İraqlı tarixçi: 20 Yanvar Azərbaycan xalqını müstəqilliyə aparan dönüş nöqtəsi oldu

Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxan hadisələr var ki, onlar yalnız faciə kimi deyil, həm də milli oyanışın və özünüdərkin başlanğıcı kimi dəyərləndirilir. XX əsrin sonlarında baş verən 20 Yanvar faciəsi də belə hadisələrdəndir. Bu qanlı gecə xalqın azadlıq və müstəqillik arzularını zor gücü ilə boğmağa çalışan totalitar rejimin əsl mahiyyətini üzə çıxardı. 20 Yanvar Azərbaycan cəmiyyətinin milli iradəsini sarsıtmaq əvəzinə onu daha da möhkəmləndirdi. Qara Yanvar həm hüzn, həm də qürur tarixidir-şəhidlərin qanı ilə yazılan, milli kimliyin formalaşmasında və müstəqil Azərbaycan dövlətinin yaranmasında həlledici rol oynayan bir tarix.

İraqın Respublikaçı Strateji Araşdırmalar Mərkəzinin direktoru, ekspert, siyasi tarix üzrə tədqiqatçı və İraq-Azərbaycan Dostluq Assosiyasına məxsus “Əs-Sədəqa” qəzetinin jurnalisti Dr. Mötəz Mühi Əbdülhəmid Sherg.az-a 20 Yanvar faciəsindən danışıb:

"Xalqların həyatında baş verən tarixi hadisələr millətlərin milli kimliyinin formalaşmasında həlledici rol oynayır. Məhz bu hadisələr xalqları diktator və zorakı rejimlərə qarşı mübarizəyə səsləyir, azadlıq və müstəqillik uğrunda iradəni gücləndirir. Azərbaycan Respublikasının hər il qeyd etdiyi 20 Yanvar faciəsi milli azadlıq hərəkatını siyasi reallığa çevirib, Azərbaycan xalqını müstəqillik uğrunda mübarizəni daha da gücləndirməyə vadar edib.

Bakıda baş verən bu dəhşətli qırğın xalqın yaddaşından heç vaxt silinməyəcək. Azərbaycan Respublikası hər il 20 Yanvar tarixində “Qara Yanvar” faciəsinin ildönümünü qeyd edir. 1990-cı il yanvarın 20-nə keçən gecə Sovet Ordusu quru, dəniz və hava yolları ilə Bakıya hücum edib, azadlıq və müstəqillik tələb edən dinc əhaliyə qarşı tanklardan və avtomatik silahlardan atəş açıb. Nəticədə onlarla günahsız insan qətlə yetirilib. Bu qanlı əməliyyat Sovet İttifaqının dağılmaqda olan kommunist rejimini xilas etmək məqsədi daşıyırdı. Həmin rejim bir neçə ay sonra tamamilə süqut etdi".

Tarixçi 1990-cı ilin yanvar ayının əvvəllərində SSRİ rəhbərliyinin, Mixail Qorbaçovun başçılığı ilə, Bakıya sovet qoşunlarının yeridilməsinə bəraət qazandırmaq üçün qəsdən saxta məlumatlar yaydığını söyləyib: 

"Bu məlumatlara görə guya Bakıdakı vəziyyət nəzarətdən çıxıb və Azərbaycan SSR-də sovet hakimiyyəti ciddi təhlükə altındadır. 1990-cı il yanvarın 19-da Qorbaçov SSRİ Konstitusiyasını kobud şəkildə pozaraq Bakıda 20 yanvardan etibarən fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.

Əhalinin bundan xəbər tutmaması üçün 19 yanvar saat 19:27-də Azərbaycan Televiziyasının enerji bloku partladıldı və respublika üzrə televiziya yayımı dayandırıldı. Nəticədə sovet qoşunları fövqəladə vəziyyət elan olunduğunu bilməyən şəhər əhalisinə qarşı qəfil hücuma keçdi və dinc sakinlər amansızcasına qətlə yetirildi.

Fövqəladə vəziyyət haqqında məlumat əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də çatdırıldı. Bu vaxta qədər yüzlərlə insan öldürüldü, 744 nəfər ağır yaralandı, yüzlərlə insan itkin düşdü, 800-dən çox şəxs isə həbs edildi. Sovet qoşunları yanvarın 25-də Neftçala şəhərinə, bir gün sonra isə Lənkərana daxil oldular, hər iki bölgədə dinc insanlar həlak edildi. Rəsmi məlumatlara görə, Bakıda və Azərbaycanın digər bölgələrində sovet ordusunun hərbi müdaxiləsi nəticəsində ölənlərin sayı 151 nəfər olub".

Tədqiqatçı 20 Yanvar qırğınında beynəlxalq hüquq normalarının və konvensiyaların kobud şəkildə pozulduğunu vurğulayıb:

"Təxminən 26 min nəfərlik sovet ordusu “kommunist dövlətini xilas etmək” adı altında dinc nümayişçilərə qarşı hərbi güc tətbiq etdi, şəhərdə vəhşicəsinə atəş açıldı. Bakının işğalı Azərbaycan xalqı üçün böyük sarsıntı oldu. Heç kim hücumun bu qədər qəddar və amansız olacağını gözləmirdi. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan xalqı sovet hakimiyyətinə uzun illər sədaqət və itaət nümayiş etdirib.

Bu qanlı hadisələrə qarşı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev prinsipial və cəsarətli mövqe nümayiş etdirdi. 1990-cı il yanvarın 21-də o, ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək xalqı ilə həmrəy olduğunu bildirdi. Sovet rəhbərliyini bu qanlı cinayətə görə sərt şəkildə ittiham etdi. O, baş verənləri hüququn, demokratiyanın, insanlığın və konstitusion dövlət quruculuğu prinsiplərinin açıq şəkildə pozulması kimi qiymətləndirdi.

Heydər Əliyev 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qarşı yönəlmiş təcavüz adlandıraraq dedi:

“Hesab edirəm ki, 20 Yanvarda baş verən faciə Sovet İttifaqının siyasi rəhbərliyinin, xüsusilə Qorbaçovun yol verdiyi böyük səhvin, onun diktator ambisiyalarının, eləcə də o dövrdəki Azərbaycan rəhbərliyinin xəyanətinin və xalqına qarşı cinayətlərinin nəticəsi idi. Mənim bildiyimə görə, Böyük Vətən müharibəsindən sonra Sovet İttifaqının heç bir yerində bu dərəcədə amansız kütləvi qırğın baş verməmişdir"".

Müsahibimiz 20 Yanvar faciəsinin Azərbaycan xalqının iradəsini, dözümünü və azadlıq əzmini bütün dünyaya nümayiş etdirdiyini qeyd edib:

"Bakıda komendant saatı tətbiq olunmasına baxmayaraq, 1990-cı il yanvarın 22-də milyonlarla insan Azadlıq meydanına toplaşaraq 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etdi. Şəhidlərin dəfn mərasimində təxminən iki milyon insan iştirak etdi.

Bu tarixi hadisə Azərbaycan milli kimliyinin formalaşmasında həlledici rol oynadı və milli müstəqilliyin bərpasına aparan yolun əsasını qoydu. 20 Yanvar faciəsi milli azadlıq hərəkatını real siyasi qüvvəyə çevirdi və Azərbaycan xalqını azad, müstəqil dövlət uğrunda mübarizəni daha da gücləndirməyə ruhlandırdı".