Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.
Ölkə başçısı İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Əvvəlcə xatirə fotosu çəkdirilib. IX Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin sözü dövlətimizin başçısına vedib. Prezident İlham Əliyev Forumun açılış mərasimində nitq söyləyib.
Sonra Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa, Albaniyanın Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç, Gürcüstan Prezidenti Salome Zurabişvili, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Abul Qeyt və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin çıxış ediblər.
Forum işini panel iclaslarla davam etdirilib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.
Panellər formasında təşkil olunacaq tədbir çərçivəsində bir sıra vacib məsələlər barədə müzakirələr öz əksini tapacaq. Bakı Qlobal Forumu Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı ilə müqayisə edilərək, eyniləşdirilir.
Millət vəkili, siyasi analitik Arzu Nağıyev "Sherg.az"a açıqlamasında bildirib ki, 9-cu Qlobal Bakı Forumunun Azərbaycanda keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir:
"Bakının belə Forumlara ev sahibliyi etməsi təqdirəlayiq addımdır. Dünyada da çox müsbət qarşılanır. Baş tutan Forumda təkcə regional məsələlər deyil, həmçinin qlobal problemlərin həlli istiqamətində də müzakirələr aparılır. Davos İqtisadi Forumu isə iqtisadi mövzular sahəsi üzrədir.
Əsas məqam isə 50-dən artıq dövlətin nümayəndələrinin iştirakı ilə Azərbaycanın böyük bir platformaya çevrilməsidir.
Burada hər bir dövlət özünün problemləri ilə bağlı fikir mübadilələri aparır. Həmçinin istiqamətə uyğun digər iştirakçılardan, nümayəndələrdən də müvafiq töhfələr alır. İştirakçılar əsasən, siyasəti, iqtisadiyyatı, təhlükəsizlik məsələlərini bilən mütəxəssislərdən ibarətdir. Eyni zamanda Forumun ölkəmizdə keçirilməsi Azərbaycana olan böyük maraqdan irəli gəlir.
Digər tərəfdən isə birmənalı olaraq, iştirakçıların təhlükəsizliyinə tam şəkildə zəmanət verilir. Dünyaca məşhur şəxslərin məhz burada olması da çox vacib nüansdır".