Rus və ukraynalıların bu ölkəyə axını mənzillərin qiymətinə təsir edib
Türkiyədə mənzil alanların sayı kəskin artıb. Xarici alıcılarda ruslar liderlik edir.
Bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) aprel ayı üzrə ev satış statistikasını açıqlayıb. Ölkə daxilində ev satışları aprel ayında bir əvvəlki ilin eyni ayına görə yüzdə 38,8 artaraq, 133 min 58-ə çatıb.
İstanbul şəhəri 26 min 330 ev satışı və yüzdə 19.8 ilə ev satışlarında ən yüksək paya sahib olub.
Satış sayına görə İstanbulu 12 min 195 ev satışı və yüzdə 9,2 payla Ankara, 8 min 459 satış və yüzdə 6,4 payla İzmir təqib edir. Ev satışının ən az olduğu illər sırasıyla hər biri 25 evlə Ardahan va Hakkari, 47 evlə Bayburt olub. Yanvar-aprel dövründə mənzil satışı əvvəlki ilin eyni dövrünə görə yüzdə 26,2 artaraq, 453 min 121 ədədə çatıb.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Şərq"ə açıqlamasında bildirib ki, son zamanlar Türkiyədə təkcə satışa çıxarılan mənzillərin qiyməti yox, həmçinin icarə haqları da kifayət qədər yüksəlib:
"Hətta Türkiyənin iri şəhərlərində bu sahə üzrə ixtisaslaşan vasitəçi qurumlar belə bu vəziyyətdən elə də məmnun olmadıqlarını bildirirlər. Çünki qiymətlər yüksək olduğu üçün alıcı və icarədar tapmaq bəzi hallarda çox çətin olur. Amma tələbat çoxdur deyə satış qiymət artımı da var və bunu həm də Ukraynada gedən müharibənin nəticəsi olaraq da hesab etmək mümkündür.
Çünki bu gün Türkiyənin böyük şəhərlərində 100 minlərlə ukraynalının məskunlaşdığını bilirik. Eyni zamanda Rusiyadan da Türkiyəyə müəyyən axın var. Düzdür, hələlik rəsmi rəqəmlərə görə, hazırda Türkiyədə yaşayan rusların sayı təqribən 300 min civarında, ukraynalıların isə artıq 700 mindən yuxarı olduğu bildirilir.
Bu onu göstərir ki, Rusiya və Ukrayna vətəndaşlarının axını istər-istəməz mənzil bazarına da öz təsirini bu formada göstərir. Miqrasiya məsələləri ilə məşğul olduğumuz üçün bizə də müəyyən müraciətlər daxil olur. Hətta soydaşlarımızın bəziləri gileylənirlər ki, zamanında müəyyən bir qiymətə tapdıqları evlərin pulunun bu gün 2 qatını vermək istəsələr belə, mənzil tapa bilmirlər.
Çünki Rusiya və Ukraynadan gələn insanların sayı aşağı-yuxarı əgər 1 milyondursa, onun bir hissəsi icarəyə ev götürürsə, mənzil alırsa, təbii ki, evlərin satışı və icarəyə verilməsi ilə məşğul olanlara, vasitəçi şirkətlərə bu ölkələrdən olan şəxslərə ev vermək maraqlıdır.
Çünki münaqişə ocağından gələn ukraynalılar və sanksiyalara məruz qalan rusiyalılar mənzil qiymətlərinin çox az olmasına baxmırlar. Ehtiyac varsa, götürürlər. Kimsə biznesini, şirkətini Türkiyəyə keçirirsə, təbii ki, özü ilə böyük bir kapital gətirir. Soydaşlarımız bizə də gileylənirlər ki, onlar çətin durumdadırlar. Çünki əvvəl azərbaycanlı vətəndaşlar mənzil alaraq, icarəyə götürərək, ilk üçlükdə idilərsə, oradan sıxışdırılmaqları ilə bağlı narazılıq edirlər. Təbii ki, bazar iqtisadiyyatı şəraitində bu prosesə hər hansı bir formada müdaxilə edə bilmərik.
Amma verdiyimiz tövsiyələr ondan ibarətdir ki, ən optimal variantı elə orada yaşayanlar özləri tapa bilər. Əgər şəxsin hər hansı hüququ pozularsa, o zaman bizim quruma müraciət edə bilər. Aidiyyəti üzrə Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarımız vasitəsilə onlara zəruri köməklik göstərə bilərik".