Azərbaycan tarixinin tədrisi 90 saatdan 45 saata qədər azaldılıb. Tarixçi alimlər ali məktəblərdə “Azərbaycan tarixi” fənninin saatının azaldılmasına etiraz edir.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən ali təhsil ocaqlarına gələn təlimatda qeyri-ixtisas fakültələrində "Azərbaycan tarixi” fəninin tədrisi 45 saat müəyyənləşdirilib ki, bunun 30 saatı mühazirə, 15 saatı seminardır. Fakültələrdə tədris oluncaq "Azərbaycan tarixi” fənninin qədim, orta əsrlər, yeni tarix dövrləri çıxarılıb. Fənin adı belə təqdim olunur: "Azərbaycanın müstəqil dövlətçilik tarixi”.
Tarixin strateji məsələ olduğunu vurğulayan alimlərimiz onlayn konfrans keçirərək təhsildə Azərbaycan tarixinin tədrisi vəziyyətini müzakirə ediblər.
Onlayn konfrans Bütöv Azərbaycan Ocaqlarının (BAO) və "Tariximizə Sahib Çıxaq" tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Dosent Boran Əzizin sözlərinə görə, müstəmləkəçilik siyasəti üç- siyasi, iqtisadi və mədəni istiqamətdə həyata keçirilir. Xüsusən də din, dil və təhsil sahəsində tətbiq olunur:
"İnsanları keçmişindən xəbərsiz, milli mənəvi dəyərlərdən uzaq, soy kökünə biganə bir nəsil yetişdirmək niyyəti güdülüb. Bunun qarşısını almaq üçün Cümhuriyyət dönəmində milli təhsil sisteminin yaradılsa da, AXC-nin süqutundan sonra Milli Təhsil proqramı yaddan çıxdı. Sovet dövründəki təhsil sistemində isə beynəlmiləlçiliyə sadiq bir nəsil yetişdirməyə çalışdılar. İndi isə müstəqil ölkəmiz var. Bu mənada Azərbaycan tarixi üzərindən aparılan prosesləri olduqca təhlükəli hesab edirəm. Biz öz səsimizi qaldırıb, ciddi etiraz etməliyik. Məncə, İşçi Qrupu yaradıb, Təhsil Nazirliyi və ölkə baçısına müraciət hazırlayıb, baş verən prosesin qarşısını almalıyıq. Milli - mənəvi dəyərlərindən uzaq bir gəncin Vətənə, millətə nə kimi faydası ola bilər. Bu baxımdan Azərbaycan tarixi dərsliyinin saatının azaldılması nın qarşısını almaq lazımdır.
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli isə deyib ki, Azərbaycan xalqının tarixinə bu cür biganə yanaşılması, dərs saatlarının getdikcə azaldılması, qədim dövr dövlətçilik ənənələrimizin öyrənilməməsi yanlış siyasətdir:
"Bu addım düşmən dəyirmanına su tökmək kimi bir şeydir. İllərdir onlar da dünyaya Azərbaycan xalqının qədim tarixə sahib olmadığını yalanını sırımaq istəyirlər. Bunun fonunda bizim universitetlərdə tədris olunan tarix dərsliyinin müasir tarixi özündə əks etdirməsi yolverilməzdir. Belə çıxır ki, 1918-ci ilə qədər Azərbaycan adlı bir dövlət və ya xalq olmayıb?
Biz tarixçilər antitürk və antimilli qüvvələrin maraqlarına xidmət edən bu qərarla bağlı ölkə rəhbərinə və Təhsil Nazirliyinə müraciət etmişik ki, yanlışlıq aradan qaldırılsın. Bəyənat və müraciətimiz bir nəticə verməzsə, Nazirliyin qarşısında aksiya keçirib, öz etirazımızı bildirəcəyik. Elə bilirəm ki, xalqın tarixinin və milli şüurunun itirilməsi torpaqlarının işğalından daha dəhşətlidir. Tarixi keçmişi olmayan bir toplum gec- tez məhvə məhkum olur və bu zaman da torpaq anlayışının heç bir mənası qalmır. Torpaqlarımızın və ərazi bütövlüyümüzün bərpası milli şüurun qorunub saxlanılmasından asılıdır".
Tarix üzrə fəlsəfə doktoru, dosent, Bütöv Azərbaycan Ocaqları (BAO) Başqanının ideoloji məsələlər üzrə müavini Dilavər Əzimli də hesab edir ki, "Azərbaycan tarixi” fənnindən tədrisin bu cür azaldılması Azərbaycan dövlətçiliyi baxımından yol verilməzdir:
"Hesab edirik ki, qeyri-ixtisas fakültələrində Azərbaycan tarixinin qədim, orta və yeni dövləri tədris olunmaldır. Çünki hər bir Azərbaycan vətəndaşı öz tarixini bilməlidir. Bu ixtisas sahəsinin tələbələri müəyyən müddətdən sonra müxtəlif sahələrdə çalışırlar. Onların bir çoxu da elmi fəaliyyətlə məşğul olurlar. Xaricə gedəndə rastlaşdıqları alimlərin, ilk növbədə bizə düşmən olan erməni alimlərinin yalanları ilə üz-üzə gələndə, onların hansı vəziyyətə düşəcəklərini təsəvvür edirsinizmi? Müharibə vəziyyətində olduğumuz düşmən Ermənistanın tarixi yalanlarını ifşa edən alim qeyd edir ki, bu gün bütün Ermənistan yalançı "Erməni tarixi”nə bələddirlər. Hansını dindirirsən, yalnız yalanlara söykənən "Erməni tarixi”ndən danışırlar. Biz isə öz tariximizin tədrisini azaldır və belə getsə deyəsən, həmin fakültələr də tamamilə ləğv ediləcək".
Qeyd edək ki, konfransda tarix elmləri doktoru, professor Zabil Bayramlı, tarix elmləri doktoru, professor Xəqani Məmmədov, tarix elmləri doktoru, professor Fazil Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Hüseynli, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərli, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Hətəmoğlu, tarix üzrə fəlsəfə doktoru Ərşad Həsənov, tarixçi alim Ramin Əlizadə mövzu ilə bağlı çıxış ediblər.
Konfransın sonunda iştirakçıların adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət oxunub.