Azərbaycanda heç bir sosial layihə ixtisar edilmədi və edilməyəcək

 Əksinə, yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub

 Şəki şəhərindəki modul tipli xəstəxananın açılışında iştirak edən ölkə başçısı bir sıra məqamlara toxunub.  Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti pandemiya dövründə vətəndaş amilini ön plana qoyaraq onun sağlamlığının qorunması istiqamətində addımlar atıb.

Son 16 ildə ölkəmizin səhiyyə infrastrukturunun yenilənməsi nəticəsində 40-dan çox yeni tikilmiş və əsaslı təmir olunmuş xəstəxanalarda koronavirusa yoluxmuş vətəndaşlarımızın müalicəsi aparılır. Regionlarda da  daha çox çarpayı yerinin təmin edilməsi insanların sağlamlığına yönələn addımlardır.

Ötən 30 illə müqayisədə Azərbaycanın  sürətli inkişaf yolu keçdiyini vurğulayan millət vəkili Ceyhun Məmmədov “Sherg.az”-a açıqlamasında belə  inkişafın hər ölkəyə qismət olmadığını deyib:

"Əldə etdiyimiz bu uğur  Azərbaycanda həyata keçirilən müdrik siyasətin məntiqi nəticəsidir. 
Yeni müəssisələr açılır, dövlət əhəmiyyətli infrastruktur layihələri həyata keçirilir.  Əvvəllər sadəcə şəhərlərarası mərkəzi yollar inşa olunurdu. Bu gün isə  qəsəbələrarası, kəndlərarası yollarda təmir bərpa işləri aparılır. Ölkə başçısının regionlara səfəri zamanı da biz bir daha bu inkişafın və həyata keçirilən uğurlu layihələrin şahidi olduq".
 
Səfərə Qobustandan başlayan ölkə başçısı  Şəki, Qəbələ, Balakən kimi rayonlara baş çəkərək bir sıra müəssisələrin və yolların açılışında iştirak edib. 
 Şəkiyə səfər çərçivəsində ölkə başçısının orada inşa edilən modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olduğunu vurğulayan millət vəkili Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlər, yeni xəstəxanaların yaradılması, xəstələrin müalicəsi üçün bütün zəruri tədbirlərin həyata keçirilməsindən danışıb:

“Azərbaycan dövləti pandemiya dövründə vətəndaş amilini ön plana qoyaraq onun sağlamlığının qorunması istiqamətində addımlar atıb. 
Artıq Azərbaycanda 9 modul tipli xəstəxana istifadəyə hazırdır. 10-cu xəstəxananın  avqust ayında istifadəyə verilməsi gözlənilir.
Modul tipli xəstəxanaların yaradılmasını nəzərdə tutan proqramın icrası nəticəsində əlavə 2 min çarpayı fondu yaradılıb.
Hər biri 200 çarpayılıq modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi məsələsi həll olunur. Vaxtında həyata keçirilmiş tədbirlər, yeni xəstəxanaların tikilməsi və əsaslı bərpa olunması, onların müasir tibbi avadanlıqlarla təmin edilməsi koronavirusla uğurlu mübarizə aparmaq üçün lazımi şəraiti təmin edib. Neftin dünya bazarında xeyli ucuzlaşmasına və pandemiyanın iqtisadiyyatımıza göstərdiyi mənfi əsirlərə rəğmən Azərbaycanda heç bir sosial layihə ixtisar edilmədi və edilməyəcək. Əksinə, yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Biz istənilən qədər, həm sosial, həm də tibbi sahəyə vəsait ayırmağa hazırıq və Azərbaycan dövlətinin buna kifayət qədər gücü var. Lazım olduqca istənilən məbləğ və vəsait bu istiqamətdə ayrılacaqdır".

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin günümüzdə Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayan deputat hesab edir ki, məhz bu siyasətin nəticəsində Azərbaycan dünyada inkişaf edən ölkələr sırasında ilk sıralarda yer alır.