Heç bir yeni xarici siyasət konsepsiyası Kremli indiki ağır durumdan qurtara bilməz
Rusiya yeni xarici siyasət konsepsiyası hazırlayır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. XİN sözçüsü vurğulayıb ki, Rusiyanın yeni xarici siyasət konsepsiyası üzərində iş çox aktiv gedir, bu, kollektiv prosesdir:
"Konsepsiya hazırda işlənilir, bu kollektiv proses aktiv gedir. O, hər hansı konsepsiya, doktrina sənədi kimi kollektiv analitik, elmi və digər səylərin nəticəsidir".
Politoloq Natiq Miri "Şərq"ə açıqlamasında bildirib ki, Rusiyanın yeni xarici siyasət konsepsiyasının bundan əvvəlkindən mahiyyət etibarilə ciddi şəkildə fərqlənəcəyini düşünmür:
"Çünki Rusiya hələ də imperiya siyasətindən vaz keçmir. Onun bu gün Ukraynaya təcavüzü və mülki şəxsləri qətlə yetirməsi anlaşılan deyil. Rusiya yenə də yanlış yoldadır və özünü dünyanın sahibi hesab edir. Kremlin fəaliyyət zonası saydığı konkret ərazilər və dövlətlər var ki, onlarla da heç bir zaman bərabər hüquqlu münasibətlər sistemi qurmayıb və bundan sonra da qurmayacaq. Ona görə də yeni konsepsiyanın işlənib, hazırlanması bir az şişirdilmiş məsələdir. Əlbəttə ki, Rusiya Ukraynaya qarşı savaşından hiss etdi ki, heç də göründüyü kimi hər kəs ona dost deyil. Hətta Rusiyanın özünün arxa bağçası zənn etdiyi postsovet məkanındakı dövlətlər, xüsusilə də istər hərbi, istərsə də siyasi, iqtisadi ittifaqlarda olan ölkələr belə rəsmi Moskvanı Ukrayna qəsbkarlığında dəstəkləməyiblər. Çünki Rusiya indiyə kimi də ədalətsiz mövqe nümayiş etdirdiyi qənaətinə gəlmir.
Əksinə, bu müharibənin hələ də Qərb dünyasının tətiklədiyini bildirir. Bu da sözsüz ki, doğru yanaşma deyil. Başda ABŞ və Qərb ölkələri prosesə təkan versə belə, başqa bir dövlətə hərbi güc göstərib, günahsız insanları öldürməsi heç bir halda Rusiyaya haqq qazandırmaz.
Həmçinin Rusiya rəsmi Kiyevə qarşı savaş açmaqla nə əldə etdi? Ukraynanın hərbi alyansa girməsini əngəlləmək istəyən Rusiya şimal sərhədlərində yeni iki dövlətin NATO-ya girməsinə qapı açdı, əsas yaratdı.
Budurmu, Rusiyanın yeni konseptual xarici siyasət prioriteti?! Düşünürəm ki, Rusiya bu məsələlərə həm ideoloji, həm də geosiyasi cəhətdən doğru-dürüst yanaşma tərzi ortaya qoymalıdır. Həmçinin proseslərdə mütləq mənada iddiası ilə imkanlarını tərəziyə düzgün qoymalıdır. Bu gün Rusiyanın iddiaları ilə imkanları bir-birinə uyğun gəlmir.
Mümkün şərait tələblərdən qat-qat aşağıdır. Buna Ukrayna müharibəsində Rusiyanın sınıq-salxaq ordusunda da şahid olduq. Eyni zamanda Kreml Qərb dünyasına, NATO-ya, ABŞ-a qarşı müttəfiqi, güc mərkəzi kimi gördüyü Çin dövlətinin bu gedişatda o qədər də Rusiyaya dayanıqlı dostluq nümayişi etdirmədiyini də gördü. Onda Rusiya yeni konsepsiyada Çinə arxasını çevirməlidir?! Əgər o, yalnız rəsmi Kiyev savaşı fonunda, bütün məsələlərə bu prizmadan baxaraq, yeni prioritetlər müəyyənləşdirəcəksə, başqa bir yanlış siyasətin nəticəsinə şahid olacaq".
N.Mirinin qənaətincə, konseptual olaraq, ortaya çıxacaq xarici siyasət konsepsiyası düzgün olmayacaq:
"Çünki Rusiya rəhbərliyi eynidir, dəyişməyib. Düşüncə, proseslərə yanaşma tərzi, dünyada imperiya və hegemon güc olmaq, eyni zamanda başqa dövlətlərin ərazilərini işğal və ilhaq prosesi islah edilmədikcə heç bir yeni konseptual mexanizmlər Rusiyanı çətin vəziyyətdən çıxarda bilməz.
Həmçinin bu müharibə kontekstində bütün dünyaya göstərdiyi davranışları və böyük yanlışlarını görürük. Yeni konsepsiyada səhvlərin aradan qaldırılacağını qətiyyən ehtimal etmirəm".