Bakı türkün göz bəbəyi...

Şanlı tarix heç vaxt unudulmayacaq

103 il sonra Türkiyə yenə Bakıya salam və sevgilərini çatdırdı

Dünən Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə paytaxt küçələrində “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşü keçirilib. Yürüş iki istiqamətdə - Şəhidlər Xiyabanı və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüb. Azərbaycan Silahlı Qüvvələrinin yürüşə qatılan bir neçə generalı Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edərək, əklil qoyublar. Hərbi qulluqçular çiyinlərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını daşıyıblar.

Yürüşdə hərbi orkestrin müşayiəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti iştirak edib. Yürüşlər paytaxtdan əlavə Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində də keçirilib. Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi - Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə vəziyyətdə isə Azərbaycanın dövlət müstəqilliyi təsəvvür oluna bilməzdi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Özünün ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu qarşısına qoyulan missiyanı uğurla başa çatdırmaqla Bakını işğalçılardan təmizlədi və Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verdi. Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Aradan uzun illər keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq. 

Türkiyə rəhbərliyi başda olmaqla digər rəsmilər də Bakının azad edilməsi münasibəti ilə Azərbaycan xalqına təbriklər ünvanlayıblar. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına salam və sevgilərini çatdırıb: “Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan qurtuluş ildönümünü ürəkdən təbrik edir, Qafqaz İslam Ordusunun Komandanı Nuru Paşanı və qəhrəman əsgərlərini rəhmətlə anıram”. 

Prezidentin sözçüsü İbrahim Kalın da “Twitter”də bildirib ki, bir əsr sonra eyni ruh və əzm Qarabağı da azad etdi: “Türkiyə-Azərbaycan qardaşlığı əbədi olacaq”. 

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da xatırladıb ki, Bakının qurtuluşunun 103-cü ildönümündə artıq Qarabağ da azaddır: “Əziz şəhidlərimizi rəhmətlə anıram. Ruhları şad olsun”. Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk 15 sentyabr gününü Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biri adlandırıb: “Qafqaz İslam Ordusu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib. Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir”.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da sosial şəbəkədə 15 sentyabrı bu cür yad edib: “Bu vacib gündə Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuru Paşanı, onun qəhrəman ordusunu və Qafqazın bağrında yatan minlərlə şəhidimizi rəhmətlə anırıq. Tək millət, iki dövlət”. 

Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə Qafqazda yeni reallıqlar yaradıb:

 “Bu gün çox əlamətdar bir gündür. 103 il əvvəl Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycan Ordusu ilə Bakı şəhərini bolşevik-daşnak qüvvələrindən azad edib. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixi köklərə əsaslanır. Bakının işğaldan azad edilməsi zamanı 5 mindən çox türk əsgəri öz canını qurban verib. Bu hadisələr Azərbaycan xalqının yaddaşına həkk olunub. Azərbaycan xalqı hər zaman türk şəhidlərinin xatirəsini əziz tutur. Bakı Türk Şəhidliyi abidəsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının bir rəmzidir. Bura xalqımızın ehtiramla yad etdiyi məkana çevrilib”. YAP sədrinin müavini qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir: “Bizim ortaq mədəniyyətimiz, dilimiz, dinimiz var. İki ölkə arasında dünyada analoqu olmayan münasibətlər sistemi qurulub. Bizim dostluq və qardaşlıq münasibətimiz 102 ildən sonra da təkrar olunub. Azərbaycanın haqq savaşında Türkiyə mənəvi və siyasi dəstək göstərib. Türkiyə Vətən müharibəsində Azərbaycanla bir olduğunu bütün dünyaya nümayiş etdirib. Bu gün Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik zirvəsinə ucalıb. Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri, qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. Hər iki ölkə başçısının iştirakı ilə imzalanan Şuşa Bəyannaməsindən sonra da görülən işlər göz qabağındadır”.

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə bildirib ki, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir: 

“Bu dostluq və qardaşlıq bu gün də uğurla davam etdirilir. Bu əlaqələrin inkişafında və möhkəmlənməsində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri var. Azərbaycan həm ötən əsrin əvvəllərində, həm də Vətən müharibəsi zamanı Türkiyənin verdiyi dəstəyi heç zaman unutmayacaq. Türkiyə-Azərbaycan dostluğu sarsılmaz və əbədidir!”. 

İsmayıl Qocayev