Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Mövlud Çavuşoğlu Türkiyənin paytaxtı Ankarada birgə mətbuat konfransı keçiriblər.Diplomatlar təkbətək danışıqlarda Ukraynadakı son vəziyyət və regional məsələlər müzakirə ediblər.S.Lavrov Türkiyənin Ukrayna taxılının ixracı ilə bağlı problemin aradan qaldırılması istiqamətindəki səylərini yüksək qiymətləndirib.
Həmçinin Rusiyanın BMT-nin vasitəçiliyi ilə İstanbulda Ukrayna tərəfi ilə görüşə hazır olduğunu bildirib. Lakin bu danışıqların daha çox simvolik xarakter daşıyacağını diqqətə çatdırıb.Eyni zamanda Vladimir Putin və Volodimir Zelenski arasında görüşün reallaşması üçün ilk növbədə danışıqlar prosesinin bərpasının vacibliyini vurğulayıb.
Lavrovun açıqlamasını "Sherg.az"a şərh edən siyasi şərhçi Azər Rəşidoğlu bildirib ki, S.Lavrovun Türkiyəyə səfəri çərçivəsində Qara dənizdə Rusiyanın blok etdiyi limanların açılması və onların vasitəsilə Ukrayna taxılının ixracı məsələsi müzakirə ediləcək:
"Ətrafı minalanmış limanların təmizlənməsi məsələsi gündəmdədir. İkinci məsələ isə taxılı daşıyacaq ticarət gəmilərinin hansı nəzarətlə hərəkət edəcəyi ilə bağlıdır. İlkin razılaşmaya görə, neytral sulara qədər gəmiləri Türkiyə, İstanbul boğazına qədər isə rus gəmiləri müşayiət edəcək. Lakin rəsmi Kiyev Rusiyaya güvənmir. Hər an ruslar bu gəmiləri girov götürə və ya məhv edə bilərlər.
Digər tərəfdən, rəsmi Ankara Suriyanın şimalında Türkiyənin keçirmək istədiyi hərbi əməliyyatlara başlamaq istəyir. Bu isə rəsmi Moskvanın maraqlarına cavab vermir. Ona görə də Kreml Türkiyəyə müəyyən problemlər yaratmağa çalışır.
Diplomatların fikir mübadiləsi aparacağı mövzulardan biri də budur. O ki qaldı Ankaranın Moskva və Kiyev arasında vasitəçilik missiyasına, bu, göründüyü qədər asan deyil. Anti-Rusiya koalisiyası savaşın uzanmasında maraqlıdır.
Bu səbəbdən Türkiyənin sülhə nail olması çətindir. Rusiya özü də geri çəkilmək niyyətində deyil və belə bir müstəvidə Ankaradan möcüzə gözləmək yersiz olar".