Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. ABŞ prezidenti məktubunda bir sıra məqamlara toxunub.
Məktubda deyilir:
"ABŞ və Azərbaycanın Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə bir çox sahələrdə güclü tərəfdaş, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində və ABŞ-ın bu gün də Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edirik. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda fəaliyyətini sürdürür. Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik.
Enerji təhlükəsizliyi ilə bağlı şaxələndirmə məqsədlərinə nail olmaq üçün Azərbaycan regional səylərdə əsas rol oynayır. Ölkəmiz həmçinin regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici mövqe tutur. Prezident İlham Əliyevin Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində davamlı addımlar alqışlanır".
Millət vəkili Asim Mollazadə "Şərq"ə açıqlamsında bildirib ki, Azərbaycanla ABŞ 30 il ərzində bir çox istiqamətlərdə çox sıx əməkdaşlıq edib:
"ABŞ ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi, eyni zamanda enerji layihələrini həyata keçirməkdə hər zaman ölkəmizə dəstək verib. Bu, əsasən, onunla bağlıdır ki, Azərbaycan Amerika ilə əsas müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin etmək cəhətdən çox əhəmiyyətli işləri reallaşdırıb. Bununla yanaşı, ölkəmiz ABŞ-ın yardımı ilə böyük enerji nəqliyyatı sistemini formalaşdırıb.
Söhbət neft və qaz kəmərlərinin inkişafından gedir. Həmçinin yerüstü ehtiyatlarını dünya bazarına çıxartmaq üçün Azərbaycanın yaratdığı sistem digər ölkələr üçün vacibdir.
Bundan başqa, təbii ki, ABŞ-dakı güclü, zəngin erməni lobbisi Azərbaycana qarşı hər zaman mənfi fəaliyyət mövqeyində dayanıb. Amerikanın icra strukturları dövlətimizin önəmini anlayaraq, bizimlə əməkdaşlığa can atır".
A.Mollazadə həmçinin qeyd edib ki, Azərbaycan terrorla mübarizədə həmişə Amerikaya dəstək verib:
"Azərbaycan ABŞ-ın hərbi qüvvələrinə Əfqanıstanda dayaq olub. Eyni zamanda Əfqanıstanda ABŞ silahlı qüvvələrinin çıxardaraq, Azərbaycan Türkiyə ilə birgə son günə qədər Kabil aeroportunun təhlükəsizliyini qoruyub. Təhlükəsizlik sahəsindəki əməkdaşlığı ABŞ daim yüksək qiymətləndirilib. Dünyada çox təhlükəli proseslər gedir.
Amerika ilə müttəfiqləri üçün enerji sahəsində böyük problemlər, böhran mövcuddur. Azərbaycanın bu istiqamətdə gördüyü işlər dünyanın enerji təhlükəsizliyi üçün böyük rol oynayır. Bundan əlavə, ABŞ Azərbaycanın yaratdığı yeni nəqliyyat sistemi dünyada həm ticarətin, həm də nəqliyyatın intensiv, qısa yollarla fəaliyyəti üçün ölkəmizin planlarına, layihələrinə razılığını ifadə edir".
Parlamentarinin qənaətincə, çoxşaxəli əməkdaşlıq davam etdiriləcək:
"Azərbaycan üçün sabitlik çox önəmlidir. Dövlətimizin xarici siyasəti tərəfdaşlıq əsasında formalaşıb. Çox istərdik ki, bütün bölgələrin tərəfdaşlıq imkanları olsun, bunun üçün də bizə sülh və sakitlik lazımdır. Həmçinin ABŞ bu yöndə öz nüfuzundan istifadə edərək, Azərbaycana dəstəyini göstərməlidir.
Ümidvaram ki, əlaqələr daha da genişlənəcək. ABŞ-ın son vaxtlar ölkəmizə ünvanadığı məktublarda da bu, ifadə olunub".