“Həmin təşkilatlar məcbur oldular ki, ermənilərin dinc əhaliyə qarşı cinayətkarlığından bəhs etsinlər”
"Əvvəlcə bunu "Humans Right Watch", ardınca " Amnesty International" etdi”
44 günlük "Vətən" müharibəsi dünya mediasının gündəmində olan mövzulardandır. Bu müddət ərzində Prezident İlham Əliyev dəfələrlə dünyanın öncül kanallarına müsahibələrində ermənilərin işğalçılıq siyasəti, cinayətkarlığına qarşı haqlı mübarizəmizi diqqətə çatdırırdı. Münaqişə ərzində bəzi media orqanları qərəzli və bitərəf məqalələr yayınladı, bəziləri isə xüsusən Türkiyə və Şərq ölkələri Qarabağ həqiqətlərini olduğu kimi təqdim etdi. Bir sözlə, Azərbaycan həqiqətləri, Qarabağa dair reallıqlar dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.
Bunun real nəticələri də müşahidə olunur. Məsələn “Amnesty International” Ermənistanı cinayətkar sayır. Belə ki, 2020-ci il sentyabrın sonundan noyabrın əvvəlindək davam etmiş 44 günlük münaqişə zamanı Ermənistan silahlı qüvvələri Azərbaycanda dinc sakinlərə hücum üçün qeyri-dəqiq ballistik raketlərdən, idarə olunmayan yaylım atəşli raket sistemlərindən və artilleriyadan istifadə edib.
Məlumata görə, bu barədə “Amnesty International” təşkilatının hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, yaşayış məntəqələri yaxınlığında qeyri-dəqiq silahlardan istifadə müharibə qanunlarının pozulması deməkdir.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı imzalamasından sonra “Amnesty International” nümayəndələri Azərbaycanda raket zərbələri endirilmiş yerlərə baş çəkiblər. Təşkilat erməni qoşunlarının dinc şəhər və kəndlərə endirdiyi və 72 dinc sakinin həlak olduğu 8 raket zərbəsi faktını sənədləşdirib. Belə ki, oktyabrın 17-də Gəncədə yaşayış məntəqəsinə SCUD-B ballistik raketinin atılması nəticəsində 21 dinc sakin həlak olub, 50-dən çox sakin yaralanıb. Oktyabrın 27-də Bərdənin Qarayusifli kəndinə kaset bombasının atılması nəticəsində beş nəfər həlak olub, 14 nəfər isə yaralanıb.
Hesabatda həmçinin bildirilir ki, oktyabrın 28-də erməni qoşunları cəbhə xəttindən 20 kilometrdən çox məsafədə yerləşən Bərdə şəhərinə bir neçə raket atıb. Raketlərdən biri, içərisində 72 kasset bombası olan “Smerç” raketi insanların sıx olduğu əraziyə düşüb və nəticədə 21 nəfər həlak olub.
“Amnesty International” əlavə edib ki, sentyabrın 27-də Naftalan yaxınlığındakı Qaşaltı kəndinə artilleriya zərbəsi nəticəsində bir ailənin 5 üzvü həlak olub.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib ki, Prezident İlham Əliyev 44 günlük müharibə dövründə informasiya blokadasının yarılmasında müstəsna rol oynayıb. Onun sözlərinə görə, Türkiyə və bəzi kanalları çıxmaq şərtilə müsahibə götürən jurnalistlər xoş məramla gəlmirdi:
"Əksəriyyəti özlüyündə düşünürdü ki, Prezidentimizi çıxılmaz vəziyyətə salacaq. Tam əksinə oldu, ən provokativ mövqe tutan jurnalistlər dərs alıb getdilər. Onlar məcbur oldular ki, aldıqları müsahibəni yayımlasınlar. Eyni zamanda informasiya müharibəsində prezidentin müvafiq komandası və cəmiyyət də fəal iştirak etdi. Özüm sosial şəbəkələrdəki proseslərin iştirakçısı olaraq görürdüm ki, ermənilər informasiya müharibəsində məğlub olurdular. Dünyanın insan hüquqlarını müdafiə edən təşkilatlar -“Amnesty International” , "Human Right Watch" və digərləri ilk dönəmdə Azərbaycana qarşı bitərəfli mövqe sərgilədilər".
S.Məmmədov vurğalayıb ki, Ermənistan döyüş meydanından kənarda olan mülki obyektləri, o cümlədən yaşayış məntəqələrini, inzibati binaları, hətta qəbiristanlıqları, həmçinin döyüş zonasından 80-300 km uzaqda yerləşən yaşayış məntəqlərini idarə olunan və qadağan olunmuş raketlərlə atəşə tutdular. Bu, geniş rezonans doğurdu. Həmin təşkilatlar məcbur oldular ki, ermənilərin dinc əhaliyə qarşı cinayətkarlığından bəhs etsinlər:
"Əvvəlcə bunu "Humans Right Watch", ardınca " Amnesty International" etdi. Buna rəğmən, onlar tərəfləri bərabərləşdirməyə cəhd edirdilər. Bu günlərdə "Amnesty International"ın yeni hesabatında göstərilir ki həm Ermənistan, həm də Azərbaycan məqsədyönlü şəkildə mülki əraziləri atəşə tutub. Amma onlar bir faktı unudurlar, bizim 101 nəfər mülki vətəndaşımız ölüb. Ermənistan tərəfində isə həmin ərazilər bilavasitə döyüşün getdiyi məkanlar idi. Müharibə məntiqinə görə, onlarda itki çox olmalıydı.
Lakin Ermənistan yalandan bir neçə adamın adını çəkdi. Bütün bunlara baxmayaraq, 44 günlük müharibə müddətində yalnız torpaqlar işğaldan azad edilmədi, həmçinin informasiya və diplomatiya müharibəsində də qələbə qazanmış olduq".
Sonda S.Məmmədov onu da əlavə edib ki, son zamanlarda Ermənistan informasiya müharibəsi ilə bağlı daha çox azğınlaşıb:
"Çoxlu "fake" məlumatlarla dünya ictimaiyyətini aldatmağa davam edirlər.
Məsələn "Azərpoçt"un poçt markaları var, həmin markalarda xüsusi geyimdə olan azərbaycanlı həkim və ya hərbçi Qarabağ ərazisində dezinfeksiya işləri aparır. Burada nəzərdə tutulur ki, Dağlıq Qarabağdakı ərazilərimiz terrorçulardan, xarici muzdlulardan silahlı qüvvələrdən təmizlənir. Amma ermənilər bunu fərqli formada dünyaya təqdim edir.
Guya, erməni xalqını virus hesab edərək dezinfeksiya edirik. Bununla bağlı çox total kampaniya başladıblar. Bunu yaxşı izah edib qarşısını almaq lazımdır. Ermənistan hərbi meydanda biabrçı şəkildə məğlub olub. Lakin informasiya cəbhəsində tam məğlub olmayıblar, yenə də çirkin əməllərindən əl çəkmirlər.
Dünya parlamentində hər hansı qərarların qəbul edilməsinə nail olurlar. Hərbi əməliyyatlar dayanıb, amma informasiya müharibəsi davam edir".