Hazırda bir çox ölkələrdə koronavirusla bağlı intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, qısa müddətdə infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmayıb.
Vətəndaşlarımız mümkün qədər məsuliyyətli olmalı, Ümumdünya Səhiyyə Təşkilatının və tövsiyələrinə riayət edib, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməlidir.
Siyasi şərhçi Azər Həsrətin də qeyd etdiyi kimi Azərbaycan dövləti hər şeyi edir ki, xalqımız koronavirus bəlasından mümkün qədər az itki ilə qurtula bilsin. Özəlliklə də önləyici tədbirlərə üstünlük verilməsi indiki an üçün durumun pis olmadığını deməyə əsas verir:
“Dünən üçün dünyada yeni növ koronavirusa yoluxduğu aşkar edilənlərin ümumi sayı 785 min 715 nəfər olub ki, onun da 273 nəfəri Azərbaycanın payına düşüb. Ölüm hallarına gəlincə, dünya ortalaması hər milyon nəfərə 4,8 nəfər təşkil edir. Azərbaycan üzrə isə bu rəqəm 0,4 nəfərdir. Bəllidir ki, bizdə martın 30-na qədər olan dövr üçün virusdan ümumi ölüm halı cəmi 4 dəfə qeydə alınıb. Yəni dövlət indiki mərhələdə yoluxanların həyatda qala bilməsi üçün ciddi tədbirlər görməyi bacarıb. Əhalisi çox və iqtisadiyyatı güclü olan dövlətlərdə bu rəqəmlər qorxuncdur. ABŞ-da martın 30-na kimi hər milyon nəfərdən 10-u koronavirus üzündən həyatla vidalaşıb. Avropa ölkələrində isə daha dəhşətli durum var.
İtaliyada hər milyon nəfərə 192, İspaniyada isə 165 nəfər dünyasını dəyişib. Niderlandda 50, Fransada 46, Belçikada 44, İsveçrədə isə 41 nəfərdir bu rəqəm.
Göründüyü kimi, dünyanın ən inkişaf etmiş ölkələri virusla mübarizədə əməlli-başlı çıxılmaz durumdadır. Bu da səbəbsiz deyil. Çünki o dövlətlər önləyici tədbirləri vaxtında görmədilər, ona görə də indi nəticələrinə qatlaşmaq zorundadırlar”.
A.Həsrətin fikrincə, ölkəmizdə indiki anda durum o qədər də qorxulu olmasa da insanlarımız bəzən məsuliyyətsiz davrandığı üçün biz də İtaliyanın, İspaniyanın gününə düşə bilərik:
“Məsələnin ciddiyyətini nəzərə alaq, lütfən. Baxırıq, insanlarımız sərt karantin tələblərinə hələ də dırnaqarası yanaşır. Küçələr adamla doludur. Maskasız gəzənlər də az deyil. Düzdür, bunu maska tapılmamasıyla da əsaslandırırlar. Lakin belə bir durum heç də bizə haqq qazandıra bilməz. Ölüm halları artır. Bütün dünyada yoluxma sürətlə çoxalır. Ən öndə gedən dövlətlər belə bu koronavirusun əlində aciz qalıblar. ABŞ kimi bir dövlət 100 minlərlə insanın ölümünü proqnozlaşdırır. Heç kimi qorxutmaq istəmirik. Amma xatırladaq ki, Azərbaycanda da bu visurun yayılması getdikcə genişlənəcək və faktiki olaraq dövlətin tibb müəssisələri xəstələri qəbul edəcək gücdə olmayacaq. Ona görə də indiki mərhələdə dövlətə yardımçı olmaq üçün bir balaca səbrli davranmaq lazımdır: sadəcə evdə oturub təcrid olunmaqla bu mərhələdən salamat çıxa bilərik. Dövlət də boş durmur zatən. Müəyyən proqramlar işlənir ki, insanlarımızın minimum tələbatı ödənsin”.