“Şərq”in 25 yaşına 25 ağac əkildi - FOTOLAR

Bu ərazi artıq hər bir “Şərq”çi üçün doğma, əziz məkan olacaq. Harda olsaq da, harda çalışsaq da biləcəyik ki, əkdiyimiz ağaclar var

Necə edək ki, “Şərq”imizin 25 yaşı yadda qalan və unudulmayan olsun?.. Neçə gündür redaksiyada təkliflər, ideyalar, təşəbbüslər havada uçuşur. 

Gənclərimiz kreativdi. Klassikadan qaçırlar. Baş redaktorumuz Akif Aşırlı, baş redaktorun birinci müavini Yusif  Nəzərli və orta nəslin digər nümayəndələri adət-ənənələrimizə uyğun təkliflərə daha isti yanaşırlar. 

Amma əsası qoyulandan azad qələmin, doğru sözün, sərbəstliyin məkanı olan “Şərq” (hərdən, yəni əsəbi vaxtlarında Akif müəllim, “deyəsən, sizə həddindən artıq demokratiya vermişəm” deyir, bəzən, amma tez də ürəyi yumşalır”) də öz ənənəsinə sadiqdir və hər kəsin təklifini dəyərləndirir. Əlbəttə, imkan daxilində. 

Gənclərin üzərinə süjet hazırlamaq, çəkilişlər etmək, flşşmob keçirmək düşdü (Youtub kanalında, sosial şəbəkələrdə görəcəksiniz).  “Ağsaqqallar”  “Həsən bəy Zərdabi ziyarət olunmalıdır” - dedilər. Bu təklif də birmənalı qəbul olundu. 

Gəlirik əsas təklifə! Yusif müəllim “gəlin, 25 yaşımıza 25 ağac əkək”, dedi. Bu lap əla təklif oldu! Hamımız razı qaldıq və bəyəndik. 

Dünyada ağac əkmək, təbiəti qorumaq, havamızı saflaşdırmaq, gələcək nəsillərə yaşıllıq miras qoymaqdan ülvi başqa nə ola bilər ki?! Məsələ operativ həllini tapdı. Akif Aşırlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə yaratdı. 

Hörmətli İradə xanım İbrahimova da təklifə xoş yanaşdı. Nəticə bu gün (dünən) Zığ şossesində 25 nar ağacının əkilməsi oldu. Kollektivimiz hamı bir nəfər kimi səhər saatlarından yola çıxdı.

 Beynəlxalq Hava Limanının güzgü kimi magistral yoluyla Zığ tərəfə istiqamət aldıq. Orada bizi ETSN-nin əməkdaşları hazır vəziyyətdə gözləyirdi. Şitillər gətirilmişdi.  Su maşını da hazır dayanmışdı. 

Əlimizə bel alıb kövrək nar ağaclarını torpağın bağrına həvalə etdik. Nazirliyin əməkdaşları da bizimlə birgə çalışdılar, naşı olduğumuz məsələləri onlar həll etdilər. Belə baxanda, kollektivimizdə “torpaq adamları” çoxdur. 

Nəyi necə etməyi yaxşı bilirlər. Xanımlarımız bir az naşı idilər. Bu da ETSN-nin əməkdaşlarının səyi ilə həll olundu.  Ağaclar əkildi – tam 25 ədəd. Heyifsləndik ki, gərək çox sifariş edəydik. Ağac nə qədər çox əkilsə, havamız, nəfəsimiz bir o qədər təmiz olacaq. 

Eyib etməz. Növbəti ildə daha çox əkərik. İşimizi bitirib sağollaşdıq ağaclarla. Ərazidən ayrılanda Yusif müəllim gerçəkdən “ağaclarımıza əl yelləyin”, dedi. Sonra da özü “salıamat qalın, sizi sulamağa mütləq gələcəyik”, söylədi. 

Bu ərazi artıq hər bir “Şərq”çi üçün doğma, əziz məkan olacaq. Harda olsaq da, harda çalışsaq da biləcəyik ki, əkdiyimiz ağaclar var. Böyüyürlər, kölgə salırlar. 

Bar verirlər. Bu da bizim təbiətimizə, ölkəmizə yaşıl töhfəmiz olsun!  Ekologya və Təbii Sərvətlər Nazirliyinə bu xeyirxah təşəbbüsdə bizə dəstək olduqları üçün, təşkilati məsələləri yüksək səviyyədə həll etdikləri üçün bir daha təşəkkür edirik.