"Bu kimi hallarla üzləşən vətəndaşlarımız Nazirlər Kabinetinə müraciət etməlidir"
Xüsusi karantin rejimində evdən çıxmayan vətəndaşlar kommunal xidmətlərdən daha çox istifadə edir. Nəticədə isə vətəndaşların xərcləri xeyli artır. Bu səbəbdən borca görə, vətəndaşın işığının kəsilib-kəsilməyəcəyi gündəmə gəlib.
Qeyd edək ki, sosial şəbəkələrdə “Azərişıq” ASC- nin abonentlərə borca görə güzəşt etmədiyinə dair narazılıqlar yayılıb. Hətta evlərə xəbərdarlıq bildirişləri də gəlib.
“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevin sözlərinə görə, istehlakçıların pandemiya dövründə çətinlik çəkməməsi ilə əlaqədar olaraq, ilk gündən mobil tətbiq və ya azərişıq.az saytında “online” ödəmə sistemi yaradılıb:
“Bütün istehlakçılarımız onlayn xidmətdən yararlanır. Eləcə də istifadə olunmuş elektrik enerjisi haqlarını həmin vasitələrədən istifadə etməklə ödəyirlər”.
“Azərişıq” ASC həmçinin sosial şəbəkə hesabları vasitəsilə canlı bağlantı, eləcə də votsap üzərindən müraciətlərin qəbulunu həyata keçirir.
ASC rəsmisinin dediyinə görə, qurum bu günlərdə vətəndaşların istifadə etdiyi elektrik enerjisinə görə borcu yaranmasın deyə, bütün növ xidmətləri onlayn şəkildə davam etdirir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə dövlət qurumlarının bu cür xoşagəlməz addımlarından təəssüf hiss keçirdiyini deyib :
“Koronavirus pamdemiyasına qarşı mübarizə məqsədi ilə ölkədə xüsusi karantin rejimi elan edildiyindən bəri sanki “Azərişıq” ASC əhaliyə qarşı hücuma keçib. Bir neçə gün əvvəl qurumun əməkdaşlarından biri mənə zəng edib ki, Eyyub müəllim idarədən mənə filan mənzilin işığını kəsmək tapşırılıb. Aydın məsələdir ki, əməkdaş doğru hesab etmədiyi halda buna məcbur edilib. Məsələ ilə bağlı ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxladım. O da araşdırma aparılacağını deyib yola verdi. Əhaliyə borclarla bağlı bildirişlər verilsə də, elektrik enerjisinin dayandırılması qəti qadağandır. Hesab edirəm ki, bu kimi hallarla üzləşən vətəndaşlarımız Nazirlər Kabinetinə müraciət etməlidir. Elə mən özüm də bu barədə NK-nə məktub yazıb, məlumatlandıracam”.
Qeýd edək ki, ölkədə yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərinin həlli istiqamətində bir sıra sosial layihələr həyata keçirilir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılır. Bu, bir tərəfdən dövlət başçısının siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkün olur. Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib. Hazırda da davam etməkdə olan bu proseslər fonunda AİB sədri borca görə, abonentlərin kommunal xidmətlərinin dayandırılmasını adekvat hesab etmir.