Azərbaycan Ordusunun tank bölmələrində sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar həyata keçirilib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tank heyətlərinin ərazidə təbii və süni maneələri dəf edərək, döyüş maşınlarının idarə olunması vərdişlərinin daha da təkmilləşdirildiyi bildirilib. Eyni zamanda atəş hazırlığı üzrə çalışmalarda hədəflərin məhv edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.
Təlimi "Sherg.az"a dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycan Silalı Qüvvələri zəfər çalmış bir ordudur:
"Orduda daim döyüş hazırlığı proqramı tətbiq edilir. Onun əsasında qurulan planlarda bütün istiqamət, sahə və mütəxəssis fəaliyyətləri öz əksini tapır. Əlbəttə, tankçıların ixtisaslarına tam yiyələnməsi, döyüş qabiliyyətini artırması üçün müxtəlif dərslər, məşğələlər, təlimlər təşkil olunur. Bu, silahlı qüvvələrdə daim icra edilən bir prosesdir.
Azərbaycan tankçılarının beynəlxalq yarışlarda final mərhələsinə yüksəlməsi bir daha döyüş, hərbi peşə hazırlığına göstərilən diqqəti ehtiva edir. Hazırda ölkəmiz nəinki hərbi, həmçinin digər sahələrdə keçirilən müsabiqələrdə, yarışlarda da öz sözünü deyir. Bu kontekstdə özünəməxsus dəsti-xətti olan bir ordu qüvvələri kimi seçilirik. Məlum olduğu kimi, dövlətimizin bütün hərbi texnikaları müasir standartlara cavab verir.
Ona görə də hərbi qulluqçularımız tanklardan peşəkarca istifadə qaydalarını mənimsəmək üçün müəyyən mərhələləri sadədən mürəkkəbə doğru keçməlidir. Məşğələlər ayrı-ayrı mütəxəssislər və peşələr üzrə reallaşdırılır. Düşünürəm ki, qarşıda qoyulan tapşırıqlara və məqsədlərə tankçılar nail olacaq, məharətlərini göstərəcəklər".