“Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevin vaxtında “ANS”in müxbiri Bibiheybət məscidinin qarşısında dayanaraq sorğu keçirmişdi”
“Ümumiyyətlə, Rafiq Əliyev illər öncə qeyd edib ki, təkcə Bibiheybət məscidində ayda 400 min manat vəsait yığılır. Həmin illər dolların 0.78 olduğu dövr idi”
Son günlər sosial şəbəkələrdə nəzir qutularının ləğvi ilə bağlı iddialar irəli sürülür.
Bildirilir ki, Azərbaycanda İran təsirini azaltmaq üçün ilk növbədə nəzir qutularını ləğv etmək vacibdir:
“Oradan gələn gəlirin böyük hissəsinin ziyanımıza sərf olunduğu sirr deyil.
Əsasən bu vəsait bir-iki nəfərin cibinə axır. Bizim Qarabağdan gözəl qibləmiz, YAŞAT fondundan üstün nəzir qutumuz ola bilməz. Həqiqətən islama bağlı olanlara dərin hörmətlə”.
Məsələ barədə fikirlərini “Sherg.az”la bölüşən ilahiyyatçı-alim Elşad Miri qeyd edib ki, nəzir qutularının ləğvi ilə bu məsələnin qarşısı alınmayacaq:
“Çünki insanlar nəzir qutusuna pul atmırlar. Ona görə də onlar bu gün müxtəlif variantlar vasitəsilə müəyyən din xadimlərinə edilən yardımlarla vəsait yığılmasını əldən verirlər. Bu, nəzir qutuları ilə əlaqəli olan bir məsələ deyil. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevin vaxtında “ANS”in müxbiri Bibiheybət məscidinin qarşısında dayanaraq sorğu keçirmişdi. Ümumiyyətlə, Rafiq Əliyev illər öncə qeyd edib ki, təkcə Bibiheybət məscidindən yığılan vəsait ayda 400 min manatdır. Həmin illər dolların 0.78 olduğu dövr idi”.
E.Miri vurğulayıb ki, eyni məsələni bu gün Mirmövsüm ağa olaraq bildiyimiz həmin o məkanla da əlaqələndirə bilərik:
“Amma bu məscidlərin yanında olan nəzir qutularına böyük bir məbləğ yığılmasına inanmıram. Ona görə ki, müəyyən fəsillərdə məsələn, Aşura günləri, yaxud da bayramlar ərəfəsində daha çox pul yığıldığının şahidi oluruq”.
İlahiyyatçı diqqətə çatdırıb ki, dünyanın hər yerində - Türkiyənin özündə də yardım etmək istədikdə və ya dərnəklərə dəstək vermək məqsədilə vəqflər qurumu yaradılıb. Onlar o vəqflər fonduna vəsaitin hara xərclənəcəyi barədə öz hesabatlarını verirlər:
“Belə olduğu halda şəffaflıq daha çox qorunur. Təəssüf ki, bunları Azərbaycanda görə bilmirik”.