"Bu virus özünü kəşfiyyatçı kimi aparır. Elə insan var koronavirusa yoluxsa da, səhhətində heç bir ciddi narahatlıq hiss etmir və bunu üçün də adi qaydada həyatına davam edir. Lakin özü də bilmədən bu xəstəliyi ətrafına yayır"
"Koronavirus deyə bir xəstəliyin olmaması haqda absurd bir fikir yayılıb. Nəticədə xeyli insanın həyatı təhülkə altına düşüb. Amma bu xəstəlik var və tanıdığımız 2 sağlam insanı 10 günün içində bu xəstəlikdən itirdik"
Gənc Şair Aqşin Evrən bəşəriyyəti iflic edən koronavirus pandemiyası, karantin rejimi ilə bağlı Sherg.az-a müsahibə verib.
- Karantin rejimi tam ləğv olunmasa da, xeyli dərəcədə yumşaldılıb. Ən əsası şəhərdə sərbəst hərəkət məhdudiyyəti aradan götürülüb. Əksəriyyət bunu toy-bayram kimi qəbul etdi? Siz necə qarşıladınız?
- Ümumiyyətlə, belə məqamlarda insan üçün azadlığın nə qədər önəmli olduğu bir daha aydın olur. Heç kim düşünməzdi ki, nə vaxtsa küçəyə çıxmağı, rahatlıqla parka, dəniz sahilinə getməyi festival kimi qeyd edə bilər. Kim bir il əvvəl çölə çıxdığı üçün sevinsəydi, onun ruhi xəstə olduğunu düşünərdilər. Amma hamının eyni şeyi yaşaması keçirdiyimiz hissləri də eyniləşdirir. Bu mənada sərbəstliyin verilməsi əlbəttə məni də sevindirir. Amma bunu toy-bayram kimi qəbul etmirəm, çünki çöldə mənim üçün maraqlı heç nə yoxdur.
- Karantin günlərini necə keçirdiniz?
- Karantin olsa da, biz evdən işlədik. Yəni xüsusi bir dəyişiklik olmadı. İşdən sonra əsasən ssenari üzərində çalışdım. Yeni şeirlər yazdım, köhnələrdən bəzilərini redaktə etdim. Mümkün olduğu qədər kitab oxudum, filmlər izlədim. Bir də əlavə, başqa bir sahədə fəaliyyətim var. Daha çox o sahəyə vaxt ayırıram.
- Hamının korona ilə bağlı öz yanaşması var. Kimi Çini, kimi ABŞ-ı ittiham edir. Çox adam da təbiətin bir qanunu kimi qəbul edir. Siz hansı təbəqədənsiniz?
- Mən bu virusun xüsusi ustalıqla yaradıldığını düşünürəm. Bu virus özünü kəşfiyyatçı kimi aparır. Elə insan var koronavirusa yoluxsa da, səhhətində heç bir ciddi narahatlıq hiss etmir və bunu üçün də adi qaydada həyatına davam edir. Lakin özü də bilmədən bu xəstəliyi ətrafına yayır. Sanki qəsdən belə yaradılıb ki, daha çox insana yayılsın. Amma bunun planlı şəkildə yayılması haqda dəqiq bir söz deyə bilmərəm. Çünki bütün ölkələr bu virusdan əziyyət çəkir, çəkəcək. Dünya iqtisadiyyatına koronaya görə 5 trilyon dollar ziyan dəyəcək.
Təbii, koronavirusun yayılması haqda müxtəlif versiyalar mövcuddur. Nə qədər amansız səslənsə də, versiyalardan biri də budur ki, dünyada faydasız yeyənlərin, xüsusən yaşlıların ölməsinə, bununla da dünyanın təbii ehtiyatının tükənməsinin qarşısının alınmasına çalışırlar.
Digər bir versiya atmosferin təmizlənməsinə zəmin yaratmaqla bağlıdır. Bildirilir ki, koronavirus səbəbindən zavod və fabriklərin bağlanması atmosferin təmizlənməsinə gətirib çıxarıb. Həmçinin, ən böyük Ozon dəliyi də bağlanıb. Amma bunun koronavirusla o qədər də əlaqəsi olmadığını düşünürəm.
- Qorunmaq üçün hansı izolyasiya və dezinfeksiya tədbirlərini görürsünüz?
- Əlbəttə, maska və spirtdən istifadə edirəm. Spirtdən əvvəllər də istifadə edirdim – dezinfeksiya məqsədi ilə. Ümumiyyətlə, bu virusa ciddi yanaşmaq lazımdır. Çünki biz artıq təkcə öz həyatımıza görə yox, həm də başqalarının həyatına görə məsuliyyət daşıyırıq.
- Karantin dövründə müşahidə etdiyiniz insanlar, hadisələrlə bağlı şeir yazmısınızmı?
- Zarafatyana bir antişeir yazmışdım – “Karantinizm”. Maraqla qarşılandı. Amma təbii, mən bunu sənət faktı kimi ortaya çıxarmamışdım.
- Karantin rejimi yumşalandan sonra yoluxma sayı 100- dən çox olur. Vətəndaşlar rəsmilərin, həkimərin tövsiyələrini qulaq ardına vurur. Ətrafınızdakı insanlarla bu barədə söhbət zamanı maarifləndirməyə çalışırsınız? Yoxsa hər kəs özü bilər prinsipi ilə yaşayırsınız.
- Bacardığım qədər insanlara vəziyyətin ciddiliyini izah etməyə çalışıram – istər fərdi söhbət zamanı, istərsə də köşə yazılarımla. Koronavirus deyə bir xəstəliyin olmaması haqda absurd bir fikir yayılıb. Nəticədə xeyli insanın həyatı təhülkə altına düşüb. Amma bu xəstəlik var və tanıdığımız 2 sağlam insanı 10 günün içində bu xəstəlikdən itirdik.
- Deyirlər, korona dünyanı və insanları dəyişəcək? Postpandemiya dövründən gözləntiləriniz nədir?
- Dünya daha ehtiyatlı davranacaq, amma məncə, böyük mənada heç nə dəyişməyəcək. Çünki insan koronaya məğlub olmadı. Əsasən qlobal məğlubiyyətlər halında böyük dəyişikliklər baş verir. Dünya isə koronavirusa qalib gəlməyi və ya məğlub olmağı yox, bu virusa təslim olub, onu özünə təslim etməyi seçdi.