Naməlum şəxslər hakim “Mülki müqavilə” partiyasından olan deputat, Ermənistanın baş naziri Nikol Paşinyanın qaynı Qraçya Akopyanın malikanəsini qarət ediblər.
Bakupost.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazıb.
“Oğurluq ilin əvvəlində baş verib, lakin Akopyan bu faktı gizlətməyə çalışıb. O, yaxınlarına bildirib ki, lüzumsuz spekulyasiyalara yol verməmək üçün bu məlumatı ictimailəşdirmək istəmir. Ancaq buna baxmayaraq, xəbər parlament üzvlərinə çatıb və müzakirələrə səbəb olub. Bəziləri istehza ilə qeyd edib ki, Qraçya öz malikanəsində daha çox yaşasaydı, qarət olunmazdı, amma o, bütün ilboyu səyahətlərdə olur, oğrular da bundan istifadə ediblər”.
Daxili İşlər Nazirliyindən qəzetin sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 14-də Dzoraxbyurdakı malikanələrdən birindən oğurluq edilməsi barədə məlumat daxil olub və materiallar İstintaq Komitəsinə göndərilib. Ev Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Qraçya Akopyan tərəfindən alınıb.