“O, uzun müddətdir Azərbaycan təhsil sistemində rəhbər vəzifədə çalışır, dövlətçilik təcrübəsi də kifayət qədər çoxdur”
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün Elm və Təhsil Nazirliyinin tərkibində müxtəlif səviyyələrdə işçi qrupları yaradılıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, işçi qrupları müvafiq istiqamətlərdə fəaliyyət göstərirlər. Bununla bağlı hər hansı yenilik olduğu təqdirdə ictimaiyyətə açıqlanacaq. Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb. Lakin hələlik Universitetə rektor təyinatı olmayıb.
Bəs Qarabağ Universitetinə kim rəhbərlik edəcək?
Elm və Təhsil Nazirliyi Modern.az-ın bununla bağlı sorğusuna cavab verib.
“Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün Elm və Təhsil Nazirliyinin tərkibində müxtəlif səviyyələrdə İşçi qrupları yaradılıb və İşçi qrupları müvafiq istiqamətlərdə işləyirlər. Bununla bağlı hər hansı yenilik olduğu təqdirdə ictimaiyyətə açıqlanır”, - nazirliyin cavabında bildirilib.
“Eyni zamanda bildiririk ki, Qarabağ Universitetinə rektor təyinatı Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir”, - deyə nazirlik əlavə edib.
Universitetin fəaliyyətinin təşkilindən danışan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın bildirdiyinə görə, Qarabağ Universiteti yaxın vaxtlarda tam hazır vəziyyətə gətiriləcək.
O bildirib ki, Xankəndi şəhərində tələbələrlə yanaşı, müəllimlər üçün də yataqxana fəaliyyət göstərəcək və yataqxanada qalanlara müəyyən güzəştlər ediləcək.
O, yataqxanaların müasir standartlara tam cavab verəcəyini vurğulayıb. Yataqxanalar həm tələbələr, həm də müəllimlər üçün tamamilə pulsuz olacaq.
Agentlik direktoru deyib ki, Qarabağ Universitetində keyfiyyətli təhsil üçün bütün imkanlar yaradılacaq. Ali təhsil müəssisəsində əsasən prestijli ixtisasların tədrisinə üstünlük veriləcək. İxtisasların sayı ildən-ilə artırılacaq. Universitetdə fakültələri əvəz edəcək turizm, mühəndislik, humanitar, iqtisadiyyat məktəbləri fəaliyyət göstərəcək. Yəni məktəblər ixtisasların rəngarəngliyi ilə seçiləcək.
Ülkər Səttarova tələbə və müəllimlərin Xankəndi şəhərinə necə gedib-gələcəyindən də danışıb. Deyib ki, hazırda logistika məsələlərinin həlli ilə bağlı işlər görülür. Çalışılacaq ki, ölkənin müxtəlif yerlərindən tələbə və müəllimlərin Xankəndiyə rahat gediş-gəlişi təmin olunsun.
Direktor əlavə edib ki, Qarabağ Universitetində işləyəcək müəllim heyətinin seçimi ilə bağlı müzakirələr aparılır.
Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında deyib ki, 30 ildən sonra tarixi torpaqlarımızda Universitet açılması kifayət qədər böyük hadisədir.
2024-cü ilin sentyabr ayında Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlamasını hər bir Azərbaycan vətəndaşı səbrsizliklə gözləyir:
“Gənc nəslin oraya axını, ailələrin Xankəndiyə köçürülməsi oradakı həyatı daha da rəngarəng edəcək. Qarabağda universitetin fəaliyyətə başlaması Bakının tələbə yükünü də azaltmış olacaq. Tələbələrin bu universitetə üstünlük verməsi də vacibdir. Bu universitetin yaradılması məhz Qarabağda və Şərqi Zəngəzurda kadr potensialının gücləndirilməsi və həmin ərazidə yaşayacaq Azərbaycan vətəndaşlarının ali təhsil alması üçün əla bir imkan olacaq. Dövlət də bu istiqamətdə ciddi addımlar atır. Qarabağ Universitetində 1000 tələbənin ödənişsiz təhsil alması, ödənişsiz yataqxana ilə təmin edilməsi, əlavə təqaüdlərin verilməsi dövlətin tarixi torpaqlarımızda yeni təhsil mühitinin yaradılmasında nə qədər maraqlı olduğunu göstərir”.
Qarabağ Universitetinə kimin rəhbərlik edəcəyi ilə bağlı sualımıza gəldikdə isə K.Əsədov bu postda nazir müavininin təyin edilməsini məqsədəuyğun hesab edib: “Qarabağ Universitetində çalışmaq çox böyük və qürurverici hadisədir. Hesab edirəm ki, bu universitetə rəhbərlik etmək üçün Elm və təhsil nazirinin müavini Firudin Qurbanov uğurlu bir kadrdır. Uzun müddətdir Azərbaycan təhsil sistemində rəhbər vəzifədə çalışır, dövlətçilik təcrübəsi də kifayət qədər çoxdur. Firudin müəllimin Qarabağ Universitetinə rektor olmaq üçün ən uğurlu namizəd olduğunu düşünürəm. Onun ali təhsil sahəsindəki təcrübələrindən faydalanaraq Qarabağ Universitetində yeni bir mühit yaratmaq olar”.
Qarabağ Universitetində tədrisin təşkilinə töhfə verməyə hazır olduğunu vurğulayan K.Əsədov Azərbaycan dövlətinə və təhsilinə xidmət edən bir əsgər olduğunu deyib: “Ali Baş Komandanımız bizim hansı cəbhədə döyüşməyimizi əmr etsə, canla-başla səfərbər olmağa, bilik və bacarıqlarımızı bu istiqamətdə nümayiş etdirməyə hazırıq. Yeni bir universitet modeli yaratmaqda maraqlı olan biri olaraq deyim ki, aldığım təhsil və elmi tədqiqat təcrübələrim istənilən ali məktəbi idarə etmək bacarığına imkan verir. Onu da deyim ki, ölkəmizdə yeni bir ali təhsil mühitinə çox böyük ehtiyac var. Bu universitet həm əmək bazarının tələblərinə cavab verməli, həm də müasir standartlara cavab verib, beynəlxalq reytinq cədvəlində yer almalıdır. Təhsilin keyfiyyəti kəmiyyətindən artıq olan bir universitet modeli qurmalıyıq. Çox təəssüf ki, bizim universitetlərdə kəmiyyətə daha çox üstünlük verilir. Tədris edilən fənlərin keyfiyyəti və məzunların hazırlıq səviyyəsi əmək bazarına uyğun deyil. Bütün universitetlər eyni ixtisas üzrə kadr hazırlayır. X Universiteti ilə Y Universitetində oxumağın heç bir fərqi yoxdur. Aşağı-yuxarı verilən təhsil də, ixtisaslar da eyni səviyyədədir. Qarabağ Universiteti bu universitetlər arasında yeni bir rəqabət mühiti yaratmalıdır ki, bütün abituriyentlər məhz həmin Universitetdə təhsil almağı arzulasın”.