Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda görüş tarixi bəlli olub.
Bu barədə Azərbaycan XİN-in sözçüsü məlumat yayıb.
Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq.
Baş tutacaq görüşünü “Sherg.az”a dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Qazaxıstanda baş tutacaq təmaslarda vasitəçilik nəzərdə tutulmur:
“Sadəcə olaraq Qazaxıstan xoşməramlı niyyətlər çərçivəsində bizə görüş üçün imkan yaradır. Azərbaycan və Ermənistan arasında danışıqlar qapalı formada həyata keçirilir. Çərçivə sənədinin böyük hissəsi razılaşdırılmış vəziyyətdədir. Amma bəzi məsələlər hələ də qalır. Ermənistan sərhədlərin 1991-ci ilin xəritələrinə əsasən müəyyən olunmasını istəyir. Bu isə real deyil, 1991-ci ilin xəritələri demək olar ki, yoxdur. Çünki 1989-cu ildən etibarən Ermənistan Sovet tərkibində olan sərhədləri hüquqi və fiziki baxımdan məhv edib. İndi isə təklif olunan 1975-ci ilin xəritələridir. Azərbaycanın isə mövqeyi fərqlidir. Biz istəyirik ki, müxtəlif illərin xəritələri fərqli sərhədlərin hissələrinə aid tətbiq olunsun”.