“Səhvlər aşkara çıxarılmalıdır ki, gələcəkdə problemlər yaşanmasın"
Şəhid qardaşı, ictimai- siyasi fəal Elyar İslamoğlu Feysbukda snayper bölüklərinin ləğvi ilə bağlı paylaşım edib. E.İslamoğlu yazıb:
"Aprel döyüşlərindən sonra orduda snayper bölükləri ləğv ediləndə Zakir Həsənov niyə mane olmayıb? Ondan xəbərsiz silahlı qüvvələrdə snayper bölükləri ləğv oluna bilməzdi. Bu hadisə həm orduya, həm dövlətə, həm də xalqa xəyanət idi. Ordunu bilərəkdən zəiflətmək məqsədi güdürdü. Əminliklə deyirəm ki, həmin vaxt snayper bölükləri ləğv edilməsə, 44 günlük müharibədə daha az şəhid verəcəkdik.
Maraqlıdır ki, Zakir Həsənov snayper bölüklərinin ordu sıralarından götürülməsini necə əsaslandırmışdı? Bu adam hələ də hansı haqla müdafiə naziri postunda qalıb? Snayper bölüklərinin ləğvindən sonrakı plan XTQ-nin fəaliyyətini dayandırması idi. Bunun qarşısını isə Hikmət Mirzəyev almışdı".
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Sherg.az"a açıqlamasında bildirib ki, snayperçilər döyüşün taleyində hər zaman böyük rol oynayırlar:
"Bir vətəndaş, keçmiş briqada komandirinin müavini olaraq, snayper bölüklərinin ləğv edilməsinin çox yanlış bir addım olduğunu deyə bilərəm. Onlar qarşı tərəfin vacib şəxslərini, komandirlərini, kəşfiyyatçılarını sıradan çıxarmaq üçün vacib işlər görürlər. Niyə və kimin təşəbbüsü ilə ləğv edildiyi məsələsinə artıq rəsmi şəxslər aydınlıq gətirməlidir.
Ölkəmizdə zamanla eksperimentlər həyata keçirilir. Məsələn, bir qurum yaradılır, sonra kiminsə xoşuna gəlmir, qurum ləğv edilir.
Bundan başqa, bir müddət əvvəl sabiq Müdafiə Nazirliyinin rəhbərliyi dönəmində universitetlərin, institutuların hərbi kafedraları var idi. Çox vacib bir qurum idi. Sadəcə olaraq, onun işini təkmilləşdirmək lazım idi ki, oradan buraxılan ali təhsilli uşaqlar müəyyən qədər hazırlıqlı vəziyyətdə ordu sıralarına gəlsinlər.
Həm 2016-cı ilin aprel döyüşləri, həm də 2020-ci ilin 44 günlük savaşı incələnməlidir. Səhvlər aşkara çıxarılmalıdır ki, gələcəkdə problemlər yaşanmasın".