Zahid Oruc:“Zəngəzur dəhlizi perspektivdə daha real görünür”



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Zəngəzur dəhlizi layihəsinin reallaşmasının Ermənistan üçün də vacib olduğunu bildirib. O, münasibətlərin normallaşdırması və inkişaf üçün zəmin yaratmasının hamıdan çox rəsmi İrəvana lazım olduğunu qeyd edib. Xarici siyasət qurumunun rəhbəri vurğulayıb ki, Ermənistandan da bu yöndə bəzi müsbət mesajlar mövcuddur:

"Biz bunları müsbət addımlar kimi görürük... Qonşu ölkələrlə - Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla inkişafın zəminini yaratmaq hamıdan çox Ermənistana önəmlidir. Çünki onun işğalçı və təcavüzkar siyasəti son 30 ildə Ermənistana fəlakətlərdən başqa heç nə gətirməyib. İrəvan bunu anlamalı və düzgün nəticə çıxarmalıdı". C.Bayramov həmçinin Zəngəzur dəhlizi məsələsinin Ermənistanın müxtəlif bəhanələrlə onu uzatmaqda davam etdiyini bildirib.“Ermənistan regionda ən məhdud nəqliyyat vasitələrinə malik ölkədir. Bu səbəbdən sözügedən layihənin (Zəngəzur dəhlizi - red.) həyata keçirilməsi regionun digər ölkələri kimi Ermənistan üçün də zəruridir”.

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc "Sherg.az" açıqlamasında bildirib ki, ölkə rəhbərinin davamlı olaraq, verdiyi müsahibələri məhz regional təhlükəsizlik, münasibətlərin bərqərar olması ilə bağlıdır. Eyni zamanda prezident açıqlamalarında tarixən bölgəyə olmazın müsibətlər gətirən düşmənçiliyin aradan qaldırılması, vətən müharibəsində Azərbaycanın haqlı və legitim qələbəsinin qəbul edilməsi kimi məsələlər üzərində dayanır:

"Azərbaycan 44 günlük müharibənin nəticələrini hər zaman müdafiə etməyə qadirdir. Onsuz da Ermənistanın hərbi, siyasi, iqtisadi gücü qalmayıb. Digər tərəfdənsə real olaraq, tarixən müxtəlif dövlətlərin mərkəzlərinin maraqlarına, mənafelərinə xidmət etmək ermənilərə zərbə vurub. Ona görə də mütləq qarşıdakı dönəmin şərtlərini sadə ermənilərə sanki izah etmək durumunda qalmışıq. Bu, bir faktdır ki, yüz illər ərzində bölgədə hər hansı bir şəraitdə hökmran dairələrin, dövlətlərin marağına xidmət etmək üçün ermənilərin öndə gedən şəxsləri ideya, siyasi planlar hazırlayanlar sərt qərarlar veriblər. 

Bu səbəbdən də onların əhalisinin, vətəndaşlarının başı ağrıyıb. Paşinyan, bəlkə, son iki yüz ildə ilk dəfədir ki, fərqli bir qərar verməyə hazırlaşıq. O, öz millətinin xilaskarına çevrilməyə çalışır. Amma anlamalıdırlar ki, düşmənçilik onlara itkilər, fəlakət, bölgədə nifaq, daimi gərginlik rejimi, iqtisadi proseslərdən kənarda qalmaq kimi tale gətirir. Bundan nə fayda var ki?! Faktiki olaraq, onlar Qarabağdan xüsusi bir nailiyyət qazanmayıblar. Nəinki iki dövlət, heç birini də qura bilməyiblər. Belə şəraitdə 3-cü 5-ci 7-ci dövlətləri nəyə lazımdır?! Axı dövlət ona görə təsis olunur ki, milləti rifaha qovuşdurub, güclü etsin. Həmçinin onun sosial, iqtisadi, siyasi planlarını, ideallarını gerçəkləşdirsin. 

“Dövlət” qurmaq ermənilərin varlığını, milli  mövcudluğunu zərbə altında qoyur. Ona görə də XİN başçısı C.Bayramov Azərbaycanın bu məsələdə prinsipial olaraq, mövqeyini bir daha dilə gətirir. 

Qeyd edir ki, kommunikasiyaların açılması, regionun daha böyük ərazilər, qitələr üzərində spekulyasiya etməsi, layihələrin işlənməsi, logistik fəaliyyətlərin gerçəkləşməsi, ticari əlaqələrin bərqərar olması, iqtisadi münasibətlərin formalaşması özlüyündə Qafqazda bir sülh arxitekturası qurmağa imkan verir.

Z.Oruc hesab edir ki, Zəngəzur dəhlizi və Ermənistan üzərindən bütövlükdə şərq-qərb arasında böyük projelərin gerçəkləşməsi perspektivdə daha real görünür:

"İndiki halda sülhün daimiliyi ilk növbədə ermənilər üçün faydalı ola bilər. Savaş onları hərbi meydanda qırıb, qurtarmağa çatacaq bir prosesdir. Doğrudan da bunu dərk edən insanlar var. Paşinyana səs verənlərin böyük əksəriyyəti, o cümlədən erməni xalqının atası sayılan Levon Ter-Petrosyan az qala ağlayaraq, heç olmasa, indi ağıllanın, deyir. 25 il bundan əvvəl onun yazısına qulaq verməyib, süngüyə taxırdılar. 

Hakimiyyətdən devirənlər ən azından indi anlasınlar ki, Azərbaycan güclənəcək, imkanları genişlənəcək".