"TikTok" sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin "xanımların işlə təmin edilməsi" və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.
Bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən Hacıqabul rayonunda həyata keçirilən tədbirlərlə qeyd edilən kibertalama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Cəfərov saxlanılıb.
Araşdırmalarla R.Cəfərovun sosial şəbəkələrdə özünü işədüzəltmə şirkətlərinin birinin nümayəndəsi kimi təqdim etdiyi və 57 nəfərin pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Hüquqşünas Ramil Süleymanov “Sherg.az”a bildirib ki, şəxsin bu əməli mətbu orqanlarda gedibsə və eyni zamanda vurulmuş zərərlə bağlı şəxs barəsində şikayət varsa, bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə uyğun olaraq cinayət işi başlanmalıdır:
“Artıq burada zərərin həcmi müəyyənləşdirilməklə və yaxud da ki, istintaqa məlum olan digər məxsusi əsasları rəhbər tutmaqla buna uyğun olaraq, cinayət işi başlayacaq. Burada əsas məqam ondan ibarətdir ki, maddənin dispozisiyasında da göstərildiyi kimi bu şəxs 57 adamı aldadaraq və onların etibarından sui istifadə etməklə əmlaklarına sahib olub. Bu əməli törədən şəxs məsuliyyətə cəlb edilməlidir. Bildirmək istəyirəm ki, əgər şəxs tərəfindən vurulmuş zərər 500 manat və ya onun üzərindədirsə cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən başladılacaq. Bu maddənin sanksiyasına görə şəxsi 2 min manatdan 4min manata qədər cərimə cəzası və ya iki ilə qədər müddətdə azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilər. Əgər şəxs 5 min manatdan yuxarı zərər vurmuş olarsa, və ya bir qrup qabaqcadan əlbir olan şəxslə birlikdə bu cinayəti törətmiş, öz qulluq mənafeyindən istifadə etməklə törətmiş olarsa və ya təkrar şəkildə etmiş olarsa, bu şəxsin əməli artıq maddənin ikinci hissəsinə uyğun şəkildə qiymətləndirəcək və ona iki ildən beş ilə qədər müddətdə azadlıqdan məhrumetmə cəzası təyin ediləcək. Bu maddənin tələblərinə görə şəxsin vurduğu, xeyli zərərin miqdarı 5 min manatdan 50 min manata qədər, külli miqdar dedikdə 50 min manatdan 500 min manata qədər, xüsusilə külli miqdar dedikdə isə vurulmuş zərərin həcmi 500 min manatdan yuxarı olmalıdır. Belə olan təqdirdə artıq 178-ci maddənin müvafiq hissələrinə uyğun olaraq cinayət işi başlanılır və şəxs məsuliyyətə cəlb olunur”.