Zərifin Qafqaz turnesi: “Ofsayt”dan çıxmaq istəyirlər, amma...

"...İranı həmişə “ofsayt”da saxlamaq lazımdır"

"Azərbaycan və Türkiyə faktoru rəsmi Tehranı narahat edir”

“Cənub qonşumuz Rusiya və Ermənistanla birləşib, Türkiyə Azərbaycan tandeminə qarşı mübarizə apara bilər”

Yanvarın 25-də İran Xarici işlər naziri Cavad Zərifin Azərbaycana işgüzar səfəri gerçəkləşib. Görüş zamanı C.Zəriflə ölkəmizin XİN başçısı Ceyhun Bayramov bölgədəki cari və 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra mövcud vəziyyəti müzakirə ediblər. Dünən  C.Zərif  Rusiyaya, bu gün isə Ermənistana səfər edib. O işğalçı ölkənin xarici işlər naziri Ara Ayvazyanla görüşüb. 



C.Zərifin Qafqaz turnesini şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu səfərlərin məqsədi əsasən öz siyasi, iqtisadi mövqeyini, bundan sonrakı strategiyasını müəyyənləşdirməkdir:

"İran Qarabağ müharibəsində ilk gündən Azərbaycanı qane etməyən siyasətə əl ataraq Ermənistana müəyyən dərəcədə dəstək verib.
Onlar düşünürdü ki, Qarabağ məsələsi həll edilməyincə, Azərbaycanın güclənməsi prosesi olmayacaq.

Göründüyü kimi, regionda siyasi dəyişikliklər baş verdi. Azərbaycan öz potensialını artırdı və indi regionun aparıcı ölkəsidir. Cənub qonşumuz bu kontekstdə proseslərin Azərbaycanın lehinə dəyişdiyinin fərqindədir.

Məhz Ermənistanda hansı müzakirələr aparacağı onlara nə vəd edəcəyi və regiona hansı platforma ilə çıxacağı müəmmalıdır. İran Ermənistan məsələsində Azərbaycana təzyiq etməyə çalışır. Artıq Azərbaycan bunu neytrallaşdırıb. Ümumiyyətlə, İran Azərbaycana qarşı səmimi olmayıb”.

Politoloqun fikrincə , rəsmi Tehranın indi tikinti layihələrində iştirak etmək arzusu bu prosesdə öz siyasi mövqeyini gücləndirmə istəyindən irəli gəlir:

" Türkiyə faktorunun artması İranı narahat edir. Azərbaycan hakimiyyəti Qarabağ müharibəsində dəstək verən ölkələr bərpa işlərində yer verəcəyini qeyd etmişdi. Danışıqlar müstəvisində İrana imkan yaradılır, lakin onlar qeyri-səmimidir. İran bərpa işlərində məhz siyasi məqsədlərindən istifadə etməyə çalışacaq. Türkiyə Azərbaycan koordinasiyası İranın iqtisadi və siyasi sferada güclənməsinin qarşısını ala bilər. Cənub qonşumuzun Rusiya və Ermənistanla birləşib, Türkiyə Azərbaycan tandeminə qarşı mübarizə aparmaq ehtimalı var. Ona görə də, İranı həmişə “ofsayt”da saxlamaq lazımdır".