımlar atılmalıdır.
Təşvişə düşmədən qarşımızdakı təhlükənin real olduğu dərk edib, atacağımız hansısa məsuliyyətsizliyin acı nəticələrə gətirib çıxarma ehtimalını unutmamalıyıq”.
H. Babaoğlu deyib ki, koronavirus pandemiyasına qarşı mübarizə sadəcə səhiyyə sisteminin peşəkarlığı və ya karantin tədbirlərinə riayət etməklə kifayətlənmir:
“İşin maddi tərəfi də ciddi məsələdir. Və biz bu problemin həlli üçün də ölkə başçısının timsalında xalqın necə həmrəylik nümayiş etdirdiyinin şahidi olduq. Prezident İlham Əliyev özünün bir illik əmək haqqını bu fonda ianə etdikdən sonra imkanlı təşkilat və müəssisələr, eyni zamanda ayrı-ayrı vətəndaşlar ölkə başçısının koronovirus təhlükəsinə qarşı maddi müstəvidə səfərbər olmaq niyyətini dəstəklədilər. Daim ümummilli mənafelər ətrafında səfərbər olmağı bacaran xalqımız , onun ayrı-ayrı fərdləri bu təşəbbüsü yüksək qiymətləndirərək öz imkanları çərçivəsində Fonda ianələr ayırmağa başladılar. Digər təqdirəlayiq hal isə koronavirusa qarşı mübarizədə Azərbaycanın özünün “Yol xəritəsi” ni müəyyənləşdirməsi idi. Azərbaycan bu məsələdə Avropa ölkələrinin səhvlərini təkrarlamadı. Əksinə bizim gördüyüm işlər bir çox ölkələr üçün nümunə oldu. Çünki bizim dövlət bu pandemiya ilə mübarizədə soyuqqanlı və səmərəli qərarlar verdi. Bu gün virusun tüğyan etdiyi ölkələr vaxtında reallığı qəbul edib, təhlükəni ciddiyə almadıqları üçün böyük fəlakətlə üzləşiblər”.