2021-ci il iyunun 15-də Azərbayan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik əlaqələri haqqında “Şuşa Bəyannaməsi” imzalanıb. Həmin sənəd 2022-ci ilin fevralın 1-də Azərbaycanda, 3-də isə qardaş Türkiyədə tarixi sənəd kimi rəsmi surətdə ratifikasiya edilib. Bəyannaməyə əsasən, Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfə regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynayır.
Azərbaycan və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq, müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir.
Türkiyəli professor, “Qafqaz Strateji Araşdırmalar” Mərkəzinin rəhbəri Hasan Oktay “Şərq”ə açıqlamasında bildirib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan və Türkiyə arasında imzalanan müqavilələrdə iki ölkənin münasibətlərinin hansı səviyyədə olduğunu göstərə bilən “strateji tərəfdaşlıq” ifadəsindən istifadə olunub:
"Əslində bu ifadə beynəlxalq əlaqələrdəki vəziyyəti ümumiləşdirərək, “dövlətlər arasında qardaşlıq yoxdur, maraqlar var”- deyir. Lakin 2020-ci il sentyabrın 27-də başlayan və 2020-ci il noyabrın 10-da Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra imzalanan “Moskva müqaviləsi” rəsmi Bakının maraqlarına o qədər də xidmət etmirdi. Ona görə də Türkiyə 15 iyun 2021-ci il tarixində "Türkiyə və Azərbaycan Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında “Şuşa Bəyannaməsi" adı ilə bir saziş imzaladı.
Müqavilə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıqla yanaşı, qardaşlıq çərçivəsində olduğunu göstərib. Bundan əlavə, Bəyannamə ilə beynəlxalq hüquqda gücdən istifadəyə icazə verən özünümüdafiə hüququ hərtərəfli tənzimlənir.
“Moskva müqaviləsindəki” çatışmazlıqları tamamlamaq və Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün bağlanmış “Şuşa müqaviləsi”nə görə, tərəflərdən hər hansı birinə qarşı hücum olarsa, qarşı tərəf bu hücumu dəf etməyə kömək edəcək.
“Şuşa Bəyannaməsi”nin iki ölkə arasında münasibətləri “müttəfiqlik” səviyyəsinə yüksəltməsi tarixi əhəmiyyət kəsb edir. Beynəlxalq müqavilənin imzalanması tərəflərdən sazişə uyğun hərəkət etməyi tələb edir. Öhdəliyin pozulmasına dövlət cavabdehlik daşıyır. Bu baxımdan gələcəkdə Türkiyədə və ya Azərbaycanda hakimiyyət dəyişikliyi olsa belə, “Şuşa Bəyannaməsi” ilə verilən “müttəfiqlik” statusu davam edəcək. Əks halda məsuliyyət ölkələrin üzərinə düşür. Ona görə də saziş həm də iki qabaqcıl ölkə arasında yaxşı münasibətlərin qorunub, saxlanmasında “dəstəkləyici güc” xarakteri kəsb edir.
Beynəlxalq hüquq baxımından sazişin məcburi olması üçün daxili və beynəlxalq hüquq çərçivəsində bəzi addımlar atılmalıdır. Daxili qanunvericiliyə görə, dövlətlərin bu prosedurları istədikləri kimi seçmək azadlığı var.
Beynəlxalq müqavilənin Azərbaycan və Türkiyənin daxili qanunvericiliyində məcburi qüvvəyə malik olması üçün parlamentləri onu ratifikasiya etməlidir. Eyni zamanda sazişin qüvvəyə minməsi üçün prezident imzası gərəklidir.
Bu kontekstdə “Şuşa Bəyannaməsi”ni hər iki ölkənin parlamentləri təsdiq edib və prezidentləri imzalayıb, qüvvəyə minib. Məhz buna görə də “Şuşa Bəyannaməsi” beynəlxalq hüququn tələb etdiyi bütün şərtləri yerinə yetirən və adıçəkilən dövlətlər üçün məcburi qüvvəyə malik olan müqavilədir.
Türkiyə Moskva atəşkəs razılaşmasının qeyri-adekvatlığını əsas götürərək, Cənubi Qafqazda Azərbaycanla ölkənin təhlükəsizliyinə zəmanət verən “Şuşa Bəyannaməsi”ni imzalayıb".