“Əlaqədar təşkilatlar, məsul şəxslər məsələlərə aydınlıq gətirməlidirlər"
“Gürcüstan indiki iqtidarın dönəmində kifayət qədər problem yaşayır”
“Bu cür məsələlərdə böyük siyasi gərginliyin yaradılmasına ehtiyac duyulmur"
Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan İkinci Kosalı kəndində yerli sakinlərlə gürcü din xadimləri arasında mübahisə baş verib. Buna səbəb Gürcüstan Parlamentində Kilsə ətrafı ərazilərdən 20 hektar torpaq sahələrinin Kilsəyə verilməsi ilə bağlı qanun layihəsinin qəbul edilməsidir. Qanun layihəsi qəbul edildikdən sonra din xadimləri soydaşlarımızın əkib- becərdiyi torpaq sahələrini onların ərazilərinə daxil olduqlarnı iddia irəli sürüb.
Hətta keşişlər bu səbəbdən yerli sakinlərdən icarə haqqı tələb ediblər. Kənd sakinləri isə bu torpaqları illərdi əkib becərdiyini bildirir. Sakinlər deyir ki, din xadimləri torpaqların onların mülkiyyətində olduğunu təsdiq edən heç bir sənəd təqdim etmirlər. Həmin torpaq sahələri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin balansındadır və kənd sakinləri uzun illərdir həmin sahələrdə əkin-biçin ilə məşğul olurlar.
Mövzu ilə bağlı "Sherg.az"a danışan "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli bildirib ki, hər şey qanunla tənzimlənməlidir. Torpaq İqtisadi İnkişaf Nazirliyinin balansındadırsa, təbii ki, onun verilməsində yerli bələdiyyələr də müəyyən rol oynayır:
"Bu barədə mətbuatdakı iddiaları oxumuşam. Gürcüstanda bəzi dini icmalar kifayət qədər sərbəst və üstün hüquqlara malikdirlər. Bizim müsəlman kəndlərinin giriş və çıxışında xaçların asılması, məscidlərə yer ayrılması ilə bağlı etirazlar, yaxud onların məscidlərdə ibadət edənlərə müdaxilənin qarşısının alınması halları baş verib.
Bilgimə əsasən deyə bilərəm ki, həmin icmalara avtoritet olaraq dini dəyərlərin qorunmasında hüquq verilir. Əvvəla, dinlə siyasət qarışdırılmamalıdır. Dinlər, məzhəblər fərqli ola bilər, lakin Allahımız təkdir. "Qurani-Kərim", "İncil" , "Tövrat"ın tələbləri də, insanları birləşdirmək, haqqa ,ədalətə gətirməkdir.
Bu torpağın bölgüsü ilə bağlı məsələ araşdırılmalıdır. Bakıdan bir fikir söyləmək doğru deyil. Əlaqədar təşkilatlar, məsul şəxslər məsələlərə aydınlıq gətirməlidirlər".
Z.Məmmədlinin sözlərinə görə, hər halda azərbaycanlılar, Borçalı türkləri müsəlmandırlar. Onların ibadəti və fikirlərini həyata keçirmək üçün hər hansı maneə ola bilməz:
"Avropa Şurası qarşısında dini azadlıqlar beynəlxalq konvensiyalar, milli azlıqların din, təhsil, yaşam hüququ var. Torpaq üzərində mülkiyyətin hüququnu müvafiq orqanlar tənzimləməlidirlər.
Gürcüstan indiki iqtidarın dönəmində kifayət qədər problem yaşayır. Problemlərdən əziyyət çəkənlər arasında inancımıza, milli varlığımıza görə biz də varıq.
Mən də hazırda belə bir mövzu üzərində işləyirəm. Belə məsələlər dilə gətirilməlidir.
Bizim orada Diaspor Komitəsi, həmçinin səfirliyimiz var.
Bu komitələr müvafiq qurumlarla görüşüb məsələni həll edirlər. Bu cür məsələlər topluma çıxmadan yerində, operativ, dost münasibətlər, rəsmi səlahiyyətlər arasında ünsiyyətin sağlam qurulması ilə həllini tapır. Böyük siyasi gərginliyin yaradılmasına ehtiyac duyulmur".