Hikmət Babaoğlu: Donald Trampın sosial şəbəkələrlə bağlı qərarı mövcud informasiya xaosuna nizam gətirmək cəhdidir
ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qərar qəbul etməsi, əslində, bu platformalarda hazırda mövcud olan informasiya xaosuna nizam gətirmək cəhdidir.
Bunu Sherg.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, sosial şəbəkə adlandırdığımız internet resursları hüquqi baxımdan ayrı-ayrı şəxslərin özəl biznes strukturlarıdır:
"Hazırkı qlobal informasiya cəmiyyəti fonunda isə onların fəaliyyəti elə qlobal xarakter daşımaqla özəl olmaqdan çoxdan çıxıb, sosial-iqtisadi və ictimai-siyasi həyatımızın bütün sferalarına nüfuz edən mühüm təsir vasitələrinə çevrilib. Hətta vəziyyət o həddə çatıb ki, bu şəbəkələr ictimai etimadı, siyasi etibarı, siyasi dünyagörüşü, sosial davranışları təyin edən instutisional quruma çevrilib.
Eyni zamanda, istənilən hakimiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirərək onu ictimai fikrə təqdim edən də sosial şəbəkələr və mediadır. Həqiqət isə ondan ibarətdir ki, sosial şəbəkələr və medianın formalaşdırdığı ictimai-siyasi obraz, ya da siyasi portret bir çox hallarda heç də obyektivə uyğun olmur.
Beləliklə, ictimai şüurla manipulyasiya hadisəsi baş verir. Hələ bu da problemin hamısı deyil. Sosial şəbəkələr bəzən mənəvi sferadan başlamış mədəni - etik seferaya qədər hər yerdə dəyərləri aşağılayır, əxlaqi keyfiyyətlərin lazımi əsaslarda formalaşmasına mənfi təsir göstərir və s. Ona görə də sosial şəbəkələrdə formalaşmış ictimai münasibətlərin mütləq hüquqla tənzimlənməsi zərurəti yaranır".
H.Babaoğlu əlavə edib ki, ABŞ Prezidentini də belə qərar qəbul etməyə vadar edən səbəblər bunlardır:
"Dünyanın ən demokratik ölkələrindən, dünya siyasətini müəyyənləşdirən güc mərkəzlərindən biri olan ölkənin birinci rəsmi şəxsinin - yəni prezidentinin söylədiyi fikirləri qeyri-dəqiq ola biləcəyi etiketi ilə yaymaq həmin prezidenti əslində etibarsızlaşdırmağa cəhd etməkdir. Ona görə də burada hüquqi məsuliyyət yaranır və hüquqi tənzimləmənin zəruriliyi bir daha aktuallaşır. Göründüyü kimi, bu müzakirələr və təsbitlər Trampın qərarının əslində düzgün olduğunu göstərir. Məsələ ondadır ki, sosial şəbəkələrin fəaliyyəti təkcə ABŞ-da dediyimiz halların yaranmasına səbəb olmur, eyni zamanda dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da müəyyən mənfi fəsadlara gətirib çıxaran informasiya aləti rolunu oyanayır.
Bəzi vətəndaşlarımızın sosial şəbəkələri mənəvi – siyasi terror vasitəsinə, qeyri-ciddi və qeyri-obyektiv informasiya ruporuna çevirməsi buna əyani sübutdur. Ona görə də hər hansı bir formada mütləq sosial şəbəkələrdə olan bütün növ ictimai münasibətlərin hüquqla tənzimlənməsi vacibdir. Hazırkı vəziyyətdə isə Trampın belə bir qərar qəbul etməsi sosial şəbəkələrin hüquqa dəvət edilməsi istiqamətində atılan ilkin addımlardan biri kimi qiymətləndirilməlidir.
Ancaq şübhəsiz ki, sosial media və sosial şəbəkələr qlobal informasiya cəmiyyətini yaradan əsas mübadilə platformasıdır və hazırkı mərhələdə sosial və hüquqi məsuliyyətini artıqmaqla öz fəaliyyətində yeni keyfiyyət mərhələsi yaratmalıdır".