Lavrov Ankaraya gedəcək! – Qovluğunda nələr var? – “Qarabağ məsələsində Kremlin rolunu...”

Rusiya XİN rəhbəri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Qarabağ məsələsini müzakirə edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Danışıqlar Ankarada aparılacaq. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirib ki, tərəflər Qarabağda mübahisəli məsələlərin nizamlanmasını, Ukraynadakı, Balkan yarımadasındakı, Əfqanıstandakı, Mərkəzi Asiyadakı vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

Görüşün əhəmiyyətini şərh edən siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki, Rusiyanın indiki əsas məqsədi özünün vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların aktuallığını qorumaqdır:

"Brüssel görüşündə artıq Avropa İttifaqının timsalında Qərb daha aktiv prosesə qoşulub. Gedişata Amerika da dəstək verib. Burada əsas məsələ Azərbaycan və Ermənistanın Rusiyasız anlaşa bilməsidir. Son aylar keçirilən hər iki Brüssel danışıqlarında ciddi razılaşmalar olub. Sonuncu görüşdən sonra ərazilərin delimitasiyası ilə bağlı komissiyanın tərkibinin müəyyənləşməsi, ilk iclasının həyata keçirilməsi kiçik də olsa, müəyyən qədər praktiki addım hesab edilə bilər. Bu, təbii ki, rəsmi Moskva üçün qəbuledilməzdir. Təbii ki, Brüsseldə sərhəd məsələsində bütün hallarda Kremlin iştirakı da vacib olacaq. Çünki söhbət xəritələrdən gedir. Ümumiyyətlə, şimal qonşumuz əsas tərəfdaş, vasitəçi kimi çıxış etmək istəyir. Ona görə də sərhəd məsələsində toqquşmaların qarşısını almaq baxımından təşəbbüs qrupu belə bir ideya irəli sürüb. Bu da Kremlin aktiv iştirakına hesablanıb. Bildiyimiz kimi, sülh sazişi ilə bağlı da artıq Brüsseldə daha ciddi müzakirələr olub. Danışıqlardan sonra Azərbaycan və Ermənistan XİN başçılarının heç bir təmas olmadan telefon söhbətləri göstərir ki, müəyyən bir işıq, ümid ola bilər".

A.Nərimanlının qənaətincə, Rusiya öz tərəfdaşlığı ilə nail olduğu razılaşmaları ön plana çıxarmaq üçün təzyiqlər göstərir:

"Məsələn, Ermənistanda müxalifətin Qarabağ aksiyaları üzərindən bir növ rəsmi İrəvan hakimiyyətinə, Azərbaycana isə separatçıların əli ilə basqı edir. Digər tərəfdən isə artıq müəyyən bir diplomatik kanallarla, öz vasitəçilərinin əlaqəsi ilə rolunu artırmağa çalışır. Yəni Rusiyanın əsas məqsədi Ukrayna müharibəsindən öncəki vəziyyətin qaytarılmasıdır. Düşünürəm ki, Çavuşoğlu ilə Lavrovun edəcəyi müzakirələr məhz həmin vəziyyətin geri alınması və Rusiyanın vasitəsilə əldə edilən razılaşmaların aktuallığının qorunmasıdır. Çünki vətən müharibəsindən sonra defakto olaraq, Türkiyə də bölgədə tərəf kimi iştirak edir. Rusiya bunu Minks qrupun digər həmsədrləri, Amerika, yaxud Fransa, Qərblə deyil, Türkiyə ilə paylaşıb. Ona görə Lavrov da üçtərəfli razılaşmalarla bağlı müəyyən bir irəliləyişin olması məsələsini də gündəmə gətirəcək. Çünki indiyə qədərki proseslər göstərir ki, bu zamana kimi edilən müzakirələr heç də praktiki mərhələ keçməyib. Amma müəyyən bir aktuallaşma mümkündür".

Müsahibimizin sözlərinə görə, Qarabağın fonunda “Altılıq platforması” (3+3) mövzusunda da fikir mübadiləsi aparıla bilər:

"Əsas məqsəd Kremlin rolunu yenidən aktivləşdirməkdir. İndi Rusiya Qərbə qarşı Azərbaycan və Ermənistan üzərindən təzyiq, müəyyən bir diplomatik kanallarla çıxış etməklə yanaşı, Qərb dünyasına müqabil Türkiyənin bölgədə fəallığını artıra bilər. Bundan başqa, Rusiyanın Suriyadan çıxması fonunda Türkiyənin yeni əməliyyata hazırlaşması təsadüfi deyil. Fikrimcə, müəyyən bir anlaşmalar olarsa, Cənubi Qafqazda mümkündür. Çünki Suriya məsələsində də Rusiyan İranla anlaşma ilə yanaşı, Amerikaya qarşı Türkiyənin önünü açır. Bir növ rəsmi Ankara ilə razılaşır. Oradakı proses həmçinin Cənubi Qafqazdakı gedişata təsir edir. Yəni Türkiyə və Rusiya bu bölgədəki prosesləri yenidən həll etmək, müəyyən bir irəliləyiş əldə etmək üçün müzakirələr edib, nələrəsə müvəffəq ola bilərlər. Hər halda istək belə görünür. Lavrovla Çavuşoğlunun Qarabağ üzərindən edəcəyi əsas müzakirəsi bölgədəki məsələnin həll edilməsi olacaq".