Metro, tramvay və elektrik qatarları dayanmadan işləyir
“Bu iş üçün 3-4 milyard xərcləmək çox deyil. Milyonlar xərclənən avtomobil yollarının genişləndirilməsindən, tıxacların qarşısını çox az alan körpü konstruksiyaların tikintisindən bunlar daha faydalıdır”
Yaxın vaxtlarda “Bakı Metropoliteni” QSC-nin yeni “Dərnəgül” deposunun istifadəyə verilməsi planlaşdırılır. Bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətin sədri Vüsal Aslanov bildirib. “Hazırda metronun “Qırmızı” və “Yaşıl” xətlərinə xidmət edən yalnız bir depo – “Nərimanov” deposu mövcuddur: Yeni depo istifadəyə verildikdən sonra “Yaşıl” xəttin müstəqil deposu olacaq. Növbəti tədbirlərimizdən biri də “İçərişəhər” və “Xətai” stansiyalarında geri dönüş tunellərinin təkmilləşdirilməsidir. Qatarların son stansiyaya çatdıqdan sonra dərhal geri qayıtması üçün texniki fasilə tələb olunur. Bu fasilə nə qədər qısa olarsa, intervallar bir o qədər azalar”, – deyə o qeyd edib. V.Aslanovun sözlərinə görə, əvvəlcədən də deyildiyi kimi, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarında birləşən “Qırmızı” və “Yaşıl” xətlərin ayrılması nəzərdə tutulur: “Metroda sıxlığın azaldılması ən aktual problemlərdən biridir. Buna ilkin mərhələdə intervalın azaldılması ilə nail olmaq mümkündür. Bunun üçün infrastrukturun təkmilləşdirilməsi vacibdir. Ən mühüm addımlardan biri xətlərin ayrılmasıdır. Dünya təcrübəsi göstərir ki, xətlərin müstəqil fəaliyyət göstərməsi sıxlığın azaldılması üçün mühüm əhəmiyyət kəsb edir. İlkin planımıza əsasən, “Dərnəgül” stansiyasından gələn qatarlar “Xətai” stansiyasına qədər, “İçərişəhər” stansiyasından gələn qatarlar isə “Həzi Aslanov” stansiyasına qədər hərəkət edəcək. Bununla da, intervalları qismən azaldacağıq”. Onun sözlərinə görə, metroda sıxlığın azaldılması üçün dayanıqlı elektrik gərginliyinin təmin olunması da vacibdir: “Yeni nəsil vaqonlardan istifadə edirik, onların da enerji sərfiyyatı köhnə nəsil vaqonlardan çoxdur. Bu məsələlər həll olunduqca, qatarların intervalında müəyyən qısalmaları hiss edəcəyik. Bütünlükdə bu tədbirlər bir il yarım – iki il ərzində davam edəcək və bütün xətt boyunca intervallarımızı iki dəqiqəyə endirə biləcəyik”.
Hazırda ən çox istifadə edilən və ən etibarlı ictimai nəqliyyat vasitəsi olan metronun inkişafı, təbii ki, bütün əhalinin ürəyincədir. Amma bu, nə zaman olacaq, sərnişinlər nə zaman rahat şəkildə, sıxlıqda əziyyət çəkmədən (xüsusən Həzi Aslanov – Dərnəgül istiqamətində) hərəkət edə biləcəklər?
İnşaatçı-mühəndis Azər Axundov da metropolitenin inkişafı ilə bağlı fikirlərini “Sherg.az”la bölüşdü:
- Yadınızdadırsa, ötən ilin oktyabrında cənab Prezidentə yeni metro vaqonlarının təqdimatı sırasında metronun gündəmdə olan inkişaf sxemi də təqdim edildi. Daha öncə “Xocəsən” stansiyasının açılışında təqdim edilən istiqamətlərdən fərqli olaraq, bu sxemdə 2 prioritet istiqamət qeyd olunur: 1. Bənövşəyi xəttin Ağ Şəhərə kimi uzadılması. 2. Yaşıl xəttin “Həzi Aslanov” stansiyasına kimi uzadılması. Sxemdə bu işlərin icra olunması üçün 3.8 - 4 milyard AZN investisiyanın tələb olunduğu da qeyd edilir. Sxemdə ən maraqlı məqam isə “Bənövşəyi xətt”ə yeni stansiyanın əlavə olunmasıdır. Metropolitenin təsdiqlənmiş konseptual sxemində “Bənövşəyi xətt” üzrə “B-5” stansiyası Xarici İşlər Nazirliyi ətrafında, “B-6” stansiyası isə Hökumət Evi ətrafında nəzərdə tutulsa da, bu gün göstərilən sxemdə bu iki stansiyanın arasına yeni bir stansiya da əlavə olunub və “Qırmızı xətt”in “Sahil” stansiyasına keçid kimi göstərilib. Çox güman ki, bu plan hələ tam təsdiqlənməyib və bu səbəbdən sxemdə “Bənövşəyi xətt” üzrə dəqiq stansiya sayı əvəzinə 5-6 stansiyanın tikintisi qeyd olunub. Yəni “Sahil” stansiyası yanında keçid stansiyası olarsa 6, olmasa 5 stansiya tikilməlidir. Bu, əslində, çox yaxşı fikirdir, çünki konseptual sxemdə “Bənövşəyi xətt”lə “Qırmızı xətt” ancaq “Xalqlar Dostluğu” stansiyasında kəsişirdi. “Sahil” stansiyasının şəhər mərkəzində olmasını nəzərə alaraq ona keçid stansiyası tikilərsə, “Bənövşəyi xətt”lə birbaşa şəhər mərkəzinə çıxış təmin olunar. Eyni zamanda, bu istiqamətdən mikrorayonlar istiqamətinə qayıdanlar artıq yüklənmiş “28 May” stansiyası əvəzinə “Sahil” tərəfdən də metroya giriş əldə etmiş olar. Nəzərə alsaq ki, “Bənövşəyi xətt”in stansiyaları köhnə stansiyalar kimi 5 yox, 7 vaqonlu qatarı qəbul edə biləcək şəkildə tikilir, bu stansiya daha çox sərnişinin şəhər mərkəzindən kənarlara daşınmasına kömək edə bilər. Hər bir halda, hələ ki, dəqiq bir məlumat yoxdur, lakin bu planların açıqlanması kiçik də olsa, ümid yaradır. Dəqiq olan tək bir şey var, o da metroya mütləq investisiya ayırmağın vacib olmasıdır. Bakıda relsli nəqliyyatın inkişafına təcili ehtiyac var. Basabas olsa da, metro, tramvay və elektrik qatarları dayanmadan işləyir. İctimai nəqliyyatın hər 3 növünün daha da genişlənməsi üçün təcili investisiya ayrılmalıdır. Bu iş üçün 3-4 milyard xərcləmək çox deyil. Milyonlar xərclənən avtomobil yollarının genişləndirilməsindən, tıxacların qarşısını çox az alan körpü konstruksiyaların tikintisindən bunlar daha faydalıdır.