Cümhuriyyət heyranı...

Görkəmli ictimai xadim Ramiz Abutalıbov heç vaxt unudulmayacaq

Azərbaycan daha bir ziyalısını - Ramiz Abutalıbovu itirdi. Ramiz Abutalıbov Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçılarından idi. Onun haqqında tərtib olunmuş nekroloqda qeyd edilir ki, Ramiz Abutalıbov 1937-ci il oktyabrın 27-də ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirib. 1980-1984-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə Komissiyasının sədri vəzifələrində çalışıb. R.Abutalıbov 1971-1979, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin - YUNESKO-nun əməkdaşı olub. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləyib.

Ramiz Abutalıbov Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynayıb. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunub. Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunan dörd kitabın tərtibçisi və naşiridir.
Parisdə 1989-cu ildə "Azərbaycan evi" Assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olan azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində, "İçərişəhər" (2000-ci il) və "Muğam" (2003-cü il) sənətinin ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olub. Ramiz Abutalıbov 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü idi.

Görkəmli ictimai xadimlə bağlı jurnalist Hafiz Əhmədov maraqlı xatirə paylaşıb: 

“Nə bir dəfə görüşüb üzbəüz söhbət etmişdik, nə bir dəfə əlini sıxıb salamlaşmışdıq, bir yerdə çay içmişdik. Heç bilmirdim ki, harada, necə yaşayırdı. Tək bildiyim budur ki, Cümhuriyyətimizin qurucularının varisləri ilə müsahibələrimi yayımlayan kimi, həmin an inbox-a bir mesaj göndərərdi. "Təbrik edirəm", yazardı. Dəyərli məsləhətlərini qeyd edərdi. Hətta bəzən çox uzaq ölkələrdən elə müsahiblər tapırdım ki, müsahibə üçün suallar fikirləşə bilmirdim. Tez ona yazırdım ki, "mən ona hansı sualları göndərsəm daha maraqlı olar". İkimiz də səbirsizliklə müsahibəni, yəni suallarımıza cavabları gözləyərdik. Cavab gələn kimi ilk ona göndərirdim. Çox böyük həvəs və maraqla cavabları təhlil edərdi. Onun Cümhuriyyət sevgisi məni yeni-yeni müsahibələrə həvəsləndirərdi. Həmişə yazırdı ki, "davam elə". Hətta müsahibələrimi elə diqqətlə oxuyurdu ki, nöqtə, vergül, məna səhvləri də gözündən yayınmırdı, tez yazırdı ki, "orda düzəliş elə..." Özümü o qədər məsuliyyətli hiss edirdim ki...  Onun bir "təbrik edirəm", mesajı mənim yaradıcılığıma ən dəyərli qiymət idi, ən yüksək maaş idi, milyonlarla oxucu demək idi... Heç bilmirdim ki, harada yaşayır. "Facebook"la zəng edirdi, müsahibələrimlə bağlı məsləhətlər verirdi. Çox öyrəndim ondan, hələ də öyrənməli idim. İki gündür ki, onun göndərdiyi mesajları oxuyuram, hər cümləsi bir dərsdir. Ona həmişə yazırdım ki, "xahiş edirəm, mənə müsahibə üçün yeni adlar deyin, mən axtarıb tapacam". Kimi dedisə hamısını tapdım, dünyanın harasında olmasından asılı olmayaraq müsahibələr götürdüm. Elə təəccüblənirdi ki, yazırdı ki, "necə tapırsız onları?.." Bu gün qürur duyuram ki, ona ən gözəl müsahibələr oxutdum, təklif etdiyi bütün varisləri tapdım, müsahibələr götürdüm. Çox dəyərli insan idi, alim, diplomat idi. Ən əsası da əsl azərbaycanlı idi. Heç unutmaram, mən jurnalistikadan uzaqlaşmaq istəyəndə, başqaları ("alim") mənim əməyimi öz adına çıxanda, bəziləri yazılarımı "like" etmək üçün də qorxanda o, mənə bir cümlə mesaj yazdı: "Sən ruhdan düşmə, davam elə..." Son vaxtlar yazırdı ki, "geniş yazılar oxuya bilmirəm, ürəyim ağrıyır..." Hiss etmişdim hər şeyi. Çox təəssüflər olsun... Bu dünyadan, Azərbaycandan bir Ramiz Abutalıbov gəldi və getdi... Ruhun hər zaman şad olsun Ustad... 

Görkəmli ictimai xadimin vəfatından kədərlənənlər çoxdur. “Mənə azərbaycanlı olmağı Ramiz müəllim öyrədib” yazanlar da var. 

Rəcəb Mahmud adlı sosial şəbəkə istifadəçisi isə yazır ki: “Ramiz müəllimin hələ sovet dönəmində Parisdə cümhuriyyət tarixi ilə bağlı apardığı araşdırmalar o zaman üçün bizə böyük sürprizlər idi... Allah rəhmət eləsin... Çox böyük ziyalı idi”.
Tarixçi-alim Solmaz Rüstəmova - Tohidi isə gənclərin Ramiz Abutalıbovu bu şəkildə ehtiramla yad etmələrindən təsirlənərək yazıb: “Vətənpərvər yaradıcı gəncləri çox sevirdi, hər birini diqqətdə saxlayırdı. Nə yaxşı ki, xatirəsini yaşadacaq gənc nəsil yetişib...”

Ramiz Abutalıbov Bakıda II Fəxri Xiyabanda dəfn edilib. Onu da qeyd edək ki, tabutuna örtülən Cümhuriyyət dövründənqalma Azərbaycan bayrağını özünün çoxdan tədarük edərək saxladığı və etibarlı dostlarından birinə əmanət etdiyi də deyilir...

Allah rəhmət eləsin.