ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq -RƏY

Bu səbəbdən İrəvan hökuməti Rusiya ilə iqtisadi əlaqələrin korlanmasından ehtiyatlanır


 İrəvan Moskva ilə dialoqu davam etdirməyi hədəfləyir. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, İrəvan Rusiya Federasiyasının maraqlarına anlayışla yanaşmağa çalışır: “Arzu və anlayış var ki, Rusiya tərəfi də beynəlxalq platformalarda Ermənistanın maraqlarını nəzərə alacaq”. Mirzoyan qeyd edib ki, Ermənistan regionun iqtisadi cəlbediciliyinin artırılmasında maraqlıdır və Cənubi Qafqazda bütün kommunikasiyaları blokdan çıxarmağa hazır olduğunu təsdiqləyir. Mirzoyan Ermənistan-İran sərhədindən Rusiya sərhədçilərinin çıxarılması barədə də danışıb. XİN rəhbəri qeyd edib ki, Ermənistan İran sərhədi hər zaman sakit olub və orada heç vaxt problem olmayıb. Onun sözlərinə görə, Ermənistan-İran sərhədi bundan sonra daha sakit olacaq: “O ki qaldı KTMT-yə, bizim Rusiya ilə olduqca ciddi və güclü ikitərəfli münasibətlərimiz mövcuddur. Biz, həqiqətən müttəfiqik. Bizim İranla çox yaxşı mehriban qonşuluq, tərəfdaşlıq münasibətlərimiz var. Rusiyanın da İranla çox yaxşı tərəfdaşlıq münasibətləri mövcuddur. Düşünürəm ki, bizim ölkələrimiz bu əməkdaşlıqlardan faydalanacaq”. 

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, İrəvan Moskva ilə iqtisadi bağları saxlamağa çalışır. Ekspertin sözlərinə görə, ABŞ ilə strateji tərəfdaşlıq sazişindən sonra Ararat Mirzoyanın Moskvaya səfərində əsas məqsəd Ermənistan-Rusiya iqtisadi əlaqələrini qoruyub saxlamaqdır: 
"Nikol Paşinyan Rusiya ilə əlaqələri ona görə qoruyub saxlayır ki, Donald Trampın prezident kimi Ermənistan-ABŞ arasında strateji saziş üzrə hansı qərarlar verəcəyi, addım atacağı bəlli deyil. İrəvan Trampın qərarını gözləyir. Rusiya rəhbərliyi də Trampın prezident seçilməsindən sonra İrəvan-Vaşinqton münasibətlərinin aşağı səviyyəyə düşməsini gözləyir. Ona görə Moskva da Ermənistanla münasibətləri inkişaf etdirməyi və öz nəzarətində saxlamağı hədəfləyir. Böyük ehtimal ki, Ağ Ev rəhbəri Ermənistana dövlət yardımlarını dayandıracaq. Bu səbəbdən İrəvan hökuməti Rusiya ilə iqtisadi əlaqələrin korlanmasından ehtiyatlanır. Ermənistana ABŞ-nin ciddi siyasi və iqtisadi dəstəyi olmazsa, İrəvan Rusiya ilə qarşıdurmaya getməyəcək, Moskva ilə gərginliyin dərinləşməsində maraqlı olmayacaq. Halbuki ötən dövr ərzində ikitərəfli münasibətlərdə xeyli ciddi problemlər yaşanıb".