“Xarici agentlər” haqqında qanun layihəsi yenidən Gürcüstanda daxili gərginliyi artırıb. Okeanın o tayı və "qoca qitə"dən agent idxalına qarşı gürcü siyasi elitasının "stop qoymaq" qərarına birincilər bu dəfə də emissarları vasitəsilə "azadlıq tələbi" ilə qarşılıq verirlər.
"Məxməri inqilab"dan sonra qonşu Gürcüstanı yenə vətəndaş itaətsizliyinə sürükləyən "azadlıq aşiqləri" əsl niyyətini çox gözlətmədilər.
Amerikanın Gürcüstandakı səfiri Robin Dunniqanın "Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan da imtina edib” mesajı Birləşmiş Ştatların "agent şəbəkəsi" ilə əlaqədar dərin təşviş və narahatlığının təzahürüdür.
Gürcüstanın qarşısında isə konkret tələb qoyulur - “Xarici agentlər” haqqında qanunun qəbulundan imtina edirsiniz, "yaxanızı buraxırıq".
Saakaşvilinin çiyinləri üzərində Gürcüstana "qədəm qoyan" Qərb ötən dövr ərzində ölkədə ciddi "agent şəbəkəsi"ni formalaşdırmağa müvəffəq olub.
Saakaşvili isə həbsxanada köməksiz durumda tək buraxılıb - çünki ABŞ-da onun "missiyasını" bitmiş sayırlar. Gürcüstan artıq Avropa İttifaqına namizəd statusundan məhrum olunacağı ilə hədələnir.
Ukrayna və Gürcüstanda baş verən hadisələr ABŞ və Qərbin "demokratiya", "insan haqları" adı altında postosvet məkanını hansı bəlalara sövq etməsinin bariz nümunəsidir. Təkcə postsovet məkanı deyil - İraq, Liviya, Suriya, Əfqanıstan,..
Analoji proseslər Ermənistanda da həyata keçirilir. Paşinyanın hakimiyyətə gəlişindən sonra ruporluq səmtini Qərbə tərəf dəyişən rəsmi İrəvan ölkəsini və regionu fəlakətlərə sürükləməyə çalışır.
Görünən odur ki, ABŞ-ın "Cənubi Qafqaz ssenarisi" fiaskoya uğrayıb. Gürcüstanda xarici agent qanunu ilə bağlı müzakirələr, Ermənistanda isə Paşinyanın ictimai nüfuzunu ciddi şəkildə itirməsi bunun əyani sübutudur.
Azərbaycan isə regionun lider dövləti olaraq tarixi Zəfərlərə imza atır, dünya qütbləri arasında kəskin qarşıdurma fonunda öz müstəqil və balanslaşmış diplomatik siyasətini davam etdirir. 700 min gürcü və milyonlarla erməninin öz dövlətlərini tərk etdiyi bir şəraitdə ölkəmizin rolu və iştirakı olmadan heç bir regional layihə uğur qazanmır.
Beynəlxalq münasibətlər sistemində formalaşmış "Azərbaycan modeli"nə Gürcüstan da keçid edir və Qərbin orbitindən uzaqlaşır. Növbədə isə Paşinyan və onun idarə etdiyi Ermənistandır.
Bu, bir daha təsdiq edir, milli maraqlara söykənən müstəqil siyasət kursunun alternativi yoxdur!
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib ki, Gürcüstanda baş verən proseslərin təməli uzun müddət öncə qoyulub:
"Gürcüstanda Mixail Saakaşvili vasitəsilə Qızılgül inqilabının keçirilməsi və sonda Mixail Saakaşvilinin pis vəziyyətdə qoyulması Qərbin zaman-zaman həm siyası, həm də diplomatik gediş-gəlişlər etdiyinin sübutudur. Saakaşvili müsahibələrinin birində Qərbin onu pis vəziyyətdə qoymasının səbəbini Qərbin öz standartlarının olması və hakimiyyətdə olduğu dövrdə bu standartların tam qarşılana bilməməsi ilə əlaqələndirib. Hazırda Gürcüstanın qəbul etmək istədiyi qanun layihəsini ABŞ 1938-ci ildə qəbul edib. Bu gün başda Fransa olmaqla dünyanın fərqli ölkələrində də bu qərar qəbul edilməyə çalışır. Onu da qeyd edək ki, ABŞ-nin qəbul etdiyi qanun layihəsində ciddi cəza tədbirləri olsa da, bu Gürcüstanda yoxdur".
Analitik əlavə edib ki, hazırda Gürcüstana edilən təzyiq kollektiv Qərbin Əfqanıstanda, Ukraynada, Yaxın Şərqdə əldə edə bilmədiyi uğurların kompensasiya edilməsi məqsədilə həyata keçirilir:
"Bu yolla onlar Rusiyanı daha da zəiflədib gələcəkdə Çinə qarşı səfərbər olması üçün çalışırlar".