Putin-Paşinyan görüşü! - Rusiya sülh prosesini “tormozlayır”?

 “Azərbaycan - Ermənistan danışıqları, yekun sülh sazişinin bağlanması ehtimal Rusiyada ciddi şəkildə narahatlıq doğurur”

“Çünki  proses artıq Rusiyanın moderatorluğundan kənara çıxıb”


Rusiya Prezidenti Vladimir Putin aprelin 19-da Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Məlumata əsasən, danışıqlar zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağa dair razılaşmaların icrasının gedişatını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirlər barədə fikir mübadiləsi aparacaqlar. 

Tərəflər həmçinin ikitərəfli gündəmdə dayanan aktual mövzulardan söz açacaqlar.
Eyni zamanda, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının icrasının gedişatına da toxunulacaqlar.

Baş tutacaq görüşü "Sherg.az"a dəyərləndirən BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli deyib ki, Azərbaycan - Ermənistan danışıqları, yekun sülh sazişinin bağlanması ehtimal Rusiyada ciddi şəkildə narahatlıq doğurur. Çünki  proses artıq Rusiyanın moderatorluğundan kənara çıxıb:

"Bir müddət əvvəl Putin Cənubi Qafqaz üzrə xüsusi nümayəndə müəyyənləşdirdi.  Nümayəndəliyin  ilkin vəzifəsi sülh prosesinə dəstək vermək olacaqdı. Rusiyanın qətiyyən Cənubi Qafqazdakı hadisələrdən geriyə qalmaq istəmədiyi açıq aydın görünür.  Ukraynadakı vəziyyət də ağırdır. Putin müxtəlif dövlət başçıları ilə görüşərək, ölkəsinin xarici siyasətinin öz axarında irəlilədiyini göstərməyə çalışır. Paşinyan Putinin təsirindən qurtula bilmir. Onu çağırıb, dövlət başçılarının görüşünün görüntüsünü yaradır. 

Putin bütünlüklə rəsmi İrəvanın Bakı ilə münasibətlərinin incəliyinə hakim qalmaq istəyir. Müzakirələr isə rəsmi Moskvanın maraqlarının Cənubi Qafqazda təmininə əsaslanır. Artıq Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması reallaşmağa doğru gedir. Ermənistan rəhbərliyi başa düşür ki, sülh sazişi həyata keçməsə, normal fəaliyyət göstərə bilməyəcəklər.  Ermənistan dünyada qonşu ölkənin ərazi bütövlüyünü tanımayan yeganə ölkədir. Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımaya bilər. Onda  Azərbaycan Ordusu hərbi əməliyyat keçirməsi mümkündür.Uzunluğu 43 kilometrlik  Zəngəzur dəhlizi istiqamətini qət edər. Prosesi özü istədiyi kimi yekunlaşdırar. Azərbaycanın deməyə sözü var: Onlar Azərbaycanın ərazi bütövlüyün tanımırsa, biz niyə tanıyaq?!".

 S.Məmmədlinin sözlərinə görə, Putin Paşinyanı Qərb siyasətindən uzaqlaşdırmağa çalışır.

"İndiki dövrdə dünyanın sayılıb seçilən güc mərkəzlərindən biri olan Türkiyənin Azərbaycanla əməkdaşlığı çox yüksəkdir. Bunu Rusiya da başa düşür. Sülh sazişinə can atırlar. Lakin Rusiya və Ermənistan öz xislətindən əl çəkmir. 

Onlar tərəflər arasında sülh sazişi bağlandığı təqdirdə, Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əhalisinin hüququ məsələsini gündəmə gətirəcəklər. Azərbaycanın daxili məsələsinə qarışmış sayılacaqlar. Özlərinə legitim haqq qazandıracaqlarını fikirləşirlər. Ermənistan öz soydaşlarının hüquqlarını müdafiəsinə səy göstərəcək.

Azərbaycan tərəfi də baş verənləri anlayır. Fikrini konkret  şəkildə  ortaya qoyur. Əgər ərazi bütövlüyü tanınacaqsa, heç bir dövlət o cümlədən, Ermənistan Azərbaycanın torpaqlarında baş verən nizamlama prosesinə müdaxilə edə bilməyəcək.  

Ölkəmiz  qarşı tərəfə şərt qoyur: erməni silahlı birləşmələri mütləq ətraf ərazilərdən çıxarılmalıdır. Bəyanatın dördüncü maddəsi yerinə yetirilməlidir".