Rəsmi Moskva çıxış yolunun xəbərləri təkzib etmək əvəzinə, günahını boynuna alıb, təqsirkarları cəzalandırmaq olduğunun gec də olsa fərqinə varmalıdır
Bu gün Rusiyanın hakimiyyət dairələri ilə işləyən bəzi simasızların, medianın Azərbaycanın, xalqımızın ünvanına təhqir yağdırmasının şahidiyik. Ukrayna ilə müharibə səbəbindən Rusiyanın maraqlarına zidd fikir səsləndirən hər bir kəs barədə ölçü götürüldüyü halda, kimsə deyə bilməz ki, Azərbaycana qarşı bu həqarətlər hakimiyyət dairələrinin iradəsindən kənar səsləndirilir. Əgər belə olsaydı, yəqin ki onları da susdurardılar. Ancaq bu, baş vermir. Deməli, həmin şəxslər də nəzarətdədir, Azərbaycan xalqını onların dili ilə təhqir edirlər. Bu proses idarə edən də əli hər yerə çatan Federal Təhlükəsizlik Xidmətidir.
Gah Azərbaycanı neonasistlərin dili ilə hədələyir, gah da “Komsomolskaya pravda”da bir sifarişli mirzənin vasitəsiləuydurmalar qoşur, özlərini daha da gülüş vəziyyətə qoyurlar.
Görünür, Rusiya özünə dost yox, düşmən axtarır və azsaylı dostlarını da itirməyi hədəfləyib. Hətta Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmalarında vurulduqdan, onlarla sərnişin həlak olduqdan sonra belə Azərbaycan tərəfindən Rusiyanın ünvanına təhqir, hədə, səslənmədi. İnsanlar haqlı şəkildə nə baş verdiyini sual etdilər.
Azərbaycan Prezidenti mediaya müsahibə verərək bu işdə məsuliyyətin, ədalətli istintaqın, günahkarların cəzalandırılmasının və zərər çəkənlərə kompensasiya ödənilməsinin vacibliyini diqqətə çatdırdı. Amma indi Rusiyada pilotların danışıqlarını yayaraq yenidən izi azdırmağa, məsələni əsas mətləbdən yayındırmağa çalışdırları bəs deyil, hələ Azərbaycanı günahkar da çıxarmağa çalışırlar.
Rusiya dost və qonşu dövlət kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araçşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, oyun oynamağa üstünlük verir.
Məsələnin mahiyyəti Azərbaycan təyyarəsi vurulduqdan və idarəetməni itirdikdən sonra hansı hava limanına enmə qərarının kim tərəfindən qəbul edilməsi deyil, təyyarənin vurulmasıdır.
Söyüş, təhqir söz bitən yerdə başlayır və kimsə Rusiyadan belə ucuz davranış gözləmirdi.
Boş və mənasız versiyalar ortaya atmaq, fikri başqa səmtə yönəltməkdənsə elə pilotların danışıqlarında 2 otyuracağın partlamasının hansı səbəbdən baş verdiyi araşdırılardı. Təyyarənin füzelyajında, sərnişinin bədənində aşkar olunmuş “Pansır” havadan müdafiə sisteminin qəlpələrinə izahat veriləydi.
Azərbaycan etik məsələlərə dəyər verir, Azərbaycan mediası, ekspertləri, sosial media istifadəçiləri əndazəni aşmayıblar və təhqirə yol verməyiblər. Buna görə də Rusiyadan gələn iyrənc sovet propaqandası, ucuz şoular heç cür qəbul oluna bilməz.
Azərbaycan ictimaiyyəti Rusiya tərəfinin məsuliyyətli davranmasını, məsələ ilə bağlı ədalətli istintaq həyata keçirilməsini, cinayətkarların cəzalandırılmasını və kompensasiyaların ödənilməsini gözləyir.
Politoloq Fuad Abbasov "Sherg.az"a söyləyib ki, ümumiyyətlə söhbət təkcə Rusiya-Azərbaycan əlaqələrindən deyil, genişmiqyaslı dünya dövlətlərinin Rusiyanı qınamasından gedir:
"Rusiyanın hava sahəsinin təhlükəli olması səbəbi ilə bir çox ölkələr gediş-gəlişi təxirə salıb. Rəsmi Moskva Azərbaycan təyyarəsinin vurulması ilə bağlı günahını boynuna alarsa, bütün dünya dövlətləri müharibə qurtarana qədər Rusiyaya təyyarələrinin uçmasına icazə verməyəcəklər. Bu isə Rusiya üçün siyasi və iqtisadi itkidir. Digər tərəfdən buna yol verməmək üçün Rusiya təyyarənin qəzaya uğradığı andan etibarən təkzib edərək, günahı pilotlarda görməyə çalışır. Bütün bunlarla yanaşı, məsələdən istifadə edən müəyyən qüvvələr var. Eyni proses rus təyyarəsi tərəfindən türk təyyarəsinin düşürülürdüyü zaman da baş vermişdi. Rusiyada müxtəlif antitürk qüvvələr hərəkətə keçərək iki ölkə arasında müharibənin yaranması zərurətindən bəhs edirdilər. Ümumilikdə isə Azərbaycan tərəfi Rusiyadan haqlı olaraq öz tələblərini dilə gətirir. Rəsmi Moskva çıxış yolunun xəbərləri təkzib etmək əvəzinə, günahını boynuna alıb, təqsirkarları cəzalandırmaq olduğunun gec də olsa fərqinə varmalıdır".