Zamanında boğazımızı çox yırtdıq ki, İP xatirinə bu ölkənin müqəddəslərini gözdən salmayın. Səməd Vurğuna "vətən xaini" damğasını vurmayın. "Ulutürk qışqırır" deməyin. "Sabir nə yazıb ki?", "Mirzə Cəlil cümləmin vergülünü də qoya bilməz” illuziyasından uzaq durun. Əsərlərini, poemalarını, yaradıcılıqlarını müzakirə və ya tənqid edin. Amma bu xalqın müqəddəslərini ayaqlar altına sərməyin. Onları təhqir edib xalqın təhtəlşürunu zədələməyin.
Cəmiyyəti tapındığı, söykəndiyi dayaqlardan qoparmayın. Qopardınız! İndi də gündə 50 Feysbuk statusu yazırsınız ki: - İnsanlar məni niyə söyür?! Əlinizə külli - ixtiyar keçəndə bu xalqın dəyərlərini sağdan-sola, soldan –sağa, baltalandınız, qiymətdən saldınız. İnsanlar söykənmək üçün heç bir mədəni irs tapmadı və mədəniyyətimiz korrupsiyalaşdı. Mədəniyyətin korrupsiyalaşması isə birbaşa söyüşə taybatay qapı açmaqdır.
Söyüş isə xalq yox, kütlə formalaşdırır. Kütləni yaratdınız, indi qabağında durun kütlədən doğan marazmın. Hər bir millət öz dəyəri ilə xalqa çevrilir. Siz isə o dahiləri, mayakları insanların beynindən zorla “abort etməyə” çalışdınız. Görürsünüzmü, hələ diriykən söyülməyinizə -söyüşün qəti əleyhinəyəm- dözmürsünüz, amma o rəhmətliklərə "vətən xaini" ayaması yapışdırıb, media quruluşlarınızda tirajlayırdınız.
Ən dəhşətlisi də budur ki, cəmiyyətin, ölkənin, xalqın az qala inanc, güvən yerlərinə çevrilmiş “qızıl fond”larımızı “dejurnu” mövzuya çevirib “qamçıladınız”. Cəmiyyətin mənəvi, inttelektual immunitetini deqradasiyaya uğratdınız. Çəkin, sancısını! Sizə hələ bu da azdır! Fransız şair, yazıçı, siyasətçi, jurnalist, sosioloq, psixoloqlarla real, virtual debat və polemikalarımız olur.
Birini görmədim ki, Fransa cəmiyyətinin dəyər hesab etdiyi nəsnələri təhqir etsin, aşağılasın. Amma sizin kimi ömrü boyu xəstə inəyinin ölümündən kədərlənib cızma-qara edənlər durub ucaları təhqir etdi. Lümpenlərə meydan verdiniz. Mədəniyyət qalalarımızın sütunlarını laxladıb, kərpic-kərpic uçurdunuz. İndi də sığınmağa qala gəzirsiniz. Hər addımda isə mağaraya rast gəlirsiniz.
P.S. Milli yaddaş itəndə, insanların beyni çoxsaylı çala-çuxur olan yola çevrilir. Kİ, həmin çökəkliklərə də xarici “dəyərlər” axıb dolur və xırd-xırda gölməçələr yaradır. O gölməçələr də zamanla gölə çevrilir və sonra kişi qadını deyil, qadın kişini başqa bir kişi ilə intim münasibət anında yaxalayır. O da xanıma “Çıx çölə, çıx çölə” deyib, sonra da təpiyinin altına salır. Ardınca da “Tik-Tok” istifadəçiləri ona dair mərəz dolu videolar hazırlayıb hırıldaşırlar. Allah şəfa versin!