Ermənistan mövcud reallığı qəbul etməsə, yenə silahlar işə düşəcək
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Emənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib. Nazir Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyini vurğulayıb. C.Bayramov oktyabrın 18-də Qətərin Baş nazirinin müavini, Xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirdikləri mətbuat konfransında qeyd edib ki, Ermənistandakı revanşist qüvvələrə tövsiyəmiz ondan ibarətdir ki, yanlış yolla getməsinlər: “İmzalanmış sənədin yerinə yetirilməsi vacibdir”.
Revanşist qüvvələrə xəbərdarlıqla bağlı fikirlərini “Şərq”lə bölüşən politoloq Samir Hümbətov bildirib ki, son illər Azərbaycan və Ermənistan arasında gərginlik artmaqdadır:
“Bu proseslər xüsusən də Rusiya sülhməramlı kontingentinin Qarabağda müvəqqəti dislokasiya olunduğu ərazidə gedir. Təsadüfi deyil ki, Paşinyanın Moskva səfəri ərəfəsində atəşkəs yenidən pozulmağa başladı. Erməni terrorçuları Azərbaycan mövqelərini atəşə tutdu. Daha sonra Minskdə Ceyhun Bayramov MDB dövlətlərinin xarici işlər nazirlərinin toplantısında Rusiya və Ermənistan xarici işlər nazirləri ilə görüş zamanı yenidən atəşkəs pozuldu və Azərbaycanın bir hərbi qulluqçusu şəhid oldu. Proseslər onu göstərir ki, Qarabağla bağlı vəziyyət səngiməyib, əksinə, daha da kəskinləşib”.
Politoloqun qənaətincə, Azərbaycan xəbərdarlıq mövqeyindən çıxmağa doğru gedir:
“10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamənin şərtlərinə əməl olunmur. Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq edib ki, 10 noyabr 2020-ci il bəyannaməsinin şərtlərinə əsasən, erməni terrorçu dəstələri, hansı ki, onlar indi rus sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Qarabağ ərazisində hələ də mövcudluğunu qoruyur, hətta post qurublar. Azərbaycan Silahlı Qüvvələri ilə demək olar ki, üzbəüz mövqelərdə yerləşdiriliblər. Bu da hər zaman müharibə təhlükəsini davam etdirir. Yəni Azərbaycanın istənilən an terror əməliyyatları keçirmək üçün əlində tam hüquqi əsası var. Digər tərəfdən Paşinyanın təbii ki, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün bəzi isti mesajlar verdiyi görünür. Bu, xüsusilə də MDB dövlət başçılarının onlayn şəkildə keçirilən zirvə toplantısında, verdiyi açıqlamada özünü göstərir.
S.Hümbətov həmçinin əlavə edib ki, Ceyhun Bayramovun da Minskdə görüşü zamanı əsas müzakirə etdiyi mövzulardan bəziləri sərhədlərin demarkasiya və delimitasiyası, Qarabağdakı son vəziyyət, Zəngəzur dəhlizinin açılması və digər məsələlərdir. Görünən odur ki, Azərbaycan tərəfi dəfələrlə bu mövzularda təşəbbüs göstərir, cəhd edir. Problem isə yalnız Ermənistan və müəyyən qədər də Rusiya tərəfindədir. Azərbaycan bu məsələyə olduqca optimist yanaşır və atdığı addımlarda da sülhə doğru müəyyən bir istiqamət götürür, bunu da açıq şəkildə bəyan edir”.
Politoloq diqqətə çatdırıb ki, Azərbaycanın səbri tükənməz deyil, necə ki, 27 il dözdük, axırda antiterror əməliyyatları keçirdik, torpaqlarımızı işğaldan azad etdik:
“Amma hələ ki, Azərbaycan qısa müddət ərzində antiterror əməliyyatları etmək niyyətində deyil, yəqin ki, müəyyən bir müddət beynəlxalq təşkilatların, eləcə də əlaqədar təşkilatların maraqlı qüvvələrin dəstəyi, köməyi və vasitəsilə bu məsələlərdə irəliləmə əldə etmək istəyəcəyik. Əgər nəticə olmasa, təbii ki, hər zaman antiterror əməliyyatları “stol üstündədir”, icra oluna bilər. Bununla bağlı Azərbaycana qarşı kimsə hansısa bir formada təzyiq etmək iqtidarında deyil və ola da bilməz. Azərbaycan öz suveren əraziləri uğrunda mübarizə aparır. Anlaşma var. Azərbaycan o anlaşmanın bütün şərtlərinə əməl edir. Yerdə qalan isə Ermənistan və Rusiyadan asılıdır. Hesab edirəm ki, Azərbaycan bu məsələyə səbirli yanaşmağa çalışır. Atdığı addımları imzalanmış müqavilənin şərtlərinə uyğun həyata keçirir. Amma müəyyən bir zaman kəsiyindən sonra bu şərtlərə əməl edilməzsə, antiterror əməliyyatlarının olması məqbul və gözləniləndir”.