"Biz uzun illər ərzində çox böyük əmək sərf edərək bugünkü duruma gətirdiyimiz iqtisadiyyatımızı bir virusa qurban verə bilmərik"
Hamı küçələrə axın etmək üçün mayın 4-nü, xüsusi karantin rejiminin bitməsini gözləsə də, Operativ Qərargahın qərarı gözləntiləri doğrultmadı.
COVID-19 infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.
Qeyd edək ki, xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, məsafə saxlanması və s. məsələlərə, qaydalara riayət olunması zəruri hal kimi qeyd olunur.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəylinin fikrincə, Azərbaycanda pandemiyaya qarşı mübarizədə əldə edilən müsbət nəticələr qürurverici olsa da, arxayınlaşmaq üçün heç bir əsas yaratmır:
"Məsuliyyətsiz davranışlarımız, xüsusi karantin rejiminin yumşaldılmasından sui-istifadə hallarının artması koronavirusun yayılmasının ikinci dalğasına yol aça bilər. İkinci dalğa isə bizi həm vətəndaş, həm də dövlət olaraq daha acı və bəlkə də qarşısının alınması indikindən dəfələrlə ağır olan reallıqlarla üz-üzə qoya bilər".
Baş redaktor hesab edir ki, ikinci dalğa baş verəcəyi təqdirdə bu günə qədər həyata keçirilən önləyici tədbirlərin yenidən effektiv nəticələrə gətirib çıxaracağına heç kim zəmanət verə bilməz:
"Çünki sərhədlər bağlı olduğu üçün virusun yayılmasının ikinci dalğası daxildə və həm də ən müxtəlif ərazilərdə vüsət alacaq. Digər tərəfdən, dünyanın müxtəlif ölkələrində aparılan təcrübələr də göstərir ki, virusa təkrar yoluxma halları mümkündür və bu halda xəstəlik simptompsuz keçdiyi üçün onun yayılma təhlükəsi daha da artır. Virusa təkrar yoluxan insanlar özləri də bilmədən virusun “könüllü” yayıcısına çevrilirlər" .
E. Mirzəbəylinin sözlərinə görə, mühüm amillərdən biri də qlobal iqtisadi böhranın yaşandığı, gəlirlərin azaldığı bir dönəmdə dövlətin maliyyə resurslarına qənaət edilməsi ilə bağlıdır:
"Koronavirusun ikinci dalğası ilə üzləşsək hökumət insanların həyati təhlükəsizliyini təmin etmək üçün yenidən xüsusi karantin rejimini sərtləşdirmək məcburiyyətində qalacaq. Həyati əhəmiyyət kəsb edən sahələr istisna olmaqla bütün iş yerləri bağlanacaq. Bu dəfə daha çox insan evdə qalmalı olacaq və nəticədə dövlət daha çox insanın sosial müdafiəsinin təmin edilməsi, daha çox iş yerinin qorunması, daha çox xəstənin müalicəsi üçün vəsait ayırmalı olacaq. Azərbaycanın iqtisadi imkanları isə hər nə qədər geniş olsa da tükənməz deyil. Biz uzun illər ərzində çox böyük əmək sərf edərək bugünkü duruma gətirdiyimiz iqtisadiyyatımızı bir virusa qurban verə bilmərik və verməməliyik də. Biz məsuliyyətsiz davranışlarımızla dövlətimizi gücdən salmamalıyıq. Odur ki, xüsusi karantin rejimi yumşalsa da, məsuliyyət hissimiz yumşalmamalıdır".