Azərbaycan belə bir tələb irəli sürüb, Ermənistan isə müşahidəçilərin fəaliyyətinin davam etdirilməsi ilə bağlı öz versiyasını təqdim edib.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan AB “mülki missiyası”nın fəaliyyətindən Azərbaycanın narazılığını şərh edərkən bildirib.
Onun sözlərindən belə anlaşılıb ki, Ermənistan fevralda başa çatan AB missiyasının mandatını uzatmaq niyyətindədir. Belə ki, Simonyan Baş nazir Paşinyanın sözlərini təkrarlayaraq, müşahidə missiyasının yalnız delimitasiya və demarkasiya edilmiş ərazilərdə - məsələn, Kirants - fəaliyyət göstərməsinə ehtiyac olmadığını vurğulayıb. Sərhədin delimitasiya və demarkasiya prosesinin illərlə, hətta onillərlə davam etdiyini nəzərə alsaq, görünür, Ermənistan AB-ni “müşahidə missiyası” adı altında hələ uzun müddət regionda saxlamağa davam edəcək.
Qeyd edək ki, Ermənistanın Azərbaycanla sərhədə AB “mülki missiyası” əvvəlcə iki aylıq gəlsə də, sonradan Bakının razılığı olmadan iki il müddətinə uzadılıb. Müddət 2025-ci ilin fevralında başa çatır. AB mandatın uzadılmasına çalışır.