ABŞ-ın yeni Prezidenti Donald Trampın ən yaxın gələcək üçün gündəminin əsas məsələsi İran olacaq və bu, müzakirə olunmalıdır.
Bu sözləri İsrail Prezidenti İshaq Hersoq deyib.
“İranın nüvə potensialı ola bilməz və onun proksilərinə və "şər oxuna" son qoyulmalıdır”, - İsrail prezidenti Davos Forumunda mediaya açıqlamasında bildirib.
O qeyd edib ki, Tehrandakı rejim indi də günbəgün işləyir:
“Onlar bombaya doğru (nüvə silahı nəzərdə tutulur – red.) tələsirlər və təbii ki, onlar bütün dünyada və regionumuzda davamlı olaraq terror aktları planlaşdırırlar”.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, 1979-cu ildə İranda hakimiyyət dəyişəndən bəri ABŞ və ya İsraillə müharibə olacağı deyilir:
"İranın ABŞ və İsraillə nə vaxtsa müharibədə olacağı gözlənilmir. Məhz İsrail və Türkiyə arasında müharibə olması daha realdır. Donald Tramp rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edə, qorxuda bilər. Digər tərəfdən Üçüncü Dünya müharibəsi dünyanın müəyyən yerlərində müxtəlif ölkələrin tərəfləri, proksiləri arasında fərdi şəkildə gedir. Bəzən Rusiya və Ukraynadakı kimi böyük ölkələr özləri müharibəyə qoşulur. Lakin ABŞ, İran, Türkiyə kimi ölkələr öz maraqlarına regiondakı əlaltılarının, müttəfiqlərinin əli ilə və ya onlara dəstək göstərərək nail olurlar. Ümumiyyətlə ABŞ və İran arasında yalnız hərbi və entiterror əməliyyatları baş tuta bilər".