“Rusiyadan qorxuları olsa belə, Qərblə müəyyən əlaqələri var”
“Lakin Erməmistan bütün hallarda özünü müstəqil göstərməyə çalışır”
“Sərhədlərin delimitasiya və demarkasiyası dövlətlərarası münasibətlərdə çıxış nöqtəsidir. Bir ölkənin ərazi bütövlüyünü tanımadan siyasi əlaqələr yaratmaq olmur”
Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutub.
Prezdent İ.Əliyev üçtərəfli görüşdə diqqətə çatdırıb ki, rəsmi Bakı Moskvanın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərinə dair prosesə başlamağa hazırdır:
"Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Delimitasiya prosesinə başlamağa hazırıq. Bundan başqa biz açıq şəkildə Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlamağı təklif etdik".
Rusiya Prezidenti Vladimir Putin isə qeyd edib ki, Brüssel görüşünə qədər nəticələrin əldə olunmasını istəyir:
“Hərçənd biz başqa görüşlərə heç vaxt etiraz etməmişik. Amma istərdik ki, ora konkret nəticə ilə gedilsin”.
Qeyd edək ki, dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.
Görüşü “Sherg.az”a şərh edən BDU-nun professoru, siyasi icmalçı Qulu Məhərrəmli bildirib ki, heç bir məsələdə Ermənistana güvənmək mümkün deyil:
"İndiki halda rəsmi İrəvanın "ipi öz əlində deyil". Rusiyadan qorxuları olsa belə, Qərblə müəyyən əlaqələri var. Lakin Erməmistan bütün hallarda özünü müstəqil göstərməyə çalışır. Sərhədlərin delimitasiya və demarkasiyası dövlətlərarası münasibətlərdə çıxış nöqtəsidir. Bir ölkənin ərazi bütövlüyünü tanımadan siyasi əlaqələr yaratmaq olmur. Paşinyanın davranışları təəccüblü deyil. Hətta razılıq əldə edilsə belə, Ermənistan məsələyə səmimi yanaşmayacaq. Tarixi təcrübə göstərir ki, rəsmi İrəvanı işlərə cəlb etməyin tək çıxış yolu hərbi üsuldur. Azərbaycan hərb meydanında uğurlu nəticələrə nail olub. Gələcəkdə də diplomatik danışıqlar, siyasi həll variantları ilə yanaşı hərbi yolu nəzərdə tutmalıyıq.
15-16 noyabr döyüşləri sübut etdi ki, əks-hücumla təxribatların qarşısınıalmasaq, Ermənistanı razı salmaq mümkün olmayacaq. 1928 və 1975-ci il xəritələrinə əsasən sərhədlərin delimitasiyası aparılmalıdır. Ermənistan cığallıq edir. Azərbaycanln mövqeyi tam haqlıdır, Rusiya tərəfi də bunu anlayır".