"Maska taxmaq məcburi olmalıdır, çünki simptomsuz virus gəzdirən də var" - Professor

 
Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib. 
Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş"ə uyğun olaraq həyata keçirməlidir.
Eyni zamanda metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.
Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir. Qeyd edək ki,  mütəxəssislər hesab edir ki, ictimai nəqliyyatdan istifadə edən şəxslərin ilk əməl etməli olduqları məsələ sosial məsafədir. Yəni əvvəllər vərdiş etdiyimiz kimi "mehribanlaşmaq" anlayışını kənara qoymaq lazımdır. Avtobus və metroda istər ayaq üstə, istərsə də oturan zaman ən azı 1 metrlik məsafəni gözləmək şərtdir.

 Tibb eksperti, professor Adil Qeybulla  "Sherg"az- a  indiki vəziyyətdə metronun açılmasının çox zəruri olduğunu bildirib:


"Sosial həyatın aktivləşdirilməsi istiqamətində atılan addımlar davam etdirilməlidir. İnsanlar uzun müddət cəmiyyətdən təcrid  vəziyyətində yaşaya bilməzlər. Sözsüz ki  pandemiya təhlükəsi bitənə qədər karantin şərtləri qüvvədə qalmalıdır.  İnsanlar metro, yerüstü ictimai nəqliyyat və digər qapalı məkanlarda sosial izolyasiya, şəxsi gigiyena qaydaları, maska taxmaq kimi  sanitar epidemoloji tədbirlərə əməl etməlidir. 
Maska taxmaq məcburi olmalıdır. Çünki xəstəliyi yüngül keçirən insanlar var ki, onlarda müəyyən simptomların olması mümkündür. Hətta simptomsuz virus gəzdirənlər ola bilər. Həmin insanlar xəstəliyin hansısa əlamətini özündə hiss etməsə də, virus ifraz etməkdə davam edirlər. Bu baxımdan hər bir insan təhlükəlidir. Ona görə də karantin rejimi bitəndən sonra Azərbaycanda da müəyyən müddətdə insanların maska taxması məcburi olmalıdır".

Professor hesab edir ki, metrodan istifadə ilə bağlı xüsusi təlimatlar olmalıdır:
"İsveç,  Almaniya modelinə də müraciət etmək də olar".