"Xəstə və ya xəstəliyə şöbhəli insanlarla eyni məişət əşyalarını istifadə etməyin, onlarla yaxın təmasdan qaçın"
“Koronavirus hava-damcı yolu ilə yayılan kəskin respirator virus infeksiyasıdır. Bu infeksiya yaşlılara, sağlamlıq problemi olan, immun sistemi zəif olan insanlara daha tez təsir göstərir. Adətən uşaqlar bu xəstəliyi yüngül və fəsadsız keçirirlər”.
Bu sözləri həkim - infeksionist Azər Nağıyev deyib.
İnfeksionist qeyd edib ki, koronovirus, bir insandan qrip virusuna bənzər şəkildə asqırma və öskürmə nəticəsində hava-damcı yoluyla digər insanın yuxarı tənəffüs yollarına ötürülür. İnfeksiyalaşmış əşyalardan da infeksiya ötürülə bilər.
Quru öksürək, qızdırma, halsızlıq, boğaz ağrısı, burun axması, əzələ ağrıları, təngənəfəslik, böğulma, ishal, ürəkbulanma, qusma, iştahsızlıq xəstəliyin əsas klinik əlamətləridir. Xəstəliyin diaqnozu yuxarı tənəffüs yollarından götürülmüş möhtəviyyatların müayinəsi ilə qoyulur.
Koronavirusun hazırda spesifik müalicəsi və peyvəndi olmadığını xüsusi vurğulayan həkimin sözlərinə görə, dünyada çoxlu sayda mütəxəssislər bu problemin həlli üçün durmadan çalışır:
“Günümüzdə müalicə hələlik simptomatik preparatlarla aparılır. Qızdırma salınır, ağciyər çatışmazlığı varsa dəstək verilir. Hər hansı bir antibiotikin bu viruslara təsiri sübut olunmayıb. Koronavirusdan qorunmaq üçün qida rasionunda tərəvəz və meyvələrə (vitamin C ilə zəngin olan) üstünlük verilməli, gündəlik 2 litrdən az olmayaraq maye qəbul edilməli, bitki çaylarına üstünlük verilməlidir. Sanitar-gigiyenik qaydalara riayət etmək lazımdır. Hər bir insan təkcə özünü deyil, eyni zamanda ətrafını da düşünüb gigiyenik qaydalara ciddi əməl etməlidir. Epidemiyadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etmək mütləqdir.
Əllərinizi tez-tez, 20 saniyədən az olmamaqla su və sabunla yuyun. Su və sabun olmazsa alkohol və əl dezinfektanlarından istifadə edə bilərsiniz.
Öskürərkən və ya asqırarkən, ağzınızı və burnunuzu kağız salfetlə örtün və silin, sonra isə salfeti mütləq zibil qutusuna atın.
Kirli əllərlə ağzınıza, burnunuza və gözləriniz toxunmayın.
Xəstə və ya xəstəliyə şöbhəli insanlarla eyni məişət əşyalarını istifadə etməyin, onlarla yaxın təmasdan qaçın.
Qapı dəstəkləri və buna bənzər tez-tez toxunulan səthləri nəm üsulla təmizləyin və əgər dezinfeksiyaedici varsa, dezinfeksiya edin.
Xəstə insanların vaxtında tibb müəssisələrinə müraciət edərək müayinə olunması həm xəstəliyin vaxtında aşkar edilərək müalicə olunmasına, həm də xəstəliyin yayılmasının qarşısını alınmasına səbəb olur”.