İsrail–Fələstin münaqişəsinin “idarə olunan həllinin” icrasına başlanılıb
Yaxın Şərq faktiki olaraq Türkiyə və İsrail arasında bölüşdürülüb.
ABŞ-ın Qəzzada 20 maddədən ibarət sülh planı üçün sülh şurası yaradılıb və bu sülh şurasının təsisçiləri Qərb ölkələridir. Qəzzada fəaliyyət göstərəcək şuranın üzvləri isə Misir, Türkiyə, Qətər və digər xristian ölkələridir. ABŞ prezidenti Tramp da şuranın sədri kimi prosesin idarəçiliyini öz üzərinə götürüb və Qəzzanın yenidən bərpası və idarə olunmasıyla bağlı təsis etdiyi “Sülh Şurası”na müxtəlif dövlətləri dəvət edib. Donald Tramp üzvlüyün havayı olmadığı qərarına gəlib. Dəvət edilən dövlət “Sülh Şurasına” üzv olmaq üçün 1 milyard dollar ianə ödəməlidir. Toplanan maliyyə vəsaitlərinin Qəzzanın yenidən qurulmasına xərclənəcəyi bildirilib. Bununla yanaşı “Sülh Şurası”na üzv olmaq istəyən dövlətlərə maliyyə vəsaitini ödəmək üçün 3 illik möhlət veriləcək. Tramp artıq dəvətlərini ünvanlara göndərməyə başlayıb. Məlum olub ki, üzvlük haqqının kifayət qədər böyük məbləğ olmasına baxmayaraq, gəlirləri böyük olmayan dövlətlər də “Sülh Şurası”na üzv olmaq istəyirlər.
Siyasi ekspert Vüqar Dadaşov “Sherg.az”a açıqlamasında deyib ki, “sülh təşəbbüsü” kimi təqdim olunan bu mexanizm Fələstin dövlətçiliyinin taleyinin tam şəkildə ABŞ başda olmaqla qlobal güclərin əlinə keçirilməsinin rəsmiləşdirilməsidir. Onun sözlərinə görə sülh şurasının tərkibi, qərarların qəbul mexanizmi və səlahiyyət bölgüsü onu deməyə əsas verir ki, bu mexanizm tərəflərin bərabərhüquqlu siyasi razılaşmasını deyil, əvvəlcədən müəyyən edilmiş nəticəyə doğru prosesi idarə edir:

“Qəzzanın tam itirilməsi real və geri dönməz mərhələyə keçir və “texnokratik idarəetmə”, “Fələstin muxtariyyəti” terminləri Qəzzanın, Fələstinin ləğvini siyasi baxımdan yumşaltmaq üçün istifadə edilir. Qəzzanın boşaldılması və silahsızlaşdırılması ilə bağlı İsrailin tələbləri yerinə yetirilir. Fələstinin de-yure muxtariyyəti de-fakto İsrailin hərbi və inzibati nəzarətinə verilir. Yəni Fələstin muxtariyyəti de-yure beynəlxalq sənədlərdə əks olunsa da, de-fakto vəziyyət İsrailin təhlükəsizlik, inzibati və hərbi nəzarətinin genişlənməsini təsdiqləyir, Fələstinin mənimsənilməsinə hüquqi baza yaradır. Əvvəllər də dəfələrlə qeyd etmişəm ki, Fələstin dövləti ləğv ediləcək. Artıq İsrail–Fələstin münaqişəsinin “idarə olunan həllinin” icrasına başlanılıb. 1948-ci ildən paralel yaradılan İsraili Fələstindən fərqli olaraq güclü institutlar yaradıb. Fələstin isə daxili parçalanma, xarici güclərin alətinə çevrilmə və korrupsiya səbəbindən dövlətçilik institutlarını formalaşdıra bilmədi. Nəticədə fələstinlilərin vahid siyasi iradəsi və dövlət məsuliyyəti ortaya çıxmadı. Bu gün Fələstin dövləti faktiki olaraq mövcud deyilsə, bu, yalnız xarici təsirlərdən deyil, daha çox daxili siyasi bacarıqsızlığın və uzunmüddətli strategiyanın olmamasının nəticəsidir. Dünyada 22 ərəb dövləti mövcuddur və bu dövlətlərin əksəriyyəti Fələstin məsələsini siyasi prioritetdən çıxarıb. Bəzi ərəb dövlətlərinin fələstinlilərin Qəzzadan çıxarılmasına, yerləşdirilməsinə və bu prosesdə İsrailə köməyi onu göstərir ki, regionda Fələstin probleminin həlli deyil, Fələstinin ləğvinin nəticələrinin idarə olunması strategiyası üzrə proseslər gedir. Proseslərdə Türkiyənin mövqeyi ayrıca diqqət tələb edir. Türkiyənin İsrailin regional təsirinin artması və faktiki genişlənməsi məsələsində mövqeyi açıq razılıqdan daha çox “səssiz qəbul” modeli ilə xarakterizə olunsa da, diplomatik ritorikaya baxmayaraq, Türkiyə–İsrail münasibətlərində iqtisadi, təhlükəsizlik və beynəlxalq platformalarda dolayı koordinasiya davam edir”.
V. Dadaşovun sözlərinə görə, Türkiyə üçün əsas ekzistensial təhlükə İsraillə deyil, regional təhlükəsizlik balansı və xüsusilə kürd dövlətçiliyi ilə bağlı riskdir:
“ Türkiyə Əsəd rejimini devirdikdən sonra Suriyada hakimiyyətə gətirdiyi Əş-Şara kürd əhalisi üçün kürd dilinin dövlət dili kimi istifadəsi və məktəblərdə tədrisi ilə bağlı fərman imzalayıb. İsrailin güclənməsi Türkiyənin cənub sərhədlərində birbaşa təhlükə yaratmadığı kimi, İranın zəifləməsi ilə üst-üstə düşən strateji maraqlara da cavab verir. Bu səbəbdən Türkiyə Fələstin və Qəzza məsələsində hərbi-siyasi müdaxilədən yayınaraq humanitar və diplomatik xəttlə kifayətlənir. Bu isə Türkiyənin İsrailin planlarına mane olmaması deməkdir. Uzunmüddətli təhlil göstərir ki, Yaxın Şərq faktiki olaraq Türkiyə və İsrail arasında bölüşdürülüb. Fələstin və kürd məsələləri qarşılıqlı maraqlara uyğun planlı şəkildə aradan qaldırılır. İranın zəifləməsi hədəf, parçalanması isə məqsəd deyil. Mossadın İranda iğtişaşlar fonunda əhalinin tərkibi barədə məlumatında Cənubi Azərbaycan əhalisinin sayı 17 milyon göstərilib. Halbuki İranın rəsmi məlumatına görə azərbaycanlıların sayı 30 milyondan çoxdur. Bu fərq göstərir ki, maraqlar dəyişdikcə müttəfiq və dost ölkə anlayışı subyektiv olur”.